Azərbaycanda elektronika və məişət texnikası satan sahibkarlıq subyektlərinin internet səhifələrində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər könüllü aradan qaldırılıb.
Azərbaycanda “Hyundai” avtomobili satan “Auto Azərbaycan” haqsız rəqabət yaradıb – MÜŞTƏRİLƏRƏ ŞƏRT QOYURMUŞ, ZƏMANƏTİ ŞƏRTLƏ VERİRMİŞ - AŞKAR EDİLDİ
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçıları olan - “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İntegral” QSC (“Maxi” mağazalar şəbəkəsi), “İrşad Electronics” MMC, “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” MMC və “Ultratek” MMC-nin (“Texnomart” mağazalar şəbəkəsi) internet səhifələrinə baxış keçirilib. Nəticədə, “ABC Telecom”, “Baku Electronics”, “İrşad Electronics”, “Power On”, “Soliton LTD” və “Ultratek”in zəmanət şərtlərinin, habelə malların dəyişdirilməsi və qaytarılması zamanı tətbiq edilən şərtlərin istehlakçıların hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdırdığı müəyyən edilib.
Yuxarıda göstərilən hallarla bağlı həmin sahibkarlıq subyektlərinə fəaliyyətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. Həmin məktublarda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə qüvvədə olan qanunvericilik aktlarının müddəaları diqqətə çatdırılıb. Qeyd edilən sahibkarlıq subyektləri istehlakçı hüquqlarını məhdudlaşdıran halları könüllü olaraq aradan qaldırıb və bunu Dövlət Xidməti nəzərə alıb.
Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və bu şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə istehlakçı həmin zərər məbləğinin təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
İstehlakçılar qanunvericiliklə təminat verilən hüquqlarının pozulması, yaxud onları məhdudlaşdıran hallarla üzləşdikləri halda, Dövlət Xidmətinə internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı ([email protected]), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.