İqtisadiyyatı və ixracı şaxələndirməklə (diversifikasiya etməklə) neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına qısa müddətdə nail olmaq istəyən Azərbaycan üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların (BXİ) cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək hökumətin nail olmağı qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş BXİ-ın qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması” (2015-ci ildə 2.6 faiz olub) kimi müəyyən edilib.
Böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub: 2000-2017-ci illər dövründə ölkə iqtisadiyyatına yönəldilən 77.8 mlrd. ABŞ dolları məbləğində BXİ-nin 85 faizindən çoxu (66.8 mlrd. dolları) neft-qaz sektorunun payına düşüb. Lakin ölkənin qeyri-neft/qaz sektoru, xüsusilə emal sənayesi həmin dövrdə xarici investorlarda kifayət qədər maraq yarada bilməyib. Ölkənin neft-qaz hasilatı sektorunda xarici investorların bu qədər fəal olduğu bir şəraitdə qeyri-neft/qaz (qeyri-hasilat) sahələrinə onların marağının belə az olması düşündürücü bir vəziyyətdir. Bu sektorlara BXİ-nin cəlb edilməsinin artımına nail olmaq üçün xarici investorları çəkindirən amillərin aşkara çıxarılması və bunların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi vacibdir. İnvestisiya fəallığının artırılması istiqamətində son 3 ildə hökumətin qəbul etdiyi qərarların nə qədər təsirli və yetərli olması da araşdırılmalı olan məsələlər sırasındadır.
Ədəbiyyat xülasəsi
BXİ-nin cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə xüsusilə kəskinləşib. Buna görə də bu və ya digər ölkə iqtisadiyyatının və hökumət siyasətinin BXİ üçün cəlbediciliyini təmin edən amillərin müəyyənləşdirilməsi məsələsi həm xalis elmi tədqiqatların, həm də beynəlxalq təşkilatların və milli hökumətlərin praktiki araşdırmalarının daima diqqət mərkəzində olan əsas mövzulardandır.
BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) hər il dünya ölkələrində BXİ-nin durumu ilə bağlı xüsusi illik hesabatlar hazırlayır. Həmin hesabatlarda BXİ-nin artım dinamikası, xarici investisiyaların cəlb edilməsi üçün hökumətlər tərəfindən həyata keçirilən tədbirlərin xülasəsi və mühüm inkişaf meylləri ümumiləşdirilərək təqdim olunur. Təşkilatın “İnvestisiyalar və yeni sənaye siyasətləri” (İnvestments and New Industrial Policies) mövzusuna həsr edilmiş 2018-ci il hesabatına əsasən 2017-ci ildə qlobal BXİ axınlarının məbləği 1.43 trln. ABŞ dolları məbləğində olub ki, bu da 2016-cı illə (1.87 trln. ABŞ dolları) müqayisədə 23 faiz azalma deməkdir. Hesabatda qeyd edilir ki, 2017-ci ildə 65 ölkədə investisiyalarla bağlı 126 qərar qəbul edilib ki, bunun da 84%-i investorlar üçün əlverişli olub (2016-cı ildə 58 ölkədə 124 investisiya siyasəti qərarı verilmişdi). Bu qərarlar ayrı-ayrı sahələrdə (nəqliyyat, energetika və istehsal sahələri də daxil olmaqla) giriş maneələrinin aradan qaldırılması, inzibati prosedurların azaldılması və stimallaşdırıcı mexanizmlərin yaradılmasına yönəlik olub.
Dünya Bankının (DB) “Qlobal investisiyaların rəqabət qabiliyyətliliyi hesabatı 2017-2018: xarici investor perspektivləri və siyasət nəticələri” adlı tədqiqatında 754 beynəlxalq şirkətin rəhbərləri arasında keçirilən sorğunun nəticələri təqdim edilib. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri BXİ-la bağlı qərarlara təsir göstərən amilləri əhəmiyyətlilik dərəcəsinə görə qiymətləndiriblər.
