Sentyabrın 9-11-də Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycana ticarət-iqtisadi missiyası baş tutub, iki ölkənin biznes strukturları arasında $32,9 milyon dəyərində müqavilələr imzalanıb.
Eləcə də bax: Qazaxıstandan Azərbaycana pul köçürmələrinin - Həcmi Artıb
“Ticarət-iqtisadi missiyada Qazaxıstanın qida məhsulları, metallurgiya və metal emalı, İT xidmətləri, inşaat və maşınqayırma sənayesi sahəsində fəaliyyət göstərən 19 əmtəə istehsalçısı, Azərbaycan tərəfindən isə 70-dən çox alıcı şirkət iştirak edib”, - deyə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin saytında məlumat verilib.
FED.az xəbər verir ki, Qazaxıstanın əmtəə istehsalçıları üçün iki ölkənin milli şirkətlərinin və işgüzar dairələrinin iştirakı ilə B2B formatında ikitərəfli danışıqlar, Azərbaycanın iri ticarət şəbəkələri və distribütorları ilə görüşlər təşkil olunub.
Danışıqların və görüşlərin sonunda bir sıra ixrac müqavilələri və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Xüsusilə azərbaycanlı tərəfdaşlarla lokomotiv, metal çəllək, mebel, duz, qənnadı məmulatları və s. tədarükünə dair razılıq əldə olunub.
“Bakıda bağlanmış müqavilələrin ümumi dəyəri $32,9 milyon təşkil edib. İş adamları öz məhsullarının Azərbaycana tədarükü ilə bağlı danışıqlar prosesini davam etdirirlər”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, “Qaztrade” SC-nin baş direktoru Azamat Askarulı və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Yusif Abdullayev ticarət siyasətinin inkişafı çərçivəsində memorandum imzalayıblar. Analoji memorandum “Qaztrade” SC ilə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) ilə də imzalanıb.
Askarulı qeyd edib ki, B2B formatında görüşlər Qazaxıstanın digər ölkələrlə ticarət-iqtisadi əməkdaşlığının möhkəmləndirilməsinə imkan verir.
“Qazaxıstan iş adamlarına Azərbaycan bazarı maraqlıdır. Qazaxıstan mallarına Azərbaycan bazarında, Azərbaycan mallarına isə Qazaxıstanda tələbat olsa da, qarşılıqlı ticarət potensialının heç yarısı da istifadə edilmir. Biz üçüncü ölkələrin bazarlarını da birlikdə öyrənə bilərik. Üstəlik, bizim ərazilərimizdən mühüm beynəlxalq nəqliyyat dəhlizləri keçir”, - deyə o vurğulayıb. (İnterfaks)