Azərbaycanda inflyasiyanın səviyyəsi ilə bağlı vəziyyət açıqlanıb.
FED.apz biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2024-cü ilin iyul ayında istehlak qiymətləri indeksi 2023-cü ilin iyul ayına nisbətən 102,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,0 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,3 faiz təşkil edib.
Başqa sözlə, iyul ayının nəticələrinə görə, ölkədə illik inflyasia 2,7% təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı 2%, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 4,3 faiz təşkil edib.
Qeyd edək ki, bu, 2024-cü ildə qiymət artımının ən yüksək həddidir. Belə ki, rəsmi rəqəmlərə əsasən yanvar ayından başlayaraq ölkə iqtisadiyyatı olduqca zəif inflyasiya şəraitində fəaliyyət göstərib.
DSK-nin məlumatlarına görə, illik qiymət artımı
Yanvar ayında 1,7 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında 0,7 faiz, qeyri-qida məhsullarında 1,7 faiz, xidmətlərdə isə 3,2 faiz təşkil edib.
Fevral ayında 0,8 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında mənfi -0,3 faiz, qeyriqida məhsulları 1,4 faiz, xidmətlərdə isə 2,3 faiz təşkil edib.
Mart ayında 0,4 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında mənfi – 1,1 faiz, qeyri-qida məhsullarında 1,1 faiz, xidmətlərdə 2,2 faiz təşkil edib.
Aprel ayında 0 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında mənfi - 1,8 faiz, qeyri-qida məhsullarında 0,9 faiz, xidmətlərdə 2,0 faiz təşkil edib.
May ayında 0,3 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında mənfi - 1,4 faiz, qeyri-qida məhsullarında 1 faiz, xidmətlərdə 2,2 faiz təşkil edib.
İyun ayında 1,1 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında 0,2 faiz, qeyri-qida məhsullarında 1 faiz, xidmətlərdə 2,4 faiz təşkil edib.
Nəhayət, iyul ayında isə qiymət artımı 2,7 faiz, o cümlədən qida, içki və tütün məmulatlarında 2 faiz, qeyri-qida məhsullarında 1,7 faiz, xidmətlərdə 4,3 faiz təşkil edib.
Göründüyü kimi, 2024-cü ilin ötən dövrlərində bəzən qiymət artımı sıfıra enib, qida məhsullarında isə hətta deflyasiya – qiymətlərin azalması müşahidə edilib.
Qeyd edək ki, hökumətin və Mərkəzi Bankın proqnozlarında qiymət artımı üçün hədəf dəhlizi 2-4% nəzərdə tutulub. İnflyasiyanın bundan aşağı olması biznesin fəaliyyətinə çətinlik yaradır, iqtisadi inkişafa mane ola bilər. Belə ki, bu il ərzində bir neçə dəfə müşahidə olunmuş qiymət azalmaları həmin məhsulların istehsalçılarına mənfi təsir edir. Qiymət artımının hədəfdə nəzərdə tutulan həddən daha artıq olması isə əhalinin rifahına mənfi təsir göstəri bilər.
Rəqəmlərdən göründüyü kimi, iyul ayında qiymt artımı optimal həddə çatıb. Bura yanacağın qiymətinin artması ilə bağlı qərar da təsirini göstərib.