Beynəlxalq təşkilatlarla yanaşı ayrı-ayrı regional təşkilatlar da BXİ axınları üzrə araşdırmalar aparırlar. Xüsusilə Avrasiya və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivələrində aparılan araşdırmalarda Azərbaycanla bağlı ortaya çıxan nəticələr maraq doğurur. Məsələn, Avrasiya İnkişaf Bankının “MDB ölkələrində qarşılıqlı investisiyaların Monitorinqi-2017” hesabatında göstərilir ki, Azərbaycanın MDB ölkələrinə qoyduğu investisiyanın məbləği (illər üzrə toplam) 2016-cı ildə 2.4 mlrd. ABŞ dolları səviyyəsinə çatıb, halbuki həmin ölkələrdən Azərbaycan iqtisadiyyatına yönəldilmiş investisiyanın məbləği 0.91 mlrd. ABŞ dolları (bunun 0.89 mlrd. dolları Rusiyanın payına düşür) olub. Avrasiya İnkişaf Bankının “Avrasiya İqtisadi Birliyi və Avrasiya materiki ölkələri: birbaşa investisiyaların monitorinqi və analizi – 2017” adlı digər bir tədqiqatına əsasən Azərbaycan Avrasiya İqtisadi Birliyindən kənarda olan MDB ölkələri arasında kapital ixracına görə liderdir: son 5 ildə (2012-2016-cı illər nəzərdə tutulur) MDB-dən kənar Avrasiya ölkələrinə Azərbaycandan daxil olan BXİ-nin orta illik artım tempi 41% olub. Həmin tədqiqata görə 2016-cı ilin sonuna qeyd edilən regionda Azərbaycanın toplam (ümumi) BXİ-nin məbləği 16.9 mlrd. ABŞ dolları məbləğində olub ki, bunun da ¾-ü Türkiyə iqtisadiyyatına yönəldilib.
Azərbaycan iqtisadiyyatına yönəldilən BXİ-nin dinamikası və meylləri
Müstəqil Azərbaycan iqtisadiyyatına BXİ-nin daxil olmasına 1995-ci ildən başlandığını demək olar. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə müşahidə olunan siyasi sabitsizliyin 1994-cü ilin sonlarında əsasən aradan qaldırılması, Qarabağ müharibəsində atəşkəsin elan olunması, xüsusilə 1994-cü ilin sentyabrında ölkənin ilk beynəlxalq neft sazişi olan “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması ölkəyə birbaşa xarici investisiyaların gəlməsinə yol açdı.
DSK-nın məlumatına əsasən 1995-2017-ci illər dövründə ölkə iqtisadiyyatına ümumilikdə 125.5 mlrd. ABŞ dolları məbləğində xarici investisiya daxil olub ki, bunun da 96.1%-i (yaxud 120.6 mlrd. dolları) 2000-2017-ci illər dövründə baş verib. 2000-2017-ci illər dövründə ölkəyə daxil olan bütün xarici investisiyanın 29.2 mlrd. dolları (yaxud 24.2%-i) Azərbaycan hökumətinin və ayrı-ayrı dövlət və özəl qurumlarının beynəlxalq maliyyə-kredit təşkilatlarından cəlb etdikləri maliyyə kreditləri, 77.8 mlrd. dolları (64.5%-i) birbaşa investisiyalar, 217.7 mln. dolları (0.2%-i) neft bonusu, qalan 13.4 mlrd. dolları (11.1%-i) isə digər investisiyalar (əsasən portfel investisiyalar) olub.
2000-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 77.8 mlrd. dollar BXİ-nin 66.8 mlrd. dolları yaxud 85.9%-i neft sektorunda, qalan 19.9 mlrd. dolları (14.1%-i) isə qeyri-neft sahələrində reallaşdırılıb.
İllər üzrə neft sektoruna daxil olan BXİ-nin məbləği hər zaman qeyri-neft sektoru ilə müqayisədə dəfələrlə çox olub (diaqram 1).
