Maliyyəçi və investisiya analitiki Turan Talıbova şəxsi büdcənin düzgün idarə olunmasının xoşbəxt, pozitiv həyat tərzi ilə birbaşa əlaqəli olduğunu düşünür. FED.az analitik ilə müsahibəni təqdim edir.
- Orta təbəqəyə məxsus, ayda 1000 manat və daha artıq gəlir əldə edən şəxs öz büdcəsini necə idarə etməlidir? Aylıq gəlir hansı hissələrlə bölünməlidir?
- Burada yaxşı planlama aparmaq və qısa zamanda bu məbləğdə aylıq stabil gəlir, maaş ilə yetərincə böyük yığım toplamaq olar. Əgər bu yığımlar mütəmadi olarsa və hətta cüzi belə gəlir üçün investisiya olunarsa, bu lap əla. İdealda hər bir şəxsin, ailənin büdcəsi 3 hissəyə bölünməlidir. Burada bir hissə təcili fonda, bir hissə gələcək üçün yığıma, qalan hissə isə aylıq xərcə işlənməlidir.
Daha yüksək gəlirli şəxslər xeyriyyə məqsədilə xərclənəcək vəsaiti də ayırmalıdırlar. Təcili fond ən vacibidir və bu ən azı aylıq gəlirin 10 faizinə bərabər olmalıdır. 1000 manatdan 100 manatı təcili xərclər bölməsinə, 100 manatı isə yığıma bölünməlidir. Yerdə qalan 800 manat digər bütün aylıq xərcləri ödəməlidir. Daha doğrusu, xərclərinizi həmin bu 800 manata uyğunlaşdırmalısınız. Ümumiyyətlə psixoloji olaraq çox iradəli olmalısınız, pul da hər şey kimi iradə və strategiyanı sevir.
Əlbəttə, hər xərclənən qəpiyin dərdini çəkməyə ehtiyac yoxdur, amma ümumi planlama olmalıdır. Məsələn, bilməlisiniz ayda təxminən nə qədər vəsait sizin yeməyiniz, təhsiliniz, avtomobil yanacağınız, evinizin kommunal xərcləri, əyləncəniz və sairini təşkil edir. Məsləhətdir ki, bu xərcləri bir neçə ay qeydiyyatını aparasınız, sonra isə bu xərclərdən hansını azaltmaq olduğunu düşünmək olar. Deyək, qadınların ən çox azalda biləcəyi xərclər kosmetik materiallar və geyim kateqoriyasındadır.
Kişilər isə böyük ehtimalla kafe-restoranda xeyli vəsait xərcləyir. Elə də çətin iş deyil, yüngülcə nəzarət etmək lazımdır. Yerdə qalan 800 manatın növbəti maaşa kimi nəinki bəs etməsini, hətta əlavə vəsaitın də qalmasına təmin etməliyik. 200 manatı isə ümumiyyətlə kənara atıb unutmaq lazımdır. Əmək haqqının 1000 yox, 800 olduğunu fərz etməliyik.
Bir vaxtlar bu “fond” funksiyasını nənəm yerinə yetirərdi. Ona müəyyən aylıq vəsait verirdim, o da bank kimi saxlayırdı. Heç bir halda ondan istəsəm belə, geriyə vermirdi. Yalnız müəyyən zamandan bir yığılmış məbləği mənə verirdi. Siz də bu məbləği, məsələn, özünüzü idarə məqsədilə, əlavə bir karta köçürüb o kartın pin kodunu cırıb atmaqla yığa bilərsiniz. Yəni, pin kodu almaq müəyyən vaxt və prosedur tələb edəcək və o zamanadək bəlkə siz növbəti hansısa impulsiv xərcdən yayınacaqsınız.
- Şəxsi büdcənin idarə olunması üçün hər hansı strateji planlama olmalıdırmı? Gələcəyi formalaşdırmaq üçün nə qədər vəsait toplamağa ehtiyac var?
- Strateji planlama mütləq olmalıdır. Ümumiyyətlə, pul psixologiyasında maraqlı məqam odur ki, pul elə-belə artmır, məqsəd olmalıdır. Məsələn, mən durub desəm, milyarder olmaq istəyirəm, amma bilməsəm ki, o milyardı nəyə xərcləmək, nəyə ayırmaq, nə məqsədlə istəyirəm, mən heç bir zaman milyardı qazana bilməyəcəyəm. Yığım da belədir, əgər sizin gözünüz özünüzdəki pik nöqtəni, çatacağınız məqsədi tutmursa, vəsaiti xərcləyəcəksiniz, gedəcək. Yaxşısı budur, hər hansı bir məqsəd fikirləşəsiniz. Məsələn, ipoteka kreditinə girmədən ev almaq, hansısa aparıcı universitetdə təhsil haqqını ödəmək, təhsil almaq, avtomobil almaq, yaxud 5 ildən sonra dünya turuna çıxmaq, yaxud şəxsi biznesinizə ilkin sərmayəni özünüz yatırmaq və sair. Hərənin bir məqsədi var və bu məqsədə doğru düzgün büdcə planlaması vasitəsilə irəliləmək lazımdır.
Gələcəyi formalaşdırmaq üçün isə, nə qədər vəsaitin toplanması məsələsi isə yenə də individualdır. Baxır siz özünüzə hansı gələcəyi istəyirsiniz. Bunu hərə özü üçün qərar verməlidir.
- Büdcəsini bölüşdürən şəxs, təbii, milli-mental özəlliklə qarşılaşır. Sizcə toylara sərf edilən məsrəf investisiyanın bir növüdür, yoxsa geri dönməyəcək xərcdir?
