Asiyanın böyük maliyyə qurumlarından olan Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir.
FED.az xəbər verir ki, bu məsələ Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Konstantin Limitovski ilə görüşündə müzakirə edilib.
Nazirliyin məlumatına görə, görüşdə E.Əliyev Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması üzrə fəaliyyətini, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyətini vurğulayıb. O, Bankla Cənub Qaz dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu və digər nəqliyyat-tranzit və logistika layihələri çərçivəsində əməkdaşlığa dair fikirlərini bölüşüb.
AİİB-in investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AİİB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.
FED.az xəbər verir ki, baş ofisi Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən və nominal nizamnamə kapitalı 100 milyard dollar olan Asiya İnfrastruktur İnvestisiya Bankı 2014-cü ildə yaradılıb və dünyanın 106 ölkəsindən səhmdarları mövcuddur. 2022-ci ilin nəticələrinə görə, Bankın aktivlərinin həcmi 47,4 milyard dollar, ödənilmiş nizamnamə kapitalı isə 20,5 milyard dollar təşkil edir. Bank 2022-ci ili 263 milyon dollar mənfəət əldə edib.
Asiya Bankı olmasına baxmayaraq Asiya İnfrastruktur İnvestisiya Bankının üzvləri arasında çoxsaylı Avropa və Amerika ölkələri, o cümlədən Avstriya, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, eləcə də İsrail var.
Bankın ən böyük səhmdarları Çin - 298 min səhm, Hindistan 84 min səhm, Almaniya 44 min səhm və Avstraliya - 36 min səhm - təşkil edir.
Azərbaycan 24 iyun 2016-cı ildən Bankın üzvüdür. Ölkəmiz Asiya İnfrastruktur İnvestisiya Bankında 2541 səhmə malikdir və 254 milyon dollarlıq kapital limiti var. Azərbaycan bu məbləğin 50,8 milyon dollarını ödəyib.
Asiya İnfrastruktur İnvestisiya Bankının üzvləri dünya əhalisinin 79%-ni, dünya iqtosadiyyatının isə 65%-ni əhatə edir.