İl ərzində ölkənin qeyri-neft sektoruna cəlb edilən BXİ-nin məbləği 2008-ci ildə 500.0 mln dollar, 2012-ci ildə isə 1.0 mlrd. dollar səviyyəsinə çatdı. 2003-2014-cü illər dövründə qeyri-neft sektoruna cəlb edilən BXİ-nin məbləğində tədrici artım müşahidə olunsa da, son 3 ildə (2015-2017-ci illərdə) kəskin dalğalanma (volotillik) baş verib: belə investisiyaların məbləği əvvəlki illə müqayisədə 2015-ci ildə 34.7% azalıb, 2016-cı ildə 98.3% artıb (1.7 mlrd. dollar səviyyəsinə çatıb), 2017-ci ildə isə yenidən 52.4 faiz (yəni 2 dəfədən çox) azalıb (diaqram 2).
Azərbaycanın neft sektoruna cəlb edilən BXİ-nin neft sektoru üzrə illik ÜDM-ə nisbəti 2007-ci ilədək hər zaman 20%-in üzərində olub (hətta 2004-cü ildə 150%-i ötüb), 2008-2013-cü illər dövründə 10-20% aralığında dəyişib, 2015-ci ildən sonra isə yenidən 30%-in üzərində qərarlaşıb.
Bundan fərqli olaraq qeyri-neft sektoruna cəlb edilən BXİ-nin qeyri-neft ÜDM-nə nisbəti çox zaman 3%-in altında olub (yalnız bir neçə il 3%-in üstünə çıxa bilib). 2016-cı ildə isə bu göstəricinin səviyyəsi 7.6% səviyyəsinə yüksəlib. Göstəricinin belə kəskin dəyişilməsində həmin il qeyri-neft ÜDM-nin kəskin azalması həlledici rol oynayıb: 2016-cı ildə qeyri-neft ÜDM-nin miqdarı təqribən 22.5 mlrd. ABŞ dolları səviyyəsində olub ki, bu da 2014-cü ildəkindən (təqribən 42.3 mlrd. dollar) 46.8%, 2015-ci ildəkindən (təqribən 33.3 mlrd. dollar) isə 32.4% az olub. 2017-ci ildə isə BXİ-nin azalması nəticəsində həmin göstəricinin səviyyəsi də 3.5%-ə düşüb. (Yeri gəlmişkən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəfin “2025-ci ilədək qeyri-neft sektoruna yönəldilmiş BXİ-ın qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması” kimi müəyyən edilməsi bu baxımdan qüsurlu görünür, çünki milli valyutanın məzənnəsi göstəricinin səviyyəsinə ciddi təsir göstərə bilir.)
2000-2017-ci illər dövründə ölkənin qeyri-neft sektoruna toplam 10.9 mlrd. ABŞ dolları məbləğində BXİ daxil olub: bu həmin dövr ərzində ölkənin qeyri-neft sektorunda yaradılmış ümumi ÜDM-in 3.3%-i qədərdir.
DSK-nın məlumatına əsasən bu dövr (2000-2017-ci illər) ərzində qeyri-neft sektoruna daxil olmuş ümumi BXİ-nın 2588.2 mln. dolları (23.7%-i) Türkiyə, 1649.3 mln. dolları (15.1%-i) Böyük Britaniya, 1125.0 mln. dolları (10.3%-i) Niderland, 911.7 mln. dolları (8.3%-i) ABŞ, 757.9 mln. dolları (6.9%-i) Rusiya Federasiyası, 717.6 mln. dolları (6.6%-i) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 615.4 mln. dolları (6.6%-i) Almaniya, 143.7 mln. dolları (1.3%-i) İtaliya, 138.3 mln. dolları (1.3%-i) Fransa, 97.1 mln. dolları (0.9%-i) Çin və 91.0 mln. dolları (0.8%-i) İran şirkətlərinin payına düşüb (diaqram 3).
