(Bu materialın başqa KİV-də dərcinə icazə verilmir)
Xəbər verildiyi kimi, Mərkəzi Bank 2018-ci il üçün tədiyə balansı göstəricilərini açıqladı.
Bu göstəricilər ölkədə makroiqtisadi şəraitin dəyərləndirilməsi, xüsusilə investisiya axınlarında baş verən trendlərə əsasən ölkənin investisiya cəlbediciliyinin, ölkədən kapital axınının miqyasının, əmtəə-xidmətlərin beynəlxalq ticarətinin strukturunun, milli valyutanın məzənnəsi üçün risklərin qiymətləndirilməsi baxımından ən mötəbər məlumatlar hesab edilə bilər.
FED.az Təhlil Qrupu bildirir ki, açıqlanan statistika artıq başa çatmış hesabat dövürünü əhatə etsə də, bu məlumatlar yaxın dövrün iqtisadi trendlərini də proqnozlaşdırmaq baxımından çöx önəmlidir.
Tədiyyə balansının ən mühüm seqmentlərindən biri olan cari əməliyyatlar hesabı çərçivəsində 2018-ci ildə Azərbaycana 28284 mln. dollar vəsait daxil olub (əvvəlki ilə nisbətən 6045 mln. dollar və ya 27.2% çox), ölkədən isə 22232 mln. dollar vəsait çıxıb (əvvəlki ilə nisbətən 6045 mln. dollar və ya 6 mln. dollar az). Ölkəyə daxil olan vəsaitlərin kəskin artdığı, çıxan vəsaitlərin isə demək olar ki, dəyişməz qaldığı şəraitdə cari əməliyyatlar hesabında 6052 mln. dollar profisit yaranmışdır ki, bu da 2017-ci ilin göstəricidindən təxminən 3.5 dəfə çoxdur.
Eləcə də bax: “Diqlas”da yanmamış anbarların açılmasına başlanılıb"
Lakin bir vacib məqamı nəzərdən qaçırmaq olmaz: 2018-ci ildə cari əməliyyatlar hesabında yaranan profisit neft-qaz sektoru üzrə gəlirlərin hesabın formalaşıb. Belə ki, bu seqment üzrə qeyri-neft sektorunda 5758 mln. dollar defisit yaranıb. Öz növbəsində, 2017-ci illə müqayisədə bu defisitin həcmi 557 mln. dollar və ya 9.7% böyüyüb.
Cari ənəliyyatlar balansı 4 bölmədən formalaşır ki, bura xarici ticarət, xidmətlər, ilkin gəlirlə və təkrar gəlirlər üzrə daxilolmalar və ödəmələr aiddir.
Cari əməliyyatlar bölməsinin bütün bölmələri üzrə statistik məlumatları müqayisəli şəkildə nəzərdən keçirək.
Xarici ticarət balansı: ixrac 40%, idxal 21% artıb
2018-ci ildə Azərbaycanın beynəlxalq əmtəə ticarətindən əldə etdiyi gəlirlər (ixrac gəlirləri) 20 794 mln. dollar təşkil edib ki, bu əvvəlki ilə nisbətən 5 641 mln. dollar və ya 27% çoxdur.
Diaqram 1: 2018-ci ildə Azərbaycandan əmtəə ixracı, mln. dollar
2018-ci ildə cəmi əmtəə ixracının 19176 mln. dolları və ya 92.2%-i (2017-ci ildə 13679 mln. dollar və ya 90.2%-i) neft sektorunun, 1618 mln. dolları və ya 7.8%-i (2017-ci ildə 1473 mln. dollar və ya 9.8%-i) qeyr-neft sektorunun hesabına təmin edilib. Ölkə üzrə ixracdakı artım əsasən neft sektoru üzrə baş verib. Belə ki, əvvəlki ilə nisbətən 2018-ci ildə bu sektor üzrə ixrac 5497 mln. dollar və ya 40% artdığı halda qeyri-neft məhsullarının ixracı cəmi 144 mln. dollar yaxud 9.8% çoxalıb. İxracın ümumi artımının 97.5%-i neft, cəmi 2.5%-i qeyri-neft sektorunun sayəsində mümkün olub.
Neft sektorunun ixracının kəskin artımı dünya bazarlarında neftin qiymətinin yüksəlməsindən qaynaqlanıb. Əgər 2017-ci ildə Brent markalı neftin orta illik qiyməti 53 dollar ətrafında olubsa, 2018-ci ildə həmin göstərici 72 dollara yaxın olub.
2018-ci ildə Azərbaycana xaricdən mal idxalı 10952 mln. dolları olub və bu əvvəlki illə müqayisədə 1915 mln dollar (21.2%) çoxdur.
