Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı və qeyri-neft ixracının gücləndirilməsi, ölkəyə xarici investorların cəlb edilməsi, yerli yatırımçıların isə daha da aktivləşməsi hökumətin diqqətində olan əsas məsələlərdəndir.
Hazırda bununla bağlı çoxsaylı addımlar atılır və biznes mühitin daha da yaxşılaşması üçün təşəbbüslər hazırlanır.
Azərbaycanda yerli və xarici investorlara necə şərait yaradılmalıdır, bu imkanlar daha çox hansı sahələri əhatə etməlidir, kiçik və orta sahibkarlar ölkənin inkişafında hansı rolu oynaya bilərlər?
Bu və FED.az-ın digər suallarını ABŞ-də yaşayan azərbaycanlı idarəçilik üzrə ekspert , «Management Consulting Group» şirkətinin idarəedici təsisçisi Samir Novruzov cavablandırır.
***
Samir Novruzov - Birləşmiş Krallıq İdarəçilik İnstitutunun, ABŞ-nin İctimai Siyasi Münasibətlər və İdarəçilik üzrə Qlobal Şərəf Cəmiyyətinin fəxri üzvüdür. Birləşmiş Krallığın Kardif Universitetinin MBA, ABŞ-nin Merilənd Universitetinin Master of Public Management (Dövlət Sektorunun İdarəolunması üzrə Master) dərəcələrini fərqlənmə ilə bitirmişdir. İdarəçilik və Liderlik barədə məqalələri “Management Consulting Journal”, “Open Journal Business and Management”, “Open Journal of Leadership” kimi beynəlxalq elmi jurnallarda dərc olunub. ABŞ-ın Merilənd Universitetinin İctimai Siyasi Elmlər Məktəbinin tam təhsil haqqı və xərcləri qarşılayan “Dean’s Fellowship Award” ali mükafatına və Professor yardımçısı təqaüdünə layiq görülmüşdür. Merilənd Universitetində, Anadolu Universitetində İdarəçilik Konsaltinqi, Liderlik və Təşkilati Davranış, Qlobal Biznesdə Biznes Etiketi və Mədəniyyəti mövzularında seminarlar keçirmişdir. Merilənd Universiteti İctimai Siyasi Elmlər Məktəbinin İdarəçilik Proqramlarına Beynəlxalq İdarəçilik Konsaltinqi və İdarəçilik sahələri üzrə müstəsna xidmətləri və dəyərli töhfələrinə görə Təqdir Mükafatı ilə təltif olunmuşdur.
«Management Consulting Group» şirkətinin idarəedici təsisçisidir. Samir Novruzov şirkət və qurumların fəaliyyətlərinin qurulması, biznes proseslərinin optimallaşdırılması, analizi və inkişafı ilə bağlı məsləhət xidmətləri göstərir. Peşəkar və elmi fəaliyyəti üzrə səfərləri çərçivəsində Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, və s. ölkələrlə tərəfdaşlıq münasibətləri qurmuş, müxtəlif investisiya layihələrinin ölkəmizə yönəldilməsi və qarşılıqlı ticari tərəfdaşlıq imkanlarının yaradılması yolunda xidmətlər göstərmişdir.
***
- Samir bəy, gəlin, əvvəlcə bu sahə ilə tanışlığı olmayanlara «Menecment Konsaltinq» anlayışını izah edək. «Menecment Konsaltinq» nədir?