Azərbaycanın qeyri-neft sektorunda Türkiyə şirkətlərinin investisiyaları çox zaman (arada bir neçə il istisna olmaqla) üstün mövqeyə malik olub. Bundan başqa ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya, Fransa və Rusiyadan demək olar hər il Azərbaycanın qeyri-neft sektoruna müəyyən qədər investisiyalar daxil olub. Amma son 2-3 ildə Rusiya və İsveçrədən gələn investisiyanın daha sürətlə artması baş verib. Ölkənin qeyri-neft sektoruna daxil olan BXİ-nin məbləğində 2015-ci ildəki azalmadan sonra 2016-cı ildə baş verən kəskin artımda İsveçrə, Rusiya və Türkiyədən daxil olan vəsaitlər həlledici rol oynayıb: həmin il qeydə alınan 1.7 mlrd. ABŞ dolları məbləğində BXİ-nın 1.04 mlrd. dolları, yaxud 61.0%-i bu 3 ölkənin payına düşüb (diaqram 4).
2016-cı ildə ölkənin qeyri-neft sektoruna ən çox BXİ İsveçrədən daxil olub: 370.5 mln. ABŞ dolları məbləğində. Həm də bu, 2000-2017-ci illər dövründə İsveçrədən Azərbaycanın qeyri-neft sektoruna daxil olan bütün investisiyanın 60.2%-i qədərdir. 2016-cı ildə Azərbaycana daxil olan BXİ-da Rusiya 363.2 mln. ABŞ dolları ilə ikinci olub. Maraqlıdır ki, 2000-2017-ci illər dövründə Rusiyadan Azərbaycanın qeyri-neft sektoruna daxil olan BXİ-nin 71.6%-i (542.2 mln. ABŞ dolları məbləğində) son 2 ilin ( 2016 və 2017-ci illərin) payına düşür.
Yeri gəlmişkən: DSK Azərbaycanın qeyri-neft sektoruna daxil olan BXİ-nin ölkələr üzrə məbləği haqqında məlumatları təqdim etsə də, həmin vəsaitlərin yönəldildiyi sahələr haqqında məlumat açıq deyil. Azərbaycan Respublikasının Mərkəzi Bankı da illik tədiyə balansı ilə bağlı məlumatında qeyri-neft sektoruna cəlb edilən BXİ-nin yalnız ümumi məbləğini təqdim edir, amma sahələr və layihələr barədə məlumat vermir. Buna görə də Rusiya və İsveçrədən daxil olan BXİ-nin 2016-cı ildə belə kəskin artımını izah etmək çətindir. Ola bilsin ki, son 3 ildə Rusiya investisiyalarında olan kəskin artım “Qazprombank” ASC-nin Sumqayıt Kimya Sənaye Parkında reallaşdırılan “SOCAR-Polymer” layihəsinin maliyyələşdirilməsində iştirakı ilə bağlıdır: 750 mln. dollarlıq bu layihənin 60%-i (təqribən 450 mln. dollar) “Qazprombank” ASC-nin krediti hesabına maliyyələşdirilib.
Qeyri-neft sektoruna cəlb olunan BXİ-nin araşdırılması zamanı ölkədə fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələrin sahə bölgüsü və iqtisadi fəaliyyət növləri üzrə əsas kapitala yönəldilən xarici investisiyaların izlənilməsi də əhəmiyyətlidir. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Ş.Mustafayev indiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkətinin qeydiyyatdan keçdiyini bildirir. Lakin DSK-nın məlumatına əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatında 1424 birgə və tam xarici investisiyalı müəssisə fəaliyyət göstərib (2000-ci ildə bunların sayı 551, 2010-cu ildə 1091, 2015-ci ildə 1235 olub). 2017-ci ildə fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələrin 528-i (bütün belə müəssisələrin 37%-i) ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 271-i (19.0%-i) sənayedə (neft-qaz sənayesi də daxil olmaqla), 151-i (10.6%-i) peşə, elmi və texniki fəaliyyət sahəsində, 138-i (9.7%-i) tikintidə, 74-ü (5.2%-i) nəqliyyat və anbar təsərrüfatında, 41-i (2.9%-i) informasiya və rabitə sahəsində, 41-i (2.9%-i) turistlərin yerləşdirilməsi və ictimai iaşə işlərində, 30-u (2.1%-i) isə kənd təsərrüfatı və balıqçılıq sahələrində fəaliyyət göstərib. Azərbaycanda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələrin ölkə mənsubiyyəti haqqında məlumatlar da açıq deyil.
