Bir neçə gün bundan əvvəl Balaxanı Sənaye Parkında iş quran yerli sahibkar istehsal sahəsini icarə götürərkən ona ƏDV ödəyəcəyini bildiriblər. FED.az xəbər verir ki, sahibkar qanunla ƏDV ödəyicisi olmadığını deyib, hətta İqtisadiyyat Nazirliyinin müvafiq çağırışlarını və rəsmi səhifəsində qeyd olunduğu kimi 7 il müddətinə verilən güzəştləri xatırladıb.
Beşindən yalnız biri: niyə?
Hadisə sahibkarın Vergilər Naziriyinə sorğu göndərməsi ilə nəticələnib. Aldığı cavab isə bu olub ki, qanunla sənaye parkında iş açan sahibkar ancaq mənfəət və gəlir vergisindən azaddır. ƏDV ilə bağlı güzəştlər isə yalnız Qaradağ rayonundakı Sənaye parkına şamil olunur. Qeyd edək ki, bu parkgəmiqayırma fəaliyyəti ilə məşğul olur.
Hazırda ölkədə 5 sənaye parkı fəaliyyət göstərir. Bu parklar ölkə rəhbərinin fərman və sərəncamlarına əsasən yaradılıb. Sənaye parkları aşağıdakılardır: Pirallahı, Qaradağ, Mingəçevir, Balaxanı və Sumqayıt Kimya sənaye parkları.
Hər bir sənaye parkı ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə yaradılıb. Və bu tezislər parkların yardılması ilə bağlı bütün rəsmi çıxışlarda, eləcə də sənədlərdə vurğulanır. Hətta 2013 və 2016-cı illərdə Vergi Məcəlləsinə dəyişiklik edilərək, "Sənaye parkının rezidenti" anlayışı əlavə edilib, həmçinin sənaye parkının rezidentlərinə vergi güzəştləri tətbiq edilib.
İqtisadiyyat Nazirliyi 7 illik imtiyazlar vəd edir: necə?
İlk baxışdan görünən odur ki, bütün sənaye parklarının rezidentlərinə vergi güzəştləri tətbiq olub. İqtisadiyyat Nazirliyinin internet səhifəsində də eyni məlumatlar öz əksini tapıb.
http://www.economy.gov.az/index.php?option=com_content&view=article&id=148:s%C9%99naye-park%C4%B1&catid=23:sahibkarl%C4%B1%C4%9Fa-d%C9%99st%C9%99k&lang=az
Nazirliyin rəsmi səhifəsində göstərilir ki, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur. Beləliklə, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə: əmlak vergisindən
torpaq, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Vergi Məcəlləsinin 164.1.28 və 165.1.7-ci maddəsinə əsasən sənaye parkının rezidenti tərəfindən təsdiqedici sənədlə həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı ƏDV-dən azad edilib. Eyni zamanda bu fəaliyyətin məqsədləri üçün podratçı və subpodratçı tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi də "0" (sıfır) dərəcə ilə ƏDV-yə (yəni 18% ƏDV tətbiq edilmədən) cəlb edilməlidir. Yəni Azərişıq, sənaye parkında çalışan sahibkara elektrik enerjisini “0” ƏDV ilə verməlidir.
Sənaye parklarının rezidentlərinə İqtisadiyyat Nazirliyinin qeydiyyat şəhadətnaməsi təqdim olunmasına baxmayaraq həqiqətdə isə ƏDV üzrə vergi güzəşti yalnız Qaradağ sənaye parkının rezidentlərinə tətbiq olunur. Bu isə yerli sahibklarların stimullaşdırılmasında, sərmayə yatırımına marağı azaldır. Ölkənin iş adamları sərmayə qoyarkən onlara güzəştlər verilməlidir ki, mənfəətə çıxa bilsinlər. Bunun üçün əslində 7 il müəyyən edilib, lakin bu məlumat qanunla uyğunluq təşkil etmir.
Qanunda əksini tapması unudulub
Vergi üzrə mütəxəssis Vəli Əliyev hesab edir ki, əslində sənaye parklarının yaradılması yerli sahibkarlar üçün cəlbedici şərtlərə malikdir. Lakin həmin şərtlərin qanunda öz əksini tapması isə unudulub. Artıq bir neçə sahibkar eyni problemlə üzləşərək bu barədə onlara da müraciət edib. Nəticə isə budur ki, sahibkar sonda bu parklarda istehsal sahəsi qurmaq fikrindən daşınıb. V.Əliyevin sözlərinə görə, müvafiq dövlət qurumları sənaye parkları ilə bağlı qanunvericiliyə diqqət yetirməlidirlər. Əks halda, azərbaycanlıların qonşu Gürcüstan və Türkiyəyə sərmayə axınlarının qarşısını almaq mümkün olmayacaq.
Azərbaycan pulları Gürcüstana axmaqda davam edir
Qeyd edək ki, Gürcüstan həm sənaye parkları, həm də azad iqtisadi zonaları ilə artıq regoinda liderə çevrilməkdədir. Burada sahibkarlara yaradılan şərtlər və stimullaşdırıcı amillər isə kifayət qədər cəlbedici şərtlərə malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Vüsal Musayevin sözlərinə görə, manatın devalvasiyasından sonra sahibkarlarda inamsızlıq yarandı: “Bunun nəticəsində ölkədən kapital axını baş verdi. Hətta iri sahibkarlar vəsaitlərini ölkədən çıxararaq Gürcüstan və Türkiyəyə yatırım etməyə başladılar. Bundan sonra Azərbaycan hökuməti tənzimləyici üsullara əl atdı. Bu addımlar nəticəsində biz maliyyə axınının qarşısını ala bildik. Üstəlik, ixracı stimullaşdırmağa nail ola bildik. Başqa sözlə, Gürcüstan və Türkiyəyə axan maliyyə vəsaitini geri qaytarmağı bacardıq. Düzdür, buna tam nail ola bilmədik. Bununla yanaşı, biz sahibkarları, o cümlədən xarici investorları ölkə iqtisadiyyatına yatırım etməyə inandıra bildik”.
Qeyd edək ki, Azərbaycan cari ilin 9 ayında Gürcüstan iqtisadiyyatına 378,3 milyon dollar sərmayə qoyub. Azərtac xəbər verir ki, bu göstərici ilə Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələr sırasında liderdir. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında deyilir ki, Azərbaycanın yatırdığı investisiyaların həcmi Gürcüstan iqtisadiyyatına qoyulmuş xarici sərmayənin ümumi həcminin 25,9 faizini təşkil edib. Təkcə cari ilin üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 milyon dollar investisiya yatırıb.
İlhamə Abdullayeva
Sənaye parklarında ayrıseçkilik: “0” ƏDV niyə hamıya verilmir?
12:43
16 Yan 2018