Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatından məlum olur ki, ölkədə muzdla çalışanların böyük hissəsi dövlət büdcəsindən asılıdır. FED.az xəbər verir ki, rəsmi məlumatlarda iqtisadiyyatda özəl sektorun payının 80%-dən yuxarı olduğu bildirilsə də, işçi sayında qüvvələr nisbəti dövlət sektorunun xeyrinədir. Belə ki, bu gün Azərbaycan iqtisadiyyatında çalışan 1,5 milyon nəfər muzdlu işçinin yarıdan çoxu dövlət sektorunun, daha az hissəsi özəl sektorun payına düşür.
DSK-nin 2018-ci ilin yanvar-sentyabr aylarının nəticələri üzrə açıqladığı hesabata görə, hazırda ölkədə 1 milyon 540 min nəfər muzdlu işçi (əmək müqaviləsi ilə işləyən) çalışır. Bunlardan 57,1 faizi və ya 880.4 min nəfəri dövlət sektorunun, 42,9 faizi və ya 659,9 min nəfəri isə özəl sektorun payına düşür. DSK bildirir ki, dövlət sektorunda orta aylıq əmək haqqı 429,3 manat, özəl sektorda isə orta aylıq əmək haqqı 692,6 manat təşkil edir.
Halbuki, Azərbaycanla iqtisadi-sosial durumu yaxın olan Gürcüstan və Macarıstanda işçi sayı fərqi özəl sektorun xeyrinədir. Gürcüstanda muzdla çalışanların 16,6 faizi, Macarıstanda isə yalnız 3 faizi dövlət sektorunda çalışır.
İqtisadi Təşəbbüslərə Yardım İB-nin ekspert Samir Əliyev FED.az-a bildirdi ki, Azərbaycanda dövlət sektorunda çalışan işçilərin sayının özəl sektora nisbətən çox olmasının bir neçə səbəbİ var. Onlardan birincisi özəl sektorda şəffaflığın olmamasıdır. S.Əliyevə görə, bu gün özəl sektorda çalışanların heç də hamısı muzdlu işçi kimi qeydiyyata alınmır, ona görə də rəsmi hesabatlarda dövlət işçilərinin sayfı daha çox görünür.
İqtisadçı ikinci bir səbəb kimi dövlət qurumlarının sayının çox olmasını göstərir. “Belə qurumların sayı durmadan artıq. Azərbaycanda dövlət bir çox funksiyaları, hətta özəl sektorun görməli olduğu işi də öz üzərində götürüb. Özəllə müqayisədə dövlət təşkilatlarında çalışanların hamısı qeydiyyata alınır. Ona görə də, dövlər sektorunda ştatlar daha çox görünür”.
“Dövlətin özü təkcə tənzimləyici funksiyanı daşımır, eyni zamanda idarəetmədə birbaşa iştirak edir. Bu isə özəl sektorda rəqabət mühitini pozur. Çünki dövlət öz üstünlüyündən istifadə edir”-ekspert vurğulayır.
İqtisadçı bildirir ki, dövlət sektoru öz yükünü özəl sektora təhvil verməlidir: ”Dövlət ən pis idarəçi hesab olunur. Çünki şəffaflıq və səmərəlilik aşağı düşür. Şişirdilmiş işçi ştatları ilə dövlət büdcəsinə yük olurlar. Məsələn, kommunal sektorda tariflərin qalxmasının bir səbəbi dövlətin bu sahəni düzgün idarə etməməsidir. Əlavə ştatlar saxlamaqla əsassız xərclər yaranır və kommunal xidmətlərin maya dəyərini yüksəldir”.
Qeyd edək ki, DSK-nin məlumatlarına görə, bəzi sahələrdə dövlət işçilərinin sayı özəl sektoru qat-qat üstələyir. Məsələn, təhsil sektorunda dövlətdə çalışanların sayı 320,2 min nəfər olduğu halda, özəl sektorda bunların sayı 7,4 min nəfərdir. Səhiyyədə isə dövlət sektorunda 119,4 min nəfər, özəldə 11,9 min nəfər çalışır. Başqa sözlə bu iki sahədə dövlət sektorunda 440 min nəfər işlədiyi halda, özəl sektorda çalışanların sayı 19,3 min nəfər, yəni təqribən 23 dəfə artıqdır.
Dövlət Statistika Komitəsini də hesabatına əsasən, muzdla işləyənlərin 22 %-i təhsilin, 19.1%-i ticarətin, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və sair iqtisadiyyatın digər sferalarının payına düşür.
Onu da qeyd edək ki, ölkədə orta aylıq əmək haqqı 541 manat olsa da, dövlət sektorunda maaşlar daha aşağıdır – orta aylıq əmək haqqı 429,3 manatdır. Özəl sektorda isə orta maaş daha yüksəkdir – 692,6 manat.
Qonşu Gürcüstanda isə işçi sayında olduğu kimi, dövlət-özəl setorların maaşlarında da vəziyyət Azərbaycandakından fərqlənir. Belə ki, Gürcüstanda ölkə üzrə orta orta aylıq əmək haqqı isə 414 dollar olsa da, dövlət işində çalışanlarda bu göstərici 500 dollar civarındadır.
Eskpert Samir Əliyev deyir ki, Azərbaycanda bu gün işsizliyi büdcə təşkilatları hesabına həll etməyə çalışırlar. Amma ölkə iqtisadiyyatının neftdən asılı olduğunu düşünsək, bu olduqca riskli bir idarəetəmədir.
«Bu gün neftin hesabına bu qədər işçini saxlamaq olur. Amma neft hasilatı kəskin azalsa, qiymətlər aşağı düşsə, bu işçiləri saxlamaqda problem yarana bilər. Belə olan halda ya vergilər qalxmalıdır, ya da ixtisarlar getməlidir. Bunun baş verməməsi üçün özəl sektorun inkişafına əlverişli mühit yaradılmalıdır ki, daha çox işçi qüvvəsini işə qəbul edə bilsin»-S.Əlieyev vurğulayır.