DSK-nın məlumatına əsasən 2017-ci ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala (fixed capital) yönəldilmiş 8.7 milyard manatlıq bütün xarici investisiyanın (BXİ da daxil olmaqla) 6.3 milyard manatı (72.6 faizi) mədənçıxarma sənayesində (əsasən neft-qaz hasilatına), qalan 2.4 milyard manatı isə iqtisadiyyatın digər sahələrində reallaşdırılıb. Qeyri-neft/qaz sahələrində əsas kapitala yönəldilən xarici investisiyanın 1.07 milyard manatı (təqribən 45%-i) tikintinin, 548.1 mln. manatı (22.8%-i) nəqliyyat və anbar təsərrüfatının, 468.9 mln. manatı (19.5%-i) su təchizatının, təqribən 200 mln. manatı (8.3%-i) isə elektrik enerjisi, qaz və buxar istehsalının payına düşüb.
Əsas kapitala yönəldilən xarici investisiyaların 2017-ci ildə müşahidə olunan belə sahə quruluşu demək olar son 3 ildə (2015-2017) dəyişməzdir. Belə ki, DSK-nın məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, son 3 ildə Azərbaycan iqtisadiyyatında əsas kapitala bütün mənbələr üzrə yönəldilmiş 24.8 milyard manatlıq xarici investisiyanın 18.6 milyardı, yaxud 75%-i mədən sənayesinin (əsasən neft-qaz sənayesinin) payına düşüb. Son 3 ildə iqtisadiyyatın qalan sahələrində əsas kapitala sərf edilən 6.2 milyard manatlıq xarici investisiyanın 51.3 faizi (3.2 milyard manatı) tikintiyə, 21.2%-i (1.3 milyard manatı) anbar təsərrüfatına, 18.2%-i (1.14 milyard manatı) su təchizatına, 4.6%-i (288.5 milyon manatı) isə elektrik enerjisi istehsalına yönəldilib. Bunlardan fərqli olaraq, son 3 ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində əsas kapitala cəmi 76.8 milyon manat (1.2%), emal sənayesində 48.2 milyon manat (0.8%), informasiya və rabitədə isə 22.0 milyon manat (0.3%) xarici investisiya qoyuluşu olub.
Qeyd etməliyik ki, su təchizatı və elektrik enerjisi istehsalı sahələrinə cəlb olunan xarici investisiyalar əsasən beynəlxalq maliyyə qurumlarından alınan kreditlərdən ibarətdir.
Deməli, qeyri-neft sektoruna BXİ baxımından xarici investorlar üçün Azərbaycan iqtisadiyyatında hələlik cəlbedici görünən sahələr əsasən tikinti və anbar təsərrüfatı kimi qeyri-ticari sektorlardır. İstehsal sahələri, xüsusilə emal sənayesi və kənd təsərrüfatı BXİ-nin marağını ciddi şəkildə cəlb edə bilməyib. Halbuki 2016-cı ilin sonunda dövlət başçısının təsdiq etdiyi iqtisadiyyatın əsas sahələri üzrə strateji yol xəritələrində nəqliyyat və turizm ilə yanaşı kənd təsərrüfatı və informasiya-kommunikasiya texnologiyaları, habelə istehlak malları istehsal edən kiçik və orta sahibkarlığın inkişafı əsas prioritetlər kimi bəyan olunub.
