Azərbaycanda içməli su sahəsində itkilərin dərəcəsi 40-45 faizə çatır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə prezident İlham Əliyev, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışında bildirib. Prezident bildirib ki, buna görə də əsas məsələlərdən biri itkiləri azaltmaqdır:
«Bu gün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır»-deyə dövlət başçısı bildirib.










