Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatı necə formalaşdı, ölkəyə xarici kapital hansı formada cəlb edildi?
Hazırda Azərbaycan iqtisadiyyatı rəqabətə davamlıdırmı? Dünya iqtisadiyyatında baş verən proseslər fonunda ölkənin rəqabət qabiliyyətini necə artırmaq olar?
FED.az xəbər verir ki, bu məsələlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfinjdən keçirilən «Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu» mövzusunda elmi konfransda müzakirə edilib.
Heydər Əliyevin 100 illiyinə həsr olunan konfransda İqtisadiyyat Nazirliyi və Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və digər dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının rəhbərləri iştirak edib.
FED.az xəbər verir ki, mövzusuna görə, ilk baxışdan Heydər Əliyevin iqtisadi siyasətinə tarixi ekskursu nəzərdə tutan konfrans, əslində olduqca maraqlı müzakirələrlə yadda qaldı. Burada hazırda ölkədə hazırda rəqabətli biznes mühitinin yaradılması üçün atılan addımlar və planlar açıqlanıb, məhkəmə hüquq sisteminin bu sahədəki rolu müzakirə edilib.
Eləcə də tədbirdə dünya və Azərbayan iqtisadiyyatındakı meyllər, o cümlədən rəqəmsal iqtisadiyyatının dünyadakı iqtisadi proseslərə təsiri və bu sahədə haqsız rəqabətə qarşı mübarizə məsələləri ilə bağlı təqdimatlar keçirilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Heydər Əliyevin azad rəqabət mühitinin formalaşması ilə nəticələnən iqtisadi strategiyasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Heydər Əliyev tərəfindən müəyyən edilən strateji inkişaf konsepsiyasının həyata keçirilməsi Azərbaycanda azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun iqtisadi sisteminin yaradılmasına və inkişafın təmin olunmasına mühüm əsaslar yaratmışdır.
Rəqabətin iqtisadiyyatda önəminə diqqət çəkən Xidmət rəisi vurğulayıb ki, məhz 90-cı illərin ikinci yarısından etibarən “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə antiinhisar qanunvericiliyinin formalaşması təmin olunub.
M.Abbasbəyli hazırda dövlət başçısı İlham Əliyevin rəhğərliyi ilə həyata keçirilən iqtisadi islahatlara toxunub. Bildirib ki, bu islahatlar nəticəsində ölkə rəhbərliyi tərəfindən milli iqtisadiyyatın davamlı inkişafı məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub.
Sənəddə öz əksini tapan 5 prioritetdən biri də məhz dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır ki, onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir.
Xidmət rəisi ölkə biznesinin və potensial investorların maraqla gözlədiyi Yeni Rəqabət Məcəlləsi layihəsi barədə son vəziyyəti də açıqlayıb. Tədbirdə qeyd edilib ki, sənədin yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə çıxarılması gözlənilir. Qəbul edilməsi gözlənilən Məcəllə rəqabəti və azad sahibkarlığı təşviq etməklə iqtisadiyyatın inkişafını, istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcəkdir.
İqtisadiyyat nazirinin müavini, Sahib Ələkbərov çıxışında qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkəmizdə siyasi və makroiqtisadi stabillik əldə edilib ki, bu da iqtisadi islahatların reallaşdırılmasına güclü zəmin yaradıb.
Bildirilib ki, azad bazar iqtisadiyyatının təşəkkül tapması ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, özəl sektora dövlət dəstəyi gücləndirilmiş, ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı, azad rəqabət mühiti təmin edilmiş və əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisinin deputatı Ziyad Səmədzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müavini Sənan Tapdıqov çıxış ediblər.
Elmi konfrans “Yeni Azərbaycan iqtisadiyyatında rəqabətlilik” mövzusunda panel sessiyası ilə davam edib. Milli Məclisin deputatı Zahid Oruc və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərovun da qatıldığı müzakirə sessiyasında Dövlət Xidmətinin nümayəndələri “Qloballaşan dünyada rəqabət iqtisadiyyatı və iqtisadi inkişaf” və “XXI əsrdə rəqabət iqtisadiyyatı: müasir tendensiyalar və problemlər” mövzularında təqdimatlarla çıxış ediblər.