İnvestorlar Azərbaycanı necə və haradan tanıyırlar?
BXİ-nin cəlb edilməsi üçün xarici investorların ölkə və onun gözlənilən inkişaf perspektivləri haqqında, ölkədə biznes və investisiya mühiti, bu mühitdə baş verən dəyişikliklər barəsində kifayət qədər məlumatı olmalıdır. Dunning və Lundan (2008) bu və ya digər ölkəyə daxil olan BXİ-nin motivasiya mənbəyindən asılı olaraq bu cür investisiyaların 4 tipini fərqləndirirlər: 1) ölkənin təbii resurslara malik olması; 2) təyinat ölkəsində bazarın miqyası və əlçatanlığı; 3) daxili bazarda firmanın strateji aktivlərə sahib olması; və 4) istehsalın səmərəliliyinin yüksəldilməsi hesabına xərclərə qənaət niyyəti. Müəlliflər bildirirlər ki, motivasiya mənbəyindən və investisiya tipindən asılı olaraq investorlar təyinat ölkəsindəki hökumətin siyasi qərarlarına və ölkədəki ümumi investisiya mühitinə fərqli reaksiyalar göstərirlər. Onların fikrincə, təbii ehtiyatlara və strateji aktivlərə sərmayə qoyan investorlar investisiya mühitində baş verən dəyişikliklərə çox da həssas olmurlar. Xərclərə qənaət motivindən çıxış edən investorlar isə onların məsrəflərini artıra biləcək yaxud sərbəst mübadiləyə maneələr yaradacaq hər cür dəyişikliklərə çox həssas olurlar. Emal sənayesi və digər istehsal sahələri məhz xərclərə qənaət və bazarların miqyası baxımından investorlar üçün maraq doğura biləcək sahələrə aiddir.
2015-ci ilin ortalarından etibarən Azərbaycan hökuməti tərəfindən ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması (lisenziya və icazələrin azaldılması, prosedurların asanlaşdırılması və s.), sahibkarlıq sahəsində olan yoxlamaların 2021-ci ilədək olan müddətə qismən dayandırılması, investisiyaların təşviq edilməsi (məsələn, “investisiya təşviqi sənədi”nin tətbiqi və həmin sənədi alanlara 7 il müddətinə vergi güzəştlərinin verilməsi, habelə layihə çərçivəsində idxal olunan texnika və texnologiyanın ƏDV və rüsumdan azad edilməsi), sənaye parklarının yaradılması (parkların rezidentlərinə də 7 il müddətinə vergi güzəştləri tətbiq olunur, habelə onların istehsal məqsədi üçün idxal etdikləri texnika və texnologiya ƏDV-dən və rüsumdan azad olunur), yerli istehsalın himayə edilməsi və daxili bazarın qorunması, qeyri-neft ixracının stimullaşdırılması (ixrac təşviqinin tətbiqi, xarici ölkələrdə ixrac missiyalarının təşkili və ticarət evlərinin açılması və s.), idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiqi, bir sıra kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması və s. kimi çox sayda qərarlar qəbul edilib və tədbirlər həyata keçirilib.
Belə investisiya stimulları və ümumiyyətlə ölkədə biznes və investisiya mühiti barədə məlumatlar müəyyən qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) saytında 3 dildə yerləşdirilib. Saytda olan məlumata əsasən Azərbaycan 51 ölkə ilə ikiqat vergitutma sahəsində sazişlər, 47 ölkə ilə ikitərəfli investisiya müqavilələri imzalayıb. Bu sayt 2-3 il bundan əvvəlki ilə müqayisədə məlumat baxımından xeyli zənginləşdirilib. Lakin İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasına daxil olan ölkələrin müvafiq qurumlarının saytları ilə müqayisədə AzPROMO-nun saytında olan məlumatlar çox məhdud xarakter daşıyır. Hətta ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes İşləri Bürosu tərəfindən hazırlanan və Departamentin saytında yerləşdirilən hesabatda (2017 Investment Climate Statements Report) Azərbaycanda biznes və investisiya mühiti haqqında daha geniş məlumat var.