- Dünya qloballaşdıqca tələbat və sərfiyyatın çoxalması insanları yeni biznes modellərini yaratmağa sövq edir. 100 il bundan öncə dünyada indiki qədər biznes modelləri olmayıb. Hal-hazırda hansısa biznesi qurmaq, müasir dövrün tələblərinə uyğun ayaqda saxlamaq və inkişaf etdirmək üçün sözsüz, peşəkar mütəxəssislərin rəyi və məsləhəti qaçılmazdır. Misal üçün, hər hansı bir məhsul istehsal edən şirkət, daim istehsalatında səmərəliliyi, effektivliyi artırmaq istəyir. Bunu etməsə rəqabətə tab gətirə bilməyəcək və nəticədə bir müddət sonra bazardan kənarlaşmalı olacaq, çünki istehsalatı və istehsal etdiyi məhsul rentabelli olmayacaq. Bunun üçün nə etməlidir? Davamlı olaraq istehsalatındakı ana prosesləri təkmilləşdirməli, iş mühitini yaxşılaşdırmalı və sosial məsuliyyətin artırılmasına nail olmalıdır. Bu dinamik bilik mübadiləsinə nail olmaq üçün də menecment konsultantlara müraciət edilməlidir. Hər zaman vurğuladığım kimi şirkətləri, qurumları bir canlı orqanizm kimi görmək lazımdır. Menecment Konsaltinq bu orqanizmlərin sağlam inkişafını ölçən, inkişafı üçün lazımi müalicəni təklif və tətbiq edən və müalicədən sonra sağlam müsbət dinamikasını izləyən səhiyyə ocağı, konsultantlar isə həkimlərdir.
- «Management Consulting Group»u təsis etməkdə məqsədiniz və hədəfiniz nə olub?
- Çox illik iş təcrübəm və aldığım beynəlxalq dərəcəli təhsil, yerli bazarı yaxşı tanımağım, eyni zamanda bu sahədə gördüyüm boşluqlar, belə bir yerli şirkətin yaranmasını labüd edirdi. Yaratdığım şirkət beynəlxalq normalara cavab verməli idi, çünki ilk məqsəd daha çox xarici investor və sahibkarların ölkə iqtisadiyyatına daxil olması idi. Güvən və beynəlxalq normalara cavab vermək şirkətimizin əsas prioritetlərindəndir. Dediklərimi ümumiləşdirsəm, yaratdığımız «Menecmet konsaltinq»in məqsədi milli iqtisadiyyatımıza töhfə verməkdir.
- Samir müəllim, hansı sahələrdə yatırımlardan və hansı ölkələrdən işbirliyindən söhbət gedir?
- Birləşmiş Krallıq, Türkiyə, Səudiyyə Ərəbistanından nümayəndələrinin təhsil, turizm, logistika, mühəndislik və infrastruktur, innovasiyalar və dayanıqlı enerjiyə keçid istiqamətlərində yatırım və əməkdaşlıq təklifləri üzərində uğurlu çalışmalarımız olub. Harda olmağından asılı olmayaraq iş adamlarının yeni bazarlar və istehlakçılar axtarışındadırlar. Bu təbii bir instinkdir. Azərbaycanın son illərdə nüfuzunun qalxması, təbii resurslarla zəngin rifah dövləti təsiri bağışlaması, istehsalçılar və iş adamlarında Azərbaycan bazarına təbii maraq oyatmış olur. Amma bu təbii marağın prosesə çevrilməsi üçün, müsbət təsir bağışlayan görüntü bəs eləmir. Potensial iş birliklərinin, yatırım təkliflərinin proses mərhələsinə keçərək reallığa çevirmək üçün əsaslı, peşəkar terminalogiya ilə desək “3 P”- Prayvet-Pablik Partnerşip, yəni Özəl və Dövlət Sektorlarının Əməkdaşlığı zəruridir.
- Nəyə görə məhz Azərbaycan bazarı maraqlı olub?
- İnvestorlar və iş adamları üçün bir neçə məqam hər zaman maraqlı olub. Azərbaycanın əlverişli geolokasiyası, quru və su sərhədləri boyunca qonşu ölkələrə çıxışının olması, uzunmüddətli məqsəddə qonşu bazarlara da daxil olmaq imkanlarını labüd edir. Həmçinin, gedən geosiyasi proseslərin fonunda Azərbaycanın balanslaşdırılmış siyasi və ticari əməkdaşlıq rol modeli göstərməsi, post müharibə dövründə sülhə doğru uğurlu təşəbbüslərdə bulunması, əsaslı əməkdaşlıqlar üçün zəmin yaradır. Amma əsaslı, davamlı əməkdaşlıq və sərmayə yatırımları üçün bir çox sahələrdə inkişafa ehtiyac var.
