Azərbaycanda xarici investisiyaların həcmi artdıqca, ölkədə fəaliyyət göstərən xarici şirkət və iş adamlarının sayı çoxaldıqca miqrasiya məsələlərinin tənzimlənməsi də ön plana çıxır. Hazırda ölkəmizdə minlərlə xarici vətəndaş yaşayıb işləyir, bu prosesin qanuni şəkildə tənzimlənməsi və xarici vətəndaşlarla bağlı məsələlərinin səmərəli idarə edilməsi əsas vəzifələrdəndir. FED.az Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidmət müşaviri İsmayıl Abdullayevin musahibəsini təqdim edir.
- İsmayıl müəllim, Azərbaycan qanunvericiliyinə görə ikili vətəndaşlıq qadağandır. Amma bəzi ölkə vətəndaşları hələ də Azərbaycan vətəndaşlığını saxlamaqla xarici ölkə vətəndaşlığı almağa cəhd edirlər. Qanunvericilik bu məsələni necə tənzimləyir?
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (yəni Azərbaycanla yanaşı, digər dövlətin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konistitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Yəni qeyd olunan norma mahiyyət etibarı ilə ikili vətəndaşlığı qadağan etmir. Lakin şəxsin ikili vənəndaşlığı olub-olmamasından asılı olmayaraq, onun digər dövlətin (dövlətlərin) vətəndaşı, yəni əcnəbi kimi qəbul edilməsini birmənalı olaraq istisna edir. Nəticə etibarı ilə şəxsin iklili vətəndaşlığı olması onun Azərbaycan vətəndaşı olaraq ölkə qarşısındakı öhdəliklərinə təsir göstərmir.
Həmçinin, ”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Dövət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycanın Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyət daşıyırlar.
Həmin Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə görə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır .
Qanunvericilikdə müəyyən olunmuş bu müddəalar 1 iyul 2014-cü il tarixədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
- Dövlət Miqrasiya Xidməti ilə əsas kontaktda olan təbəqə yerli və xarici iş adamlarıdır. Məhz buna görə, DMX bu sahədə çoxsaylı görüşlər və müzakirələr keçirir. İş adamlarını bu sahə ilə narahat edən əsas məsələlər hansılardır?
- DMX-nin istər yerli, istərsə də əcnəbi iş adamları ilə sıx əlaqələri vardır. Əgər bir neçə il öncə iş adamlarına, işəgötürənlərə miqrasiya qanunvericiliyinin tələbləri tam aydın deyildisə, son dövrlər onlarla keçirdiyimiz görüşlər zamanı demək olar ki, prinsipial məsələlərdə tam anlaşıqlığın yarandığı müşahidə olunur. Qeyd edim ki, bu baxımdan son dövrlər iş adamlarının miqrasiya sahəsində qaldırdığı suallar yalnız epizodik və texniki xarakter daşıyan məsələlərdir. Məsələn, təkliflər səslənir ki, əcnəbilərə iş icazələri 1 il deyil 2 il dövrü əhatə edən müddətə verilsin, yaxud diplom və ya sertifikatların surətləri ilk dəfə verildisə sonrakı müraciətlərdə təkrarlanmasın və s. Bu kimi təkliflərdən hansıların rasional olduğu onlarla (yəni iş adamları ilə) birgə təhlil olunur və istər qanunvericiliklə, istərsə də texniki baxımdan müvafiq tədbirlər həyata keçirilir. Ümumiyyətlə, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən hər bir tədbirin əsasında vətəndaşın, əcnəbinin, o cümlədən iş adamlarının problemlərinin imkan daxilində humanizm və qanunçuluq prinsipləri çərçivəsində müsbət həllinə nail olmaq məqsədi dayanır.
- Bəs Dövlət Miqrasiya Xidmətini sahibkarların yaratdığı hansı problemlər daha çox narahat edir?