Ötən il ticarət balansının profisiti 9841 mln. dollar təşkil edib. Halbuki 2017-ci ildə həmin göstərici 6115 mln. dollar təşkil etmişdir. Göründüyü kimi neftin orta illik qiymətinin 40%-lik artımı ölkənin xarici ticarət balansının profisitində də 3726 mln. dollar (38%) artıma səbəb olub.
Xidmətlər balansı: turizm gəlirləri azalıb
2018-ci ildə Azərbaycanın xidmət ixracı 4691 mln. dollar (əvvəlki ilə nisəbətən 3 mln. dollar çox), xidmət idxalı isə 6753 mln. dollar (2017-ci illə müqayisədə 1315 mln. dollar və ya 16% az) təşkil edib.
Beynəlxalq xidmətlər balansında 2062 mln. dollar defisit yaranıb ki, bu da 2017-ci ildə mövcud olan kəsirə nisbətən 1317 mln. dollar (39%) azdır. Xidmətlər balansında kəsirdə baş verən bu azalma xidmət ixracında müşahidə edilən ixtisar sayəsində baş tutub.
2018-ci ildə Azərbaycanın xidmət ixracının 82.3%-i turizm və nəqliyyat xidmmətləri hesabına formalaşıb. Öz növbəsində ölkədən xidmət ixracının 56.2%-i və ya 2634 mln. dolları turizm, 26.3%-i yaxud 1224 mln. dolları isə nəqliyyat xidmətərinin payına düşüb. 2017-ci illə müqayisədə ötən il ixracın həcmi turizm xidmətlərininin üzrə 378 mln. dollar (12.5%) azalmış, lakin nəqliyyat xidmətəri üzrə 252.4 mln. dollar (26%) artmışdır.
2018-ci ildə Azərbaycandan xidmət ixracının yerdə qalan 17.7%-i isə maliyyə, tikinti, işguzar, hökumət, rabitə və s. xidmətlərin hesabına təmin edilmişdir. Bu xidmətlərin ixrac həcmində əvvəlki dövrə nisbətən elə nəzərəçarpan dəyişikliklər qeydə alınmamışdır.
Ötən il ölkədən xidmət ixracının 4495 mln. dolları və ya 96%-i qeyri-neft sektoru, cəmi 4%-i neft sektoru sayəsində formalaşıb. Lakin xidmətlərin idxalında neft sektorunun payı daha böyükdür. Belə ki, 2018-ci ildə neft sektoru üzrə xidmət idxalı 1907 mln. dollar olub ki, bu da ümumi idxalın 28.3-nə bərabərdir. Öz növbəsində, 2018-ci ildə ölkə üzrə ümumi xidmət idxalının 76.5%-i 3 xidmət növünün – turizm, nəqliyyat və tikinti xidmətlərinin hesabına təmin edilib. İdxalın həcmi turizm xidmətləri üzrə 2284 mln. dollar (2017-ci ildə 2658 mln. dollar), nəqliyyat xidmətləri üzrə 1521 mln. dollar (2017-ci ildə 1048 mln. dollar), tikinti xidmətləri üzrə 1277 mln. dollar (2017-ci ildə 2482 mln. dollar) olmuşdur.
Azərbaycamda tikinti xidmətlərinin idxalı tam həcmdə neft-qaz sektorunun tələbatı hesabına formalaşıb. 2018-ci ildə əvvəlki illə müqayisədə xidmət idxalında qeydə alınan təxminən 16%-lik artım da əsasən tikinti xidmətləri idxalının azalması ilə əlaqədar olub. Belə ki, ötən ilə tikinti xidmətlərinin idxalında 1151 mln. dollar və ya 46.3% səviyyəsində azalma baş verib.
Belə kəskin ixtisar neft-qaz layihələrinin investisiya ehtiyaclarının azalması ilə izah edilir və neft sektoruna birbaşa investisiyaların həcminin azalması da bu faktı doğrulayır. Bu məlumatlara aşağıda maliyyə bölməsinin təhlilində toxunulacaq.
2018-ci ildə cəmi xidmət idxalının yerdə qalan 23.5%-i isə maliyyə, tikinti, işguzar, hökumət, rabitə və s. xidmətlərin hesabına təmin edilmişdir.
İlkin və təkrar gəlirlər formasında ölkəyə daxilolmalar və ölkədən ödəmələr
İlkin gəlirlərə əsasən investisiyalar (mənfəət formasında), faizlər gəlirləri (səhmlərə, borc kağızlarına, depozitlərə və kreditlərə görə), əmək haqqı və s. üzrə gəlirlər daxildir.
2018-ci ildə ilkin gəlirlər formasında Azərbaycana 1631 mln. dollar daxil olub (2017-ci ilə nisbətən 345 mln. dollar və ya 26.5% çox). İlkin gəlirlər formasında ölkəyə gələn vəsitin təxminən 29%-i və ya 468 mln. dolları neft sektorunun xəttilə daxil olub. Mərkəz Bankın Hesabatlnda detalları açıqlanmasa da, ehtimal ki, bu vəsait əsasən Neft Fondunun xaricdəki portfelinin idarə edilməsindən əldə olunan gəlirləri əhatə edir.