Çünki hal-hazırdakı qlobal dünyada, informasiyanın açıq olduğu mühitdə nəyisə gizlətmək mümkünsüzdür. Bütün faktorlar üzrə araşdırmalar aparılır, rəqəmlər ortaya qoyulur. Heç bir investor bir mənbədən olan məlumata əsaslanıb biznesyönümlü addımlar atmır. İnvestor və iş adamlarına müstəqil fəaliyyətlərinin, sərmaye və kapitallarının güvəndə olması hissi yaradılmalıdır.
«Formula 1», UEFA 2020 və s. yarışların keçirilməsi, Azərbaycanın COP-29-a ev sahibliyi etməsinin müsbət tərəfləri vardır. Lakin, sual yaranır ki bu cür strateji addımların mövcudluğu bizə hansı dividentlər vəd verir və ən əsası, bu tədbirlər Birbaşa Xarici Sərmayənin yatırılmasına, ölkənin idxal və ixrac balansına və sərmayə kapitalının güvən və etibarlılığı baxımından nə cür təsir edir.
- Samir müəllim, bildiyimizə görə, sizin Birləşmiş Krallığın Menecment Konsaltinq sahəsi üzrə aparıcı jurnalında bu barədə məqaləniz dərc edilib və burada Azərbaycanın investisiya imkanlarına da toxunmusunuz. Bu barədə, dərc etdiyiniz məqalə barədə məlumat versəniz oxucularımız üçün maraqlı olar.
– Bir qədər əvvəl qeyd etdiyim kimi, Menecment Konsaltinq – Müxtəlif idarəetmə subyektlərinin, qurum və təşkilatların idarəolunması, onların inkişafına yönəlik peşəkar məsləhət və idarəçilik xidmətlərinin göstərilməsi, uğurlu trayektoriyası olan yeni bilik və təcrübələrin tətbiqi üzrə ixtisaslaşdırılmış sahədir. Məqalədə bu sahənin tarixi əsasları, müsbət təsirlər, yayınma və mənfi təsirləri barədə məlumat verilib. Müqayisəli şəkildə Menecment Konsaltinqin inkişaf etmiş iqtisadiyyatlara və üçüncü dünya ölkələrində müxtəlif qurumlara, sahibkarlıq subyektlərinə təsirləri barədə araşdırmaların nəticələrinə istinad olunub.
Bundan əlavə, “Open Journal of Management and Business” benəlxalq jurnalında yenicə dərc olunmuş Menecment Konsaltinq Dövlət Sektorunda adlı elmi araşdırmam isə, konsaltinqin məhz dövlət sektoruna birbaşa müsbət və mənfi təsirləri barədə apardığım araşdırmaların nəticələri, təklif və rəylərim öz əksini tapıb.
- Çox gözəl xəbərdir. Təbrik edirəm! Yeni məqalənizdə ölkə iqtisadiyyatımız barəsində fikirlərinizi bölüşmüsünüz?
- Yeni məqalə Konsaltinqin qərb ölkələrində dövlət sektorunda iştirakı və təsirləri barədə araşdırmalarım və fikirlərim öz əksini tapıb. Əslində, bu məqalənin özündə də, ölkə iqtisadiyyatımız, xüsusən dövlət sektorunun inkişafı ilə bağlı faydalı örnəklər çoxdur. Bu baxımdan, iqtisadiyyat, dövlət və özəl sektorların inkişafı ilə maraqlanan oxucularınızın “Open Journal of Business and Management” jurnalının 23 iyul 2024-cü il tarixli Vol. 12, No. 4 dərcində “Management Consultancy in the Public Sector" adlı məqaləmi də oxumağı tövsiyyə edirəm. Məqaləni müvaviq linkdən edə bilərsiniz ( link: https://www.researchgate.net/publication/382517032_Management_Consultancy_in_Public_Sector).
Məhz Azərbaycanla bağlı fikirlərim və araşdırmalarım “Management Consulting: Practice in Advanced, Emerging Economies, and Azerbaijan” adlı yazımda öz əksini tapıb.
