Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası qısa müddətdə konsolidasiya tədbirləri hazırlamağa və həyata keçirməyə nail olub.
FED.az xəbər verir ki, Report-un məlumatına görə, bu barədə Gürcüstanın "Accent" agentliyi yazıb.
Agentlik qeyd edib ki, bu tədbirlər arasında ölkənin aparıcı sistemli banklarının aktivlərinin genişmiqyaslı restrukturizasiyası, bankların və orta səviyyəli sığorta şirkətlərinin sağlamlaşdırılması üçün fərdi proqramın qəbulu qeyri-populyardır, lakin bazarın "problemli" iştirakçılarının fəaliyyətinin dayandırılması üçün zəruri addımlar kimi diqqət çəkir.
Agentlik yazır ki, Gürcüstanda maliyyə bazarının iştirakçılarına (bank və sığorta sahəsi) müxtəlif orqanlar nəzarət etdiyi halda, Azərbaycanda bu funksiyanı vahid qurum həyata keçirir:
“Bütün dünyada maliyyə xidmətləri artıq elə bir konvergensiya səviyyəsinə çatıb ki, səmərəli təhlil üçün onları ayrıca struktur kimi nəzərdən keçirmək mümkün deyil. Hər bir struktur banklar, sığorta şirkətləri və birja brokerlərinin daxil olduğu böyük holdinqin bir hissəsidir. Azərbaycanda demək olar ki, bütün maliyyə xidmətləri sahəsində - bank və bank olmayan təşkilatlar, sığorta şirkətləri, investisiya şirkətləri, qiymətli kağızlarla əməliyyat aparanlar və lizinq təşkilatları üzərində nəzarət səlahiyyəti olan meqatənzimləyicinin yaradılması qərara alınıb".
Bank sahəsi üzrə ekspert David Kikvidze bu qərarı şərh edərkən bildirib ki, maliyyə sektorunun tənzimlənməsi vahid quruma tapşırılmalıdır. Maliyyə institutları hesab edilən və bazara bu və digər şəkildə təsir edən sığorta şirkətləri üzərində nəzarət də eyni orqana həvalə edilməlidir: “Maliyyə institutları ölkəyə pul gətirir. Məsələn, banklar kredit verir və beləliklə də bazara az və ya çox həcmdə pul daxil olur, sığorta şirkətləri isə sığorta haqqı olaraq pulu alır, daha sonra sığorta ödənişi olaraq pul verirlər. Yəni sığorta şirkətləri də pul kütləsinə dolayı və birbaşa yolla təsir edirlər. Buna görə də yaxşı olardı ki, bütün iştirakçılara vahid orqan nəzarət etsin".
D.Kikvidzenin sözlərinə görə, maliyyə institutları arasında rəqabət həmişə mövcud olub və olacaq, lakin onların hər biri maliyyə sistemində öz yerini tutmalı, eyni zamanda, rəqabət tənzimləyici qurum tərəfindən təmin olunmalıdır.
Agentlik yazır ki, bununla bağlı Azərbaycanın seçdiyi forma az maraq doğurmur: “Yeni orqan ictimai palata formasında yaradılıb, həm tənzimlənən maliyyə qurumlarından, həm də icra orqanlarından eyni dərəcədə müstəqildir. Diqqət çəkən məqam odur ki, tənzimləyici qurumun maliyyələşdirilməsi ölkə büdcəsindən deyil, maliyyə təşkilatlarının sabit ayrılmaları ilə həyata keçirilir”.
Məqalədə qeyd edilir ki, məsələnin bu şəkildə qoyulması kommersiya və dövlət sektoru işçiləri arasında əməkhaqqı səviyyəsində təhrif olunma problemini də həll edir.
Məqalənin sonunda qeyd edilir: "Maliyyə bazarlarınına bir mərkəzdən nəzarət olunması düzgün addım olsa da, bazarda baş verən proseslərdən və idarəetmədən çox şey aslıdır. Düzgün idarəçilik halında bu, bütün ölkə üçün müsbət və faydalı qərardır".