- Həqiqətən də DMX-nın mövqeyindən sahibkarların yaratdıqları bir sıra problemlər mövcuddur. Əcnəbi işçi qüvvəsini qeyri-leqal işlərə cəlb etmə, yalançı sahibkarlıq əsası yaratmaqla ölkədə yaşama izni almaq cəhdləri, xüsusilə 3-cü dünya ölkələri vətəndaşlarını işçi qüvvəsi adı altında Azərbaycana gətirib Avropa istiqamətinə qanunsuz keçirmə təşəbbüsləri, əməkçi miqrantların sosial və əmək hüquqlarının pozulması kimi onlarla, yüzlərlə faktlar vardır. Dövlətimizin, cənab Prezidentimizin sahibkarlığın inkişafına yaratdığı münbit şəraitdən sui-istifadə etmək cəhdlərinin qarşısı qətiyyətlə alınmaqdadır. Aidiyyəti dövlət orqanları ilə qarşılıqlı iş birliyimiz, məlumat mübadilələri bu işin səmərəsini çox yüksəldir. Son dövrlər sahibkar kimi qeydiyyatdan keçən yüzlərlə əcnəbi bu əsasla ölkədə yaşamaq üçün icazə aldıqdan qısa müddət sonra öz müəssisəsinin (və ya fiziki şəxs olaraq) VÖEN-ini deaktiv etdirir və beləliklə müvəqqəti yaşama icazəsi aldığı əsası aradan qaldırmış olur. Bu halda, Miqrasiya Məcəlləsinin müvafiq maddəsinin tələbi tətbiq olunmaqla hüquqi aktlar qəbul edilir.
Ümumiyyətlə, istər iş adamları, istər əməkçi miqrantlar, istər onların ailə üzvləri və digər əsaslarla ölkəmizdə yaşayan əcnəbilər bilməlidilər ki, miqrantlara Azərbaycanda nə qədər münbit şərait yaradılırsa, bir o qədər də qanunsuz miqrasiyaya qarşı sərt mübarizə aparılır. Çünki qanunsuz miqrasiya özü bir transmilli cinayətdir və ağır ictimai-iqtisadi fəsadlar yaradır.
Bundan başqa, həmtəsisçi olmaq üçün cüzi paya sahiblənmə, müəssisənin rəhbər müavini vəzifəsinə rəsmiləşdirilməklə leqallaşma cəhdləri və s. də sui-istifadə kimi qiymətləndirilir və adekvat münasibət bildirilir.
- DMX-nin sahibkarlardan əsas istəyi, xaricdən cəlb ediləcək işçi qüvvəsinin həcmi ilə bağlı məlumatlardır. Əvvəla, izah edərdiniz, bu məlumatlar nə üçün tələb olunur?
- Bildiyiniz kimi ölkəmizin iqtisadi həyatına əməkçi miqrantların cəlb edilməsinin limiti hökumətimizin təsdiq etdiyi illik kvota çərçivəsində həyata keçirilir. Kvota-təqvim ili ərzində, əməkçi miqrantlara verilən (yaxud müddəti uzadılan) iş icazələrindən qüvvədə olanlarının sayının son həddidir. İşəgötürənlərin hər növbəti il üçün əməkçi miqrantların sayı barədə proqnoz məlumatlar verməsi qeyd olunan kvotanın maksimum dəqiqliklə müəyyən olunmasına təsir göstərir. İşəgötürənlərdən qəbul edilmiş məlumatlar iqtisadi fəaliyyət növləri üzrə təsnifatlaşdırılaraq ümumiləşdirilir, yəni hansı iqtisadi fəaliyyət sahəsinə ölkə üzrə nə qədər və hansı peşələrə malik əcnəbi işçi qüvvəsi proqnozlaşdırılır. Bu məlumatlar əmək miqrasiyası kvotası üzrə Hökumət Komissiyasına göndərilir və həmin komissiyada həm bu ehtiyac-proqnozlar, həm qarşıdakı ildə aparılacaq layihələr, həm yerli kadr ehtiyatları, yerli əmək bazarının durumu və s. amillər təhlil edilir, cənab Baş Nazirin təsdiqinə konkret layihə təqdim olunur. Göründüyü kimi, əgər işəgötürənlər əməkçi miqrantlara olan ehtiyacları barədə məlumat verməsələr, onların əcnəbi işçi qüvvəsinə ehtiyaclarının olmadığı qənaəti yaranır və belə olan halda kvota göstəriciləri real tələbatla uyğun gəlməz. Bu halda kvotanın bitməsi onların əməkçi miqrantları leqallaşdırmalarına imkan verməz və işgüzar fəaliyyətlərinə neqativ təsir göstərər.
- Sahibkarlar bu məlumatları nə qədər vaxtında və dəqiq təqdim etməlidirlər? Yəni belə hallar olurmu ki, heç bir məlumat verilmir amma sonra xaricdən işçi cəlb olunur və ya cəlb edilən işçilərin sayı göstəriləndən artıq olur?
