Azərbaycanda qida istehsalı ilə məşğul olan sahibkarlar və şirkətlər daxili bazarın qoruması üçün ölkəyə xaricdən heyvan və ət məhsullarının idxalına nəzarətin sərtləşməsini istəyirlər.
FED.az xəbər verir ki, bu və sair məsələlər Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin üzvləri ilə görüşündə müzakirə edilib.
Qeyd edək ki, indiyədək bu sahələr üzrə ayrı-ayrı assosiasiyalar olsa da, hazırda Qida və İçki istehsalçıları bir qurumda birləşib.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxslərinin və ölkənin aparıcı qida və içki istehsalı şirkətlərinin rəhbərlərinin iştirak etdiyi görüşdə qida və içki sektorunun inkişafına dəstək mexanizmləri, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Nazir bu sahəyə dövlət dəstəyi barədə məlumat verərək, eyni zamanda qurumun üzvləri olan şirkətlərin yerli və beynəlxalq sərgilərdə davamlı iştirakının vacibliyini vurğulayıb.
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari qurumun fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, Assosiasiyanın əsas məqsədi qida və içki sənayesində fəaliyyət göstərən sahibkarların maraqlarını qorumaq və bu sektorun inkişafına nail olmaqdır. O xatırladıb ki, Assosiasiyada ölkəmizdə fəaliyyət göstərən qida və içki istehsalı üzrə ixtisaslaşmış sənayeçilərin, pərakəndə satış, idxal və ixracla məşğul olan sahibkarlar birləşir.
Sahibkarlarla nazirin görüşündə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, daxili bazarın qorunması məqsədilə heyvan və ət məhsullarının idxal şərtlərinin sərtləşdirilməsi və yerli ət kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinə nəzarətin gücləndirilməsi müzakirə edilib.
Eləcə də Azərbaycanın ət emalı məhsullarının Rusiya bazarlarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq tapşırıqlar verilib.