Eyni zamanda, 1163 mln. dollar da qeyri-neft sektorunun daxilolma qeydə alınıb. Bura Mərkəzi Bankın xaricdəki aktivlərinin idarə edilməsi, həm də bankların və müxtəlif qeyri-maliyyə müəssisələrinin xarici maliyyə institutlarında saxladığı depozitləri üzrə çox müxtəlif gəlirlər daxildir. Təəssüf ki, Mərkəzi Bankın hesabatında bu məlumatların təfsilatı açıqlanmır.
2018-ci ildə ilkin gəlirlər çərçivəsində Azərbaycandan xaricə ödənən vəsaitlərin məbləği əvvəlki illə müqayisədə 1045 mln. dollar (34%) artaraq 4090 mln. dollara çatıb. Həmin ödəmələrin əsas hissəsi – 2800 mln. dolları xarici neft şirkətlərinin ölkədən mənfəət formasında çıxardıqları vəsait olub. Bundan əlavə, ilkin gəlirlər formasında Azərbaycandan qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə 358.1 mln. dollar faizlər, xarici kreditlərdən istifadəyə görə 488.2 mln.dollar ödənib.
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan işçilərin əmək haqqı formasında ölkədən çıxardığı vəsait, milli maliyyə institutlarında qeyri-rezidentlərin depozitlərinə görə ödəmələr də ilkin gəlirlər çərçivəsində xaricə çıxarılan vəsaitlərə daxildir.
2018-ci ildə ilkin gəlirlər üzrə 2460 mln. dollar defisit yaranıb ki, bu 2017-ci illə müqayisədə 700 mln. dollar (40%) çoxdur. Defisitin belə kəskin artımının səbəbi xarici neft şirkətləri üzrə mənfəət ödəmələrinin artımı olub (bu maddə üzrə 900 mln. dollar artım baş verib). Neftin qiymətinin 40%-ə yaxın yüksəlməsi xarici neft şirkətlərinin də pay bölgüsü çərçivəsində qazanclarının artımına təkan verib.
Təkrar gəlirlərə əsasən ölkəyə göndərilən fiziki şəxslərin pul baratları (remitanslar) və qarşılıqlı humanitar yardımlar daxildir. 2018-ci ildə təkrar gəlirlər çərçivəsində Azərbaycana 1168 mln. dollar daxil olub ki, bunun 1080 mln. dollarını ölkə vətəndaşlarına göndərilən pul baratları, 90 mln. dollara yaxını isə müxtəlif yardımlar və humanitar dəstəklər təşkil edib.
Əvvəlki illə müqayisədə 2018-ci ildə fiziki şəxslərə göndərilən remitanslar 50 mln. dollara yaxın artıb. Ötən il təkrar gəlirlər bölməsi çəriçivəsində Azərbaycandan ödəmələr 437 mln. dollar olub və bu maddə üzrə 732 mln. dollarlıq profisit formalaşıb.
Maliyyə hesabında 3.2 mlrd. dollar defisit yaranıb
2018-ci ildə Azərbaycanın tədiyə balansının maliyyə hesabında böyük məbləğdə - 3191 mln. dollar məbləğində defisit formalaşıb. Bu, cari əməliyyatlar hesabının profisitinin 50%-dən bir qədər çoxdur. Halbuki 2017-ci ildə maliyyə hesabının defisiti cəmi 201 mln. dollar (həmin il üzrə cari əməliyyatlar hesabının profisitinin 12%-i səviyyəsində) olmuşdur.
Maliyyə hesabında iri həcmli defisitin yaranmasında aşağıdakı 3 amilin rolu olmuşdur:
< >Birbaşa investisiya formasında ölkəyə xaricdən gələn vəsaitlərin həcmi azalmışdır, ölkədən çıxan vəsaitlərin məbləği artmışdır. Statistika göstərir ki, Azərbaycana birbaşa investisiya formasında xaric sərmayələr əsas etibarı ilə neft-qaz sektoruna gəlir. 2018-ci ildə neft-qaz layihələri üzrə birbaşa xarici investisiyalar kimi 4109 mln. dollar daxil olsa da, neft şirkətləri əvvəlki illərdə qoyduğu investisiyaların repatriasiyası çərçivəsində Azərbaycandan 3156 mln. dollar çıxarmışdılar və nəticədə hesabat ili üzrə neft-qaz sektoru hesabına birbaşa xarici investisiyaların qalığı 953 mln. dollar təşkil etmişdir. Halbuki 2017-ci ildə bu göstərici 2080 mln. dollar təşkil etmişdir. Bütövlükdə isə 2017-ci ildə ölkəyə daxil olan xarici birbaşa investisiyaların qalığı 2866 mln. dollar olduğu halda, ötən il həmin göstərici 953 mln. dollar təşkil etmişdir. 2018-ci ildə 2017-ci ildə xalis qalıq metodu ilə portfel investisiya formasında ölkəyə daxil olan vəsaitlərin həcmi 2669 mln. dollar təşkil etdiyi halda, 2018-ci ildə xalis qalıq metodu bu maddə üzrə yalnız ölkədən kapital çıxışı baş vermiş və xaricə çıxan vəsaitin ümumi məbləği 1241 mln. dollar təşkil edib. “Digər investisiyalar” bölməsi çərçivəsində 1591 mln. dollar defisit yaranmışdır. Bu bölməyə depozitlər, hökumətlərası və şirkətlərarası kreditlər, idxal-ixrac məqsədli ticarət kreditləri və avanslar daxildir.
