Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzaladı.
Qarabağda işləyən şirkətlərə - VERGİ GÜZƏŞTLƏRİ – SİYAHI AÇIQLANDI
FED.az xəbər verir ki, fərmanda deyilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500,0 (beş yüz) milyon manat kredit portfeli 450,0 (dörd yüz əlli) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir;
2.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirsin;
4.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq faiz subsidiyasının verilməsi üçün tələb olunan vəsaitin 2023-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin, habelə həmin vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərdə tutulması məqsədilə tədbirlər görsün.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. “Elektron kredit və zəmanət” informasiya sisteminin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün;
5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görsün.
6. Azərbaycan Biznesinin İnkişafı Fondu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Biznesinin İnkişafı Fondunun bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydadan irəli gələn səlahiyyətləri Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən həyata keçirilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567; 2020, № 1, maddə 5; 2021, № 11, maddə 1211; 2022, № 5, maddə 447) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-3-cü bənd əlavə edilsin:
“1.2-3. Bu Qaydanın müddəaları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.”.