- Maraqlıdır, məqalənizdə Azərbaycan iqtisadiyyatı və ölkəmizdəki investisiya mühiti ilə bağlı hansı məqamlar yer alıb?
- Azərbaycan istisadiyyatında bu sahənin mövcud səviyyəsi, təsir diapazonu, ümumişləkliyi barədə aydınlıq gətirilib. Konsaltinqin iqtisadiyyatımızda faydalı təsir elementinə çevrilə bilməsi, idarəçilik, bilik və təcrübələrinin əlçatan olması ilə bərabər, bazarın dinamikasına da inanılmaz, çox müsbət təsir göstərə bilər. Lakin, bunun mümkünlüyü üçün bir neçə mühüm amillərin mövcudluğu labüddür. Bu elementlər irəli sürdüyüm “ 5 needs equilibrium” – yəni “beş ehtiyac tarazlığı” adlı örnəkdə öz əksini tapıb.
İdarəçilik konsaltinqinin daxili bazara müsbət təsir edə bilməyinin mümkünlüyü üçün konsaltinq xidmətləri ilə birgə, şəffaf iqtisadiyyatın, bütün iştirakçılara bərabər imkanların yaradılması, rəqabətli daxili bazar, kiçik və orta sahibkarlığın iqtisadiyyatda əsaslı payının olması mövcud olmalıdır. Bu barədə ətraflı şəkildə məqalədə məlumat verilib (link: https://sciendo.com/article/10.2478/mcj-2022-0003).
Amma əsaslı, davamlı əmədaşlıq və sərmayə yatırımları üçün bir çox sahələrdə təmirə ehtiyyac var.
- Siz hansı məsələləri nəzərdə tutursunuz, ətraflı açıqlaya bilərsiniz?
- Məsələn, Azərbaycanın korrupusiya və GNİ (Ümumi Milli Gəlir) indeksi, Freedom House-da sıralaması investisiya planlarının qarşısını alır.
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) yaradılması haqqında Konvensiyaya, Sənaye Mülkiyyətinin Mühafizəsi üzrə Paris Konvensiyasına və Ədəbi və İncəsənət Əsərlərinin Mühafizəsi üzrə Bern Konvensiyasına üzvdür. Azərbaycan həm də Cenevrə Fonoqramma Konvensiyasının iştirakçısıdır və 2005-ci ildə ÜƏMT-nin iki İnternet müqaviləsinə qoşulub. Bu cür müvəfəqiyyətli addımlar, Azərbaycanın əqli mülkiyyət və mədəni irslərin qorunmasını qanunvericilik səviyyəsində ciddiyə alması Azərbaycanı qanunlara və legitim əmakdaşlıqlara üstünlük verən potensial, etibarlı tərəfdaş kimi təqdim edir.
Amma bir sıra beynəlxalq təşkilatlara qoluşulmamağımız, xüsusən də ÜTT-yə üzv olmaq barədə danışıqlar fazasını aşa bilməməyimiz, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatından ayrılmağımız, World Justice Project kimi beynəlxalq layihələrin üzvü olmamağımız ölkəmiz və iqtisadiyyatımız barəsində mənfi fon yaradır. Düşünürəm ki, bu təşəbbüslərdən kənar qalmağımızın siyasi- iqtisadi səbəblərini Azərbaycan rəhbərliyi daha dərindən bilir , lakin, hələ ki, bu təşkilatlara tam etibar etmir. Eyni zamanda düşünürəm ki, bu təşkilatlara qoşulmağımız ölkəyə daha uzunmüddətli etibarlı tərəfdaşlıqlar gətirə bilər.
- Sizin məqalərə toxunduğunuz və indi də qeyd etdiyiniz əsas məsələlərdən biri inkişafa kömək edəcək 5 amildir. Bu amillər hansılardır?
- Bunlar şəfaf iqtisadiyyatın olması, burada bazarın bütün iştirakçılarına, yəni steykholderlərə bərabər şəraitin yaradılmasıdır. Bundan başqa, ölkə iqtisadiyyatı rəqabətli olmalı, xüsusən də, kiçik və orta sahibkarların daxili bazarda payının nəzərəçarpan dərəcədə üstün olması vacibdir.
