İordaniya gələn il Bakıdan Əmmana birbaşa aviareys açmağa ümid edir.
FED.az xəbər verir ki, bunu İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Quda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən dördüncü iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Ümid edirik ki, artıq gələn il birbaşa aviareys aça biləcəyik və bu, ticarət əlaqələrinə və digər qarşılıqlı fəaliyyət istiqamətlərinə böyük təkan verəcək. Biz energetika, rəqəmsallaşma, İKT haqqında danışdıq. İordaniya kimi, Azərbaycan da bu sahədə böyük uğurlar əldə edib və əminəm ki, birgə işə başlamalıyıq", - o əlavə edib.
Nazirin sözlərinə görə, iclasda MDB ölkələrində və Yaxın Şərqdə mövcud olan geniş imkanlar müzakirə edilib.
"Biz bu imkanlardan faydalanmaq üçün ölkələrimizin birgə işləməsi imkanlarını müəyyən etməyə çalışdıq. Həmçinin İordaniyadan Azərbaycana və öz növbəsində, Azərbaycandan İordaniyaya investisiya qoyuluşunun artırılması yollarını müzakirə etdik. Ümid edirik ki, birgə layihələr həyata keçirə və tərəfdaşlığı bütün mümkün yollarla inkişaf etdirə biləcəyik", - nazir qeyd edib.
Bundan başqa, Y. Əl-Quda turizmin də əməkdaşlığın əsas və perspektivli sahəsi olaraq qaldığını vurğulayıb. (Report)