- Məncə, toya sərf edilən məsrəf investisiya deyil və buna nə xərc, nə də investisiya kimi baxmaq lazım deyil. Zənnimə, kiminsə “borc”unu ödəmək yaxud gələcəkdə “mənim də toyuma gəlib salacaq” kimi fikirlərdən daşınmaq lazımdır. Bu bir az başqa mövzudur, amma, fikrimcə, hərə özü istədiyi toya getməli, əylənməli və yeni evlənənlərə səmimi qəlbdən xoşbəxtlik arzulamalıdır. Bu da elə sizin investisiyanız olacaq. Əliniz əsə-əsə verdiyiniz puldan sizə də xeyir gəlməyəcək, toyuna getdiyiniz cütlüyə də xoşbəxtlik gətirməyəcək. Bu mənim fikrimdi. Uzun illər boyu cəmiyyətin psixologiyasina köklənmiş qaydaların əleyhinə "üzmək" çətindir. Toylara xərclənən pulu həmin o təcili fonddan aradabir istifadə etmək olar. Bir şərtlə ki, geyiminizi, bəzək-düzəyinizi o fonddan çıxmayın, gündəlik xərcləriniz kimi planlaşdırın və o ay hansısa digər kateqoriyanı azaldın. Ya da bu dəfə toya, keçən toyda geyindiyiniz donunuzu geyinin.
- Kifayət qədər gəliri olan hər hansı bir şəxs maliyyə savadının artırılmasına nə qədər zaman və xərc çəkməlidir? Ümumiyyətlə, bu necə baş verməlidir?
- Kifayət qədər gəliri və yetərincə maliyyə buferi olan şəxs yığdığı vəsaitin necə “yatmamağı” haqqında fikirləşməlidir. Bunun uçun maliyyə savadlılığını artırmalı, gündə çox yox, 15-20 dəqiqə maliyyə bazarlarındakı trendləri izləmək, yəni investisiya imkanlarını araşdırmaq, özü üçün risk və gəlirliliyin nə olduğunu aydınlaşdırmaq, özünün necə investor olduğunu müəyyənləşdirməkdir. Hər bir kəs hansı risk kateqoriyasına daxil olduğunu təyin etməli, risk sevən, yoxsa riskdən qaçan investor olduğunu bilməlidir.
Bundan əlavə, məsləhət görərdim, insanlar özünün şəxsi inkişafına xeyli vəsait xərcləsinlər, bu seminar və ya təlimdə iştirak ya da maraqlı kitabın əldə edilməsi ola bilər. Fərq etmir, sizin şəxsi və peşəkar inkişafınıza qatqı qata biləcək hər şeyə ən gözəl investisiya kimi baxmalısınız. İlk zaman bunlara ayda 20-30 manat, sonralar isə 200-300 hətta 2000-3000 manat belə ayıra bilərsiniz. Dama-dama göl olar. Şəxsi inkişafa xərclənən istənilən vəsait risksiz və yüksək gəlirli investisiyadır. Heç bir yerdə, heç bir maliyyə aləti belə yüksək gəlir vermək imkanında deyil.
Ümumiyyətlə, psixoloji olaraq ən böyük çətinliyi bir maaşdan növbəti maaşa qədər yaşayan insanlar keçirir. Bir balaca yığım artıq insanda tamam başqa rahatlıq yaradır və daha geniş düşünə, planlaşdıra bilir. Bu pulun yaratdığı psixoloji rahatlıqdır. Normalda, əgər bütün xərclərinizi qapamaq üçün 3 aylıq maaşınıza bərabər toplanmış yığımınız varsa, siz növbəti psixoloji səviyyədəsiniz və impulsiv bir alış etməsəniz, bu düşüncə tərzi sizə daha da rahat yaşamaq və yaratmaq şəraiti yaradacaq.
- Azərbaycan şəraitində bir qədər pul toplamış fərd maliyyəni nəyə investisiya edə bilər?
- Dediyim kimi, sizin investisiya obyektiniz sizin özünüz üçün seçdiyiniz risk profildən asılıdır. Risk ilə gəlirlilik düz mütənasibdirlər. Nə qədər risk yüksəkdirsə, gəlirlilik də o qədər yüksəkdir. Maliyyə portfeli idarəçiliyi üzrə müxtəlif nəzəriyyələr var, hərə özü üçün seçməlidir ki, bu strategiyadan hansi ona daha uyğundur. Əgər siz cavansinizsa, böyük ehtimal risk sevənsiniz, bu normaldır, çünki qarşıda hələ uzun əmək fəaliyyəti illəri var. Əgər bu gün hansısa riski layihəyə yatırım edib itirsəniz, bir az müddətə yenidən vəsait toplamaq imkanınız var. Orta yaşlı şəxslər, adətən daha az risk sevirlər, pensiya yaşlı şəxslərin isə tamamilə risklə araları yoxdur, belə də olmalıdır.
Bizim reallıgımızda seçim çox deyil. Adətən, risksiz aktivlər - bank depozitləri, daşınmaz əmlak və dövlətin qiymətli kağızları əsas hədəfiniz ola bilər. Risk ilə dostsunuzsa, o zaman şəxsi biznes yaxud partnyorluq əsasında biznes aça bilərsiniz. Yalnız, kimsə sizə “gəl birlikdə iş quraq, mənə 10 min manat ver, sənə 50 faiz gəlir qaytaracağam” vəd edirsə, onun biznes planını diqqətlə nəzərdən keçirmək, intuisiyanıza inanmağı unutmayın. Maliyyə savadlılığını artırmaq da bunun üçün vacibdir, aylarla yığdığınız vəsaiti kimə etibar edəcəyinizi aydınlaşdıra bilməyiniz üçün.
Mənbə: @Marja