Milli iqtisadiyyata töhfə vermək üçün isə mütləq daxili bazarda kiçik və orta bizneslərin payı və qatqısı çox olmalıdır. Böyük təşkilatların iqtisadiyyata böyük töhfəsinin olmasına baxmayaraq, böyük təşkilatların da uzunmüddətli, davamlı mövcudluğu üçün bazarda sağlam rəqabətlilik olmalıdır, əks halda inhisarçılıq bazarın inersiyasına və böyük təşkilatların qısa zamanda süqutuna səbəb olacaq. Otuz il ərzində ölkəmizdə davamlı inkişaf göstərə bilməyən böyük holdinqlərin çökməsinə hər birimiz şahid olduq. İnkişafın uzunmüddətli olması üçün kiçik və orta sahibkarlığın payı nəzərəçarpacaq dərəcədə görünən olmalıdır. Çünki dünya innovasiyalar üzərində qurulub, innovasiyalar da aşağı səviyyədə yaranaraq yuxarı səviyyəyə doğru ötürülür. Davamlı uğur izi olan böyük şirkətlər innovasiyalar yaradan kiçik və orta biznesləri (KOB) yaxından izləyir, və onların dinamikliyində maraqlı olurlar. KOB-larla əməkdaşlıqlar qurur səmərəli layihələr və işbirliyi üzərindən iqtisadiyyatın canlı saxlanılmasına zəmin yaratmış olurlar. Ona görə də böyük şirkətlər KOB-ları fəalyyətlərinə təhlükə olaraq deyil, fürsətlər kimi qiymətləndirməli, onların dəstəklənməsində maraqlı olmalıdırlar. Eləcədə islahatlarda, qanunvericilikdə bu istiqaməti dəstəkləyən addımlar olmalıdır. KOBİA –nın yaradılması kimi müəyyən addımlar atılıb, amma yetərli olduğunu düşünmürəm.
Eləcə də bazarda kiçik və orta biznesə dəstək verən konsaltinq şirkətlərinin olması vacibdir. Doğrudur, indi bazarda konsaltinq şirkətləri var, amma təəssüf ki, onlar daha çox bu sahədə Dünya nəhəngləri olan şirkətlərdir, onlar da böyük şirkətlərlə çalışır, KOB-larla çalışmaqda maraqlı olmurlar. Yerli konaltqinlər isə, əfsuslar olsun ki, milli iqtisadiyyatımıza töhfə vermək, və dəyər yaratmaq məqsədilə deyil, digər maraqlar üçün fəaliyyət göstərir. Ona görə də mən düşünürəm ki, bu sahəyə də fikir vemək çox vacibdir.
- Samir müəllim, siz Azərbaycanın «World Justice Project» layihəsinə qoşulmasının əhəmiyyətini qeyd edirsiniz. Bunun nə kimi üstünlükləri var?
- «World Justice Project» yəni, Dünya Ədalət Layihəsində müəyyən edilmiş spesifik faktorlar və göstəricilər nəzərə alınaraq indekslər hesablanır və ölkələrin reytinqləri müəyyən olunur. İnvestorlar hər hansı ölkəyə yatırım etmək istəyəndə bu göstəricilərə ciddi önəm verirlər. WJP səkkiz faktor üzrə göstəricələrə əsasən hər ölkənin müvafiq reytinqini müəyyənləşdirir. Hökumətin səlahiyyətlərini qanunvericiliyə nisbətdə müəyyən olunması, korrupsiyanın mövcudluq səviyyəsi, açıq hökümət prinsipi, fundamental hüquqlar, təhlükəsizlik, mülki və cinayət ədliyyəsinin səviyyəsini qiymətləndirir. İnvestorlar bu amilləri görür və qiymətləndirirlər. Biz bu sistemlərə qoşulmaqla güclü tərəflərimizi dünyaya və potensial investorlara göstərə bilərik.