- Bəli, belə hallar olur. Məsələn, ölkəmizin neft-qaz layihələrində vaxtaşırı həyata keçirilən tenderlərin qalibi olan müəssisələr əgər may ayından sonra bu nəticəyə nail olurlarsa onlar qarşıdakı ildə yaxud həmin ilin sonunda əməkçi miqrantları cəlb edəndə kvotanın sərfiyyatı işində sıxıntı yaradırlar. Lakin DMX olaraq biz bu işlərin ölkəmiz və cəmiyyətimiz üçün əhəmiyyətini bilərək bu sahədə ARDNŞ ilə qarşılıqlı fəaliyyət əsasında çıxış yolu tapmağa çalışırıq.
Yaxud müəssisə ilin ikinci yarısında (yəni kvota proqnozlarının verilməsi müddəti başa çatdıqdan sonra) təsis olunubsa və proqnoz məlumatlar verilmədiyindən sıxıntı əmələ gəlirsə oxşar vəziyyətlə rastlaşırıq, lakin işəgötürənə maksimum dəstək oluruq.
- Bu il üçün kvota məlumatları nə vaxtadək təqdim olunmalıdır və sahibkarlar onu təqdim ediblərmi?
- Qanunvericiliyə görə, hər il may ayının 1-dək işəgötürənlər qarşıdakı il üçün əməkçi miqrantlara dair proqnozlarını, elektron qaydada DMX-yə təqdim etməlidirlər. Ancaq tək-tək hallarda bu müddət tələbi bir qədər pozulur. Fürsətdən istifadə edərək işəgötürənlərə bir daha bildirirəm ki, gec verilən məlumatları ümumiləşdirmək bəzən vaxt baxımından mümkün olmur.
- Bildiyimizə görə, bu sahədə ən geniş yayılan pozuntulardan biri də işçiləri icazəsiz, turist vizası ilə gətirərək burada işlərə cəlb etməkdir. Bu sahədə vəziyyət nə yerdədir və buna görə hansı cəzalar olur?
- Çox vacib və aktual sualdır. Şirkət rəhbərləri qanunvericiliyin bu tələbini bilməlidirlər ki, Azərbaycana gələn əcnəbi ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədinə uyğun fəaliyyətlə məşğul olmalıdır. Yəni turist vizası ilə gəlib təhsil almaq istəyi, yaxud müalicə məqsədli viza ilə ölkəyə daxil olub iş icazəsi almağa baş vurulması Miqrasiya Məcəlləsinin tələblərinə uyğun deyildir. Bu sahədə iş adamları öz fəaliyyətlərində ciddi dönüş etsələr də, tək-tək hallarda qanunvericiliyin tələblərini pozanlar da olur. İş adamları, yaxud onların məsul menecerləri bilməlidirlər ki, Miqrasiya Məcəlləsinin 26-cı maddəsində təsbit olunmuş “İşgüzar səfər məqsədi ilə verilən giriş vizası” Azərbaycanda işgüzar əlaqələr və ya əməkdaşlıq qurmaq üçün verilir. Əmək məqsədli viza isə (maddə 28) ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilir. Əməkçi miqrantların ailə üzvləri üçün isə adıçəkilən Məcəllənin 30-cu maddəsinə əsasən “Şəxsi səfər məqsədli” viza alınmalıdır. Əks təqdirdə əcnəbilərin fəaliyyəti vizaların təsnif olunmuş kateqoriyalarına uyğun gəlmədiyindən qanunvericiliyin tələbləri tətbiq edilir ki, bu da əcnəbilər və iş adamları üçün əlavə vaxt və vəsait itkisi deməkdir.
- Burada çox yaşadıqları halda ölkə vətəndaşlığını qəbul etmək istəyənlər, bunun üçün müraciət edənlər varmı?
- Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatət verən şəxslərin böyük hissəsini ölkə ərazisində uzun müddət daimi yaşayan şəxslər təşkil edir. Belə ki, 2017-ci il ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı daxil olmuş ümumi 595 vəsatətdən 350-si son 5 il daimi yaşama əsası ilə daxil olmuşdur.
- Ümumiyyətlə xaricilər Azərbaycan vətəndaşlığına hansı hallarda qəbul edilə bilərlər?
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında “Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 14-cü maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
- Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi almaq üçün hansı şərtlərə əməl etməlidirlər?
- Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti yaşama icazəsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş əsaslarla verilir. Məcəllənin 45.0.1–45.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər. Belə ki:
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;
- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
-
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislər daimi yaşamaq icazəsi almaq üçün müraciət edə bilərlər.
- Xarici investorlar ölkədə daimi yaşayış icazəsi almaq üçün hansı tələblərə əməl etməlidirlər?
- Bildiyiniz kimi, ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan və bu əsasla 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər daimi yaşamaq icazəsi almaq üçün müraciət edə bilərlər.