Koronavirus pandemiyası və bütün dünyada tətbiq edilən məhdudlaşdırıcı tədbirlər iqtisadi prosesləri faktiki olaraq dayandırıb. İstehsal, satış, xidmət fəaliyyəti göstərən təşkilatların əksəriyyəti fəaliyyətini dayandırıb, alıcı aktivliyi kəskin azalıb.
FED.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xatırladır ki, yanvar-aprel aylarında ölkədə iqtisadi artım cəmi 0,2% olub, bu göstəricinin daha da azalacağı və mənfiyə keçəcəyi gözlənilir. Ayrıca götürülən aprel aynıda isə kəskin – 28% iqtisadi geriləmə olub. Məhdudlaşdırma tədbirlərinin bir qədər yumşaldılması bəzi sahələrə - satış, restoran-kafe, nəqliyyat və sair – müsbət təsir etsə də, mütəxəssislər bunun qənaətbəxş olmadığını deyir.
Hələlik problemlərin nə vaxtadək davam edəcəyi və iqtisadiyyatın nə vaxt tam bərpa olunacağı məlum deyil.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev FED.az-a bildirib ki, postpandemiya dövründə istər Azərbaycanda, istərsə də dünyada biznesin inkişafı və dirçəlməsi mərhələli şəkildə davam edəcək: “Birdən-birə böyük iqtisadi inkişaf tendensiyalarına rast gəlmə ehtimalı azdır. Bunu şərtləndirən səbəb postpandemiya dövründə karantin rejiminin zəruri prosesində ölkələrin bir-birindən fərli mövqe tutmasıdır. Bəzi ölkələrdə koronavirus pandemiyası öz başlanğıc dövrünü yaşadığına görə, orada karantin rejiminin sürətlənməsi prosesi gedir. Bəzi ölkələrdə pandemiya dövrü artıq nəzarətə götürülüb. Bu da biznesin fəaliyyətinin əhatə dairəsinə təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycanın 152-yə yaxın ölkə ilə ticarət əlaqəsi var, bu iqtisadi canlanma ölkəmizə də təsir göstərəcək. O cümlədən digər beynəlxalq səviyyəli iri kooperasiyaların öz filiallarını bərpa etməsi uzun çəkəcək”.
Ekspert qeyd edib ki, postpandemiya dövründə karantin rejimi yumşalsa da, davam edir: “Görünən odur bu, uzunmüddətli dövrü əhatə edəcək. Ona görə də yumşalmış formada da olsa, məhdudiyyətlərin qalması bir sıra sektorların inkişafına təsir göstərəcək. Məsələn, turizm sektoru, idman oyunları, böyük tədbirlərin, konfransların təşkili və.s biznesə təsir göstərir. Bu məhdudiyyətlərin müəyyən müddət qalması iqtisadi aktivliyi ləngidir”.
Ruslan Atakişiyevin sözlərinə görə, dünyada karantin rejiminin zəiflədilməsi çərçivəsində karantin vəziyyəti standartları formalaşdırılıb: “Artıq Böyük Britaniyada karantinlə bağlı standartlar formalaşıb ki, onun həcmi 50 səhifəyə yaxındır. Türkiyədə də karantin rejiminin yumşaldılması çərçivəsində müəyyən standartlar formalaşıb. Bu standartlarda əsasən açılan iaşə obyektlərinin necə fəaliyyət göstərmələri və yaxud da hər hansı bir istehsal müəssisəsinə işçilərin necə daxil olması barədə təlimatlar olur. Məsələn, əgər restoran açılırsa, müştəri sıxlığı, təmizlik işləri və digər xidmətlər tənzimlənir. Bütün bu standartları öyrənib həyata keçirmək sahibkarlıq subyektləri üçün yeni fəaliyyət dövründə əlavə xərclər formalaşdırır. Bu məqamlar da iqtisadi inkişafın sürətinə mənfi təsir edən amillərdir”.
Analitik hesab edirik ki, karantin rejimindən fərqli olaraq, postpandemiya dövründə iqtisadiyyat durğunluq yox, canlanmaya doğru gedir: “Canlanma dirçəliş deyil, iqtisadiyyat özünə gəlməlidir ki, nə şəkildə inkişaf edəcəyi müəyyən olsun. Karantinin güclü dövrü sahibkar üçün dumanlı idisə, indi duman bir az çəkilib. Artıq sahibkar bilir ki, karantin rejiminin yumşalmış qaydalarına riayət etməlidir və bu riayət çərçivəsində öz biznesini qurmalıdır. Artıq strategiyalar buna uyğun işlənilməlidir. Hesab edirik ki, canlanma prosesi uzun vaxt aparacaq. Hətta dünya səviyyəsində bunun 2 ilə qədər vaxt aparması proqnozlaşdırılır”.