İnvestor qanunların onu qoruyacağı yerdə işləməyə üstünlük verir, son nəticədə onun şəxsini və kapitalını qoruyan mühitə üz tutur. İnvestor əmin olmalıdır ki, onun hüquqları qorunacaq, kiminsə hansısa əlaqələri olduğuna görə onun hüquqları tapdalanmayacaq, lazım olarsa, məhkəmə onu qoruyacaq. Bu nüansların hamısı həllini tapmalıdır ki, bütövlükdə müsbət mənzərə formalaşsın və investoplar üçün Azərbaycana investisiya etmək maraqlı və cəlbedici olsun.
- Xarici investorlar və iş adamları üçün Azərbaycanın hansı üstün cəhətlərini qeyd edə bilərsiniz?
- İnvestorlar üçün ölkəmizdəki bir sıra cəhətlər üstünlük və cəlbecidi ola bilər. Məsələn, elə təhlükəsizlik məsələsi - bizim ən güclü tərəflərimizdən biridir. Hər birimiz şahidik ki, dünyanın bir çox yerlərində olmayan əmin-amanlıq Azərbaycanda var. Gecənin hansı saatında olmasından asılı olmayaraq, ictimai-əsayiş qorunur, kriminal aşağı dərəcədədir. Bu bizim üstünlüyümüzdür və biz bundan istifadə etməli, yaxşı təqdim etməli və dünyaya çatdırmalıyıq. Bunu hətta turist də başa düşüb, Azərbaycana səfər edəcək, çünki turistlər də, iş adamları da kriminalın aşağı olduğu yerlərə yatırım edirlər.
Bundan başqa, ASAN Xidməti dünyaya göstərə bilərik – əslində bu məsələ DƏL-in «Open Goverment» hissəsində əks olunsa DƏL reytinqində müsbət yerlər əldə edə bilərik. Ümumiyyətlə belə təşukilatların üzvü olmağın müsbət təsirləri çoxdur.
- Sizcə biznesin və sahibkarlığın daha da inkişafı, investisiyaların cəlbi üçün ölkədə hansı əlavə addımlar atıla bilər?
- Ümumiyyətlə məqsədimiz nədir? – Azərbaycanın ilk növbədə etibarlı tərəfdaş olduğunu təqdim etməkdir. Bunun üçün də belə təşkilatların üzvü olmaq yaxşı nəticələr verə bilər. Təbii ki, eyni zamanda onunla əlaqədar olaraq miqrasiya, vergi, gömrük sahələrində də təşviqedici və güvən yaradacaq addımlar atılmalıdır. Buna doğrü əsaslı addımlar atılıb. Vergi Məcəlləsinə Azərbaycanda sənaye və yüksək texnologiyalar parklarının rezidentləri 10 il müddətinə gəlir, torpaq və əmlak vergilərindən azad olmaları, bundan başqa, istehsal müəssisələrinin tikintisi üçün avadanlıq və qurğuların idxalında ƏDV və gömrük rüsumlarından azadolma müddəti 10 ilədək uzadılma kimi dəyişikliklər təqdirəlayiqdir. Lakin bununla bitməməli, dəyişikliklərin nə dərəcədə dəyər yaratması hər il üzrə araşdırılmalı, müqayisələr aparılmalıdır. Təşviqedici islahatlar müvafiq sahələr üzrə məhdudlaşmamalıdır.
Həmçinin, investorları cəlb etmək üçün Azərbaycanın turizm, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mövcud KOB-lara bazarı canlandırmaq üçün imkanlar yaradılmalı, logistik habların, ağıllı anbar və saxlama sistemlərinin qurulmasında, idarəolunmasında KOB-ların aktiv qoşulmasına əlverişli mühit yaradılmalıdır. İnvestor innersiya olan bazara niyə yatırım etsin ki?! Siz bilə-bilə ki, yatırımınız gəlir verməyəcək, batacaq, yatırım edərsiniz?! Ətrafımızda uğurlu izi olan kifayət qədər nümunələr var.
- Siz Birləşmiş Ərəb Əmirliklərinini təcrübəsini nəzərdə turusunuz?
