2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, xarici ölkələrdən Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi ölkələrdən sərmayə qoyuluşunda rekord artım göstəriciləri qeydə alınıb.
Renkinqə Serbiya başçılıq edir. Bu ölkədən yatırılan investisiyalar ötən il cəmi 219 min dollar olduğu halda, bu il 6 milyon 187 min dollara çatıb. Nəticədə investisiya axını 28,3 dəfə və ya 5 milyon 969 min dollar artıb.
İkinci yerdə İsveç qərarlaşıb. Bu ölkədən investisiya ötən il 1 milyon 730 min dollar təşkil etdiyi halda, bu il 29 milyon 664 min dollara yüksəlib. Bu da 17,2 dəfə və ya 27 milyon 934 min dollar artım deməkdir.
Finlandiya üzrə göstərici 2 milyon 218 min dollardan 21 milyon 206 min dollara qalxıb və üçüncü sırada yer alıb. Burada 9,6 dəfə və ya 18 milyon 989 min dollar artım tempi qeydə alınıb. Belarusda isə vəsait 716 min dollardan 4 milyon 676 min dollara yüksəlib. Nəticədə 6,5 dəfə və ya 3 milyon 960 min dollar artım olub.
Digər ölkələr üzrə artım göstəriciləri aşağıdakı kimidir:
İsveçrədən yatırılan investisiyalar 47 milyon 651 min dollardan 283 milyon 982 min dollara çatıb. Bu, 6,0 dəfə və ya 236 milyon 331 min dollar artım deməkdir. Qırğızıstan 2 milyon 207 min dollardan 12 milyon 983 min dollara yüksələn göstərici ilə altıncı yerdə qərarlaşıb. Bu ölkədən investisiya 5,9 dəfə və ya 10 milyon 777 min dollar artıb.
Gürcüstandan daxil olan vəsait 31 milyon 47 min dollardan 74 milyon 412 min dollara yüksəlib ki, bu da 2,4 dəfə və ya 43 milyon 365 min dollar artım deməkdir. Macarıstan ötən il 133 milyon 756 min dollar yatırmışdısa, bu il rəqəm 260 milyon 644 min dollar olub. Artım 95% və ya 126 milyon 888 min dollar təşkil edib.
Siyahını Qazaxıstan və Rusiya Federasiyası tamamlayır. Qazaxıstandan investisiya 9 milyon 259 min dollardan 17 milyon 193 min dollara (86% artım), Rusiyadan isə 97 milyon 892 min dollardan 181 milyon 208 min dollara (85% artım) yüksəlib.