Ticarət kreditləri ilə bağlı çox vacib bir məqama diqqət yetirməyə ehtiyac var: 2018-ci ildə ticarət kreditləri üzrə aktivlərin saldosu əvvəlki ilə nisbətən 755 mln. dollar (35%) artmışdır.
Ticarət kreditləri və avanslar üzrə aktivlər 2 hissədən ibarətdir:
(i) il ərzində idxal məqsədilə xaricə qabaqcadan ödəniş edilimiş, lakin ilin sonuna ölkəyə idxal edilməmiş mal və xidmətlərin dəyəri; (ii) il ərzində xaricə ixrac olunmuş, lakin ilin sonuna dəyəri ölkəyə ödənilməmiş mal və xidmətlərin dəyəri.
Rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarına əsasən hər iki istiqamət üzrə ölkəyə daxilolmalar ödənişin edildiyi və ya malın göndərildiyi tarixdən 270 gün ərzində təmin edilməlidir. Şəffaf hesabatlılıq olmadığından ticarət kreditlər və avanslar üzrə
aktivlərin (ölkədən xaricə çıxan vəsaitlərin) əvvəlki dövrə nisbətən 35%-lik artımının hansı səbəbə görə baş verdiyi qeyri-müəyyən qalır: bu artım xaricə ixrac edilmiş mal və xidmətlərə görə almalı olduğumuza vəsaitin, yoxsa xaricə ödədiyimiz vəsaitə görə idxal etməli olduğumuz mal və xidmətlərin dəyərinin artımı hesabına baş verib?
Yaxud müxtəlif nisbətdə eyni vaxtda hər ikisi artıb? Bütövlükdə ödəməsi 270 günlük limiti ötən idxal-ixrac müqavilələrin sayı və dəyəri nə qədərdir? Təəssüf ki, qapalı statistika və hesabatlılıq şəraitində bu sualların cavabı media üçün əlçatan deyil.
Tədiyə balansında 3.5 mlrd. dollarlıq profisit
Maliyyə hesabında böyük məbləğdə defisit yaransa da, yüksək neft qiymətləri şəraitində cari əməliyyatlar hesabının müsbət saldosu sayəsində 2018-ci ildə tədiyə balansının yekun saldosunda 3508 mln. dollar profisit qeydə alınıb. Bu, əvvəlki ilin göstəricisindən 78% və ya 1537 mln. dollar çoxdur.
Beynəlxalq metodologiyaya əsasən “xalis xəta və kənarlaşmalar maddəsi” üzrə tədiyə balansı çərçivəsində 646 mln. dollar daxilolma qeydə alınıb. Bu mənbə üzrə ölkəyə daxilolma və ya kapital çıxışı kimi tədiyə balansında uçota alınan vəsaitin mənbəyi adətən fərqli olur. Həmin axınların ənənəvi mənbələri kimi “yastıqaltı pullar”ın rəsmi dövriyyəyə daxil olmasını, bank sektorundan kənar kanallarla rəsmi uçot olmadan ölkəyə daxilolmanı və ya ölkədən kapital çıxışını göstərmək olar.
Əgər bu maddə üzrə göstərici tədiyə balansında mənfi işarə ilə əks olunursa ölkədən kapiatl çıxışışını, müsbət işarə ilə əks olunursa ölkəyə kapital gəlişi kimi yekun saldoda əks olunur. Cari hesablar, kapital və maliyyə hesabının yekunu və “xalis xəta və kənarlaşmalar maddəsi” birlikdə cəmi (yaxud fərqi) tədiyə balansının yekun saldosunu göstərir.
2018-ci ildə “xalis xəta və kənarlaşmalar maddəsi”nin timsalında Azərbaycana kapital gəlişinin baş verdiyini görürük.
2018-ci ilin tədiyyə balansı: əsas makroiqtisadi trendlər
11:06
8 Aprel 2019