Rəsmi rəqəmlərə görə, rayonda açılan yeni müəssisələrdə 7 mindən artıq iş yeri açılıb. Yatırılan sərmayənin nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul istehsalının həcmi 2,9, sənaye məhsulları istehsalı 2,2, kənd təsərrüfatı məhsulları istehsalı 2, tikinti-quraşdırma işlərinin həcmi 8,6, əsas kapitala yönəldilən investisiyalar 9,2, orta aylıq əməkhaqqı 1,4 dəfə artmışdır.
Ağstafada icra olunan sosial infrastruktur layihələri çərçivəsində “Ağstafa Aqrar Sənaye Kompleksi”nin əhəmiyyəti böyükdür. Kompleksdə layihə üzrə saatda 25 ton istehsal gücünə malik dənli və paxlalı bitkilərin toxumu istehsalı zavodunun, ümumi emal gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma və saxlama anbarının, 120 ton emal gücündə olan dəyirman kompleksinin, 48 ton istehsal gücünə malik çörək və yarımfabrikatlar zavodunun, 36 ton istehsal gücündə olan makaron zavodunun, əhaliyə müxtəlif xidmətlərin həyata keçirilməsi üçün 2400 kvadratmetrlik müasir ticarət mərkəzinin, çoxfunksiyalı sərgi mərkəzinin və 130 yerlik müasir yeraltı avtomobil dayanacağı parkının tikintisi başa çatmaq üzrədir. Gələcəkdə 8 hektar torpaq sahəsində istixana kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu anbarların tikintisi də nəzərdə tutulub. Layihə dəyəri 36 milyon manat olan və Almaniya şirkətlərinin avadanlıq və texnologiyalarından istifadə edilən kombinatda 310 nəfər iş yeri ilə təmin ediləcək.
Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L EKO” sənaye parkında bir neçə müəssisə, o cümlədən bioqanik istixana kompleksi, polietilən örtüklərin istehsalı müəssisəsi, plastik kütlələrin təkrar emalı zavodları, xüsusi dəmir konstruksiyalar istehsalı, avtomobil şinlərinin təkrar emalı zavodu, dam örtüklərinin istehsalı müəssisəsi, şüşə və şüşə konstruksiyaları istehsalı müəssisəsi, plastik qapı və pəncərələrin istehsalı müəssisəsi, eləcə də üzvi turşuların istehsalı qurğusu, günəş enerjisi ilə dolan batareyaların istehsalı sahəsi, həmçinin yerli xammaldan bəzək və mozaika daşlarının istehsalı müəssisəsi fəaliyyət göstərir. İstehsal gücü sutkada 500 kvadratmetr keramika dam örtükləri olan istehsalı müəssisəsinin tikintisi isə yekunlaşmaq üzrədir.`
Özəl sərmayə qoyulan müəssisələrdən biri də “ATİLO” MMC-dir. Bu müəssisədə sərinləşdirici içkilər, pivə və şüşə qablar istehsalı ilə yanaşı, sərinləşdirici içki məhsullarının qablaşdırılması və saxlanması sexləri fəaliyyət göstərəcək. İstehsal müəssisəsində əsasən yerli xammaldan istifadə ediləcək. Layihə çərçivəsində 120 nəfər daimi işlə təmin olunacaq. Yeni xalça fabrikinin tikintisi isə başa çatdırılmış, burada 120 qadın işlə təmin olunmuşdur.
Ağstafa Sənaye Parkına daxil olan “Akkord Tekstil” MMC-nin tikiş fabrikində istehsal edilən məhsullar Azərbaycan brendi ilə Rusiyaya, Avropa və Asiyanın 10 ölkəsinə ixrac olunur. Burada 150 nəfər işçi çalışır.
400 nəfərin çalışdığı “Saloğlu” müəssisəsinin nəzdində inşa edilmiş 7 istehsal sahəsindən ibarət “Modern” mebel fabriki də bir ildir ki, fəaliyyət göstərir. Fabrikdə ağac yonqarından hazırlanmış lövhələr və laminatların kəsilməsi, quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsal sahələri fəaliyyət göstərir. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilmişdir. Müəssisənin nəzdində 4 istehsal sahəsindən ibarət olacaq “Venzana” mebel fabrikinin inşası üçün işlərə də başlanılmışdır. Burada istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və İspaniyaya ixrac olunması nəzərdə tutulur. Layihəyə uyğun olaraq, fabrikdə körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzinin inşası da planlaşdırılmışdir. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl bazar” satış kompleksi və mehmanxana inşa ediləcək.
Ümumiyyətlə, son illər Ağstafa rayonunda yerli və xarici investorların qoyduqları sərmayələr sayəsində çox sayda müəssisələr yaradılmışdır. İstər yerli, istərsə də xarici iş adamları bu rayona böyük maraq göstərirlər. Bu da, öz növbəsində, Ağstafanın sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı, rayon sakinlərinin məşğulluğunun təmin edilməsinə, əhalinin rifah halının yüksəlməsinə zəmin yaradır.