- Təkcə Birləşmiş Ərəb Əmirlikləri deyil, Qətər, və Səudiyyə Ərəbistanı son onilliklərdə inanılmaz inkişaf dinamikası göstərə biliblər. Qətərə birbaşa xarici sərmayənin (BXS) miqdarı 2022-ci ildə 29,8 milyard ABŞ dolları, 2023-cü ildə BƏƏ-yə 30,688 milyard ABŞ dolları, təşkil edib. Səudiyyə Ərabistanı 2030-cu ildə 103,42 milyard ABŞ dolları həcmində BXS-i hədəfləyib. Bu iqtisadiyyatları, vergi sistemlərini, investisiyanı təşviq edən islahatlarını əsaslı araşdırmaq, öyrənmək gərəklidir. Hal-hazırda Azərbaycana da Rusiya-Ukrayna müharibəsi fonunda, əsasən də əmlak bazarına yatırımlar izlənilir. Bu cür konfliktlər fonunda yatırımlar heç də dayanıqlı deyil və uzun müddətli prespektivdə nələrsə vəd vermir. Qısa müddətdə ölkə iqtisadiyyatına sərmaye gətirsə də, iki konfliktli ölkə arasında münasibətlər tənzimləndikdən sonra, asanlıqla əks effekt yarada bilər. Nəticə olaraq, sərmayenin geri götürülməsi və ölkədən vəsaitin çıxarılması, iqtisadiyyata mənfi təsir ilə nəticələnə bilər. Bunu deməkdə məqsədim odur ki, real iş yerləri yarada biləcək investisiyalara fokuslanmaq lazımdır.
- Xarici investorlar tərəfindən ölkəmizdə işləmək üçün sizə hansı sahələrlə bağlı sorğular daxil olur?
- Azərbaycanda biznes qurmaq, yatırım etmək üçün bizə əməkdaşlıqla bağlı çoxsaylı təkliflər gəlir. Məsələn turizm sektoru ilə bağlı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının A qrupunda təmsil olunan Türkiyə, Uels, Isveçrə-nin oyunları Bakı-da keçirildiyinə görə əməkdaşlıqlar üçün şərait yaranmış oldu. Bununla bağlı əsaslı görüşləmiz və danışıqlarımız baş tutdu. Uels yığmasının hüquq komandası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzaladıq, Azərbaycana dəvət edib, səfərlərini təşkil etdik, tarixi mədəni irsimizlə, dəyərlərimizlə tanış etdik. Lakin, sonra pandemiya oldu və 2021-ci ildə keçirilən Avropa Kubokunda pandemiyada dünyasını dəyişənləri nəzərə alaraq hər iki tərəf bu layihənin davam etdirilməsinə demotivə oldu. Uzunmüddətli məqsədimiz, iki ölkə arasında turizm və idman sahələrində ikitərəfli əməkdaşlıq imkanlarını yaratmaq və onu inkişaf etdirmək idi.
Bundan başqa da müxtəlif əməkdaşlıq təklifləri gəlir. Amma vizionumuza və imkanlarımıza aid olmayan təklifləri birmənalı olaraq geri çeviririk, vaz keçirik. Neqativ hallarla da rastlaşırıq. Çox şükür, təcrübəmiz və peşəkarlığımız bu cür hallara yerində lazımi qiymət verə bilməyimizə imkan verir. Bu cür təcrübələrlə də, peşəkarlığımızı itiləmiş oluruq.
Bundan başqa, ölkə daxilində kiçik və orta biznesə aid sahibkarlarla da əməkdaşlığımız olub. Onların özləri də məhsullarını satmaq, xaricə ixrac etmək üçün dəstək istəyirlər. Ümid edirəm ki, aparılan islahatlar digər sahələrlə yanaşı, kiçik və orta sahibkarlara da faydasını verəcək.
– Müsahibəyə görə, təşəkkür edirik.
- Dəvətinizə görə çox sağ olun. Milli iqtisadiyyatımıza faydalı olan xəbərlərə, bilik mübadiləsinə görə FED.az kollektivinə dərin təşəkkürümü bildirirəm.