Ruslan Atakişiyev deyir ki, ayrı-ayrı sektorlar üzrə iqtisadi aktivlik daha tez müşahidə olunacaq: “Hazırda tibbi ləvazimatların, müxtəlif dərmanların, qoruyucu vasitələrin, o cümlədən dezinfeksiya məhsullarının istehsalı sahəsində inkişaf gedir. Ərzaq və kənd təsərrüfatı sektorunda da geniş imkanlar var. Karantin rejimində bu sektorlar üçün daha əlverişli şərait yarandı”.
Ekspert iqtisadi aktivliyin nisbətən gec müşahidə olunacağı müxtəlif sahələrdən də danışıb: “Müxtəlif firmalar tərəfindən təşkil olunan kütləvi toplantıların, ad günlərinin, toy mərasimlərinin keçirilməsi üçün məhdudiyyətlər qaldığına görə, bu sektora dəymiş zərər hələ də davam edəcək. Bu sektorlar özləri ilə bərabər böyük bir sektoru əhatə edir. Hətta deyərdim ki, qida sektoruna təsir edən amillərdən biri də şadlıq saraylarıdır. Çünki kütləvi tədbirlərdə daha çox qida istehlak olunur. Bununla yanaşı beynəlxalq yük və sərnişin daşımalarının fəaliyyətində də qeyri-müəyyənlik var. Hələlik sərnişin daşıma istiqamətində reyslərin bərpa olunması sual altındadır. Eyni zamanda beynəlxalq idman oyunlarının təşkili də dayanıb. Ümumiyyətlə, idman, futbol oyunları dünyanın ən aparıcı biznesi sektorlarından biridir. Bu sektorların birinin zəif inkişaf etməsi, digər sektorlara da birbaşa və ya dolayı yolla mənfi təsir edir”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn FED.az-a bildirib ki, iqtisadi nəzəriyyələrinə əsasən iqtisadi inkişaf qanunauyğunluqları 4 fazadan keçir: resessiya, iqtisadi dib, genişlənmə və pik: “Burada əsas məsələ ondan ibarətdir ki, istənilən iqtisadi quruluş öz inkişaf mərhələsində mütləq bu dörd fazadan birində fəaliyyət göstərir. Hazırda qlobal iqtisadiyyat resessiya fazasına qədəm qoyub. Qlobal iqtisadiyyatın bərpası isə əsasən iki məsələdən asılı olacaq. Bunlarda birincisi cari ilin payızda koronavirus pandemiyasının ikinci dalğasının baş verib-verməməsi, ikinci isə bu virusa qarşı peyvəndin tapılıb-tapılmaması ilə bağlıdır. Peyvənd nə qədər tez tapılarsa, bu, qlobal iqtisadiyyatın bərpasına bir o qədər müsbət təsir göstərər. Hazırda qlobal iqtisadiyyatın 2021-ci ilin ikinci yarısından etibarən bərpa olunacağı ilə bağlı proqnozlar var”.
Azərbaycana gəldikdə isə mütəxəssis bildirib ki, bu ilin 4 ay ərzində ÜDM-də 0,2 faizlik artım qeydə alınıb: “İndiki şəraitdə ölkəmizdə pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizənin iki mərhələdə olacağını deyə bilərik. Belə ki, hazırda böhranın dərinləşməsinin qarşısı alınır. Məhz “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən Tədbirlər Planını da buna xidmət edir. Bu tədbirlər planı həm də iqtisadiyyatın bərpası ilə bağlı tədbirləri özündə ehtiva edir. İqtisadiyyatın bərpası üçün aşağı vergi dərəcələri, ucuz maliyyə və tələbi yaradan bazarlara çıxış vacibdir”.
Ramil Hüseyn həmçinin onu da qeyd edib ki, qarşıdakı müddətdə tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesinin inkişafı da prioritet olacaqdır: “Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində pandemiyadan sonrakı dövrdə Azərbaycanda iqtisadi artımımla bağlı tədqiqatlar aparılır. Həmçinin müxtəlif ssenarilər əsasında pandemiyanın iqtisadiyyata təsiri də qiymətləndirilməyə çalışılır. Məsələn, birinci ssenaridə pandemiya şəratində sərhədlərin nisbətən qısa müddətdə bağlı qalmasının turizm sektoruna və onun əlaqəli digər sektorlara təsiri qiymətləndirilir. Digər ssenaridə isə sərhədlərin nisbətən uzun müddətdə bağlı qaldığı təqdirdə bunun turizmə və onun əlaqəli sektorlara təsiri qiymətləndirilir. Bu təhlillərlə bağlı ictimaiyyətə də müvafiq məlumatlar veriləcək. Ümumiyyətlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində aparılan təhlillər onu göstərir ki, Azərbaycanda “V” formalı iqtisadi artım realalşacaq və pandemiyadan sonrakı dövrdə ölkəmizin iqtisadi artım uzunmüddətli olacaq”.