Yaxud Vergilər Nazirliyinin saytında “Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti” adlı material yerləşdirilib. Orada olan məlumatlar vaxtlı-vaxtında yenilənmir. Makroiqtisadi məlumatlar hələ də 2016-cı ilə aiddir, 2017-ci ildə və sonrakı dövrdə qanunvericilikdə olan dəyişikliklər nəzərə alınaraq materialın yenilənməsi aparılmayıb. Halbuki Azərbaycanı və ölkədəki biznes durumunu dünyaya təqdim edən belə informasiyanın zənginləşdirilməsi, vaxtlı-vaxtında və mütəmadi olaraq yenilənməsi son dərəcə vacibdir. Həm də beynəlxalq ekspertlərin fikrincə, investorları investisiyanı qəbul edən ölkədəki mövcud durumdan daha çox ölkənin gələcək inkişafı haqqında məlumatlar maraqlandırır: çünki belə məlumatlar investorlara gələcək gözləntiləri qiymətləndirməyə imkan verir. Buna görə də belə saytlarda və digər mənbələrdə olan informasiyanın mövcud vəziyyətlə yanaşı, həm də ölkənin və ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrin potensialı və inkişaf perspektivləri ilə bağlı məlumatları əks etdirməsi zəruridir.
BXİ-nin cəlb edilməsi üçün ölkədə zəruri mühitin necə olması baxımından Dünya Bankının “Qlobal investisiyaların rəqabət qabiliyyətliliyi hesabatı 2017-2018: xarici investor perspektivləri və siyasət nəticələri” tədqiqatı ilə tanış olmaqda fayda var. Dünya Bankı tədqiqatçılarının dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən 754 beynəlxalq şirkətin rəhbərləri arasında keçirdikləri sorğunun nəticələrinə görə birbaşa investisiyalarla bağlı qərarlara təsir edən amillər sırasında əvvəlinci yerlərdə aşağıdakılar durur: 1) ölkədə siyasi sabitlik və təhlükəsizlik (sorğuda iştirak edənlərin 50%-i son dərəcə vacib, 37%-i isə vacib kimi qeyd edib); 2) hüquqi və tənzimləyici mühit (müvafiq olaraq 40% və 46%); 3) daxili bazarın miqyası (42% və 38%); 4) makroiqtisadi sabitlik və mübadilə kursu (34% və 44%).
Sıralanmada sonrakı yerləri işçilərin bacarıq və qabiliyyətləri (28% və 45%), yaxşı fiziki infrastruktur (25% və 46%), aşağı vergi dərəcələri (19% və 39%), aşağı əmək və material xərcləri (18% və 35%), torpaq və daşınmaz əmlakın əlçatanlığı (14% və 28%) və daxili bazarda maliyyə resurslarına əlçatanlıq (16% və 28%) kimi amillər dayanıb.
Sorğuda iştirak edən şirkət rəhbərləri hesab edirlər ki, ölkədə tənzimləmənin (qanunvericilik praktikasının) öncədən başa düşülən və proqnozlaşdırıla bilən olması son dərəcə vacibdir. Bu baxımdan dövlət qurumlarının davranışlarında şəffaflıq və bu davranışların proqnozlaşdırıla bilən olması (37% son dərəcə vacib, 45% isə vacib hesab edib), qanunvericilikdə investisiyaların qorunmasına təminat verilməsi (uyğun olaraq 45% və 36%), biznesə başlamanın asan olması və mülkiyyətin qorunması (36% və 41%) kimi amillər xüsusilə əhəmiyyətli hesab olunur. İnvestisiya stimulları (21% və 35%), ticarət sazişlərində preferensiyalar (14% və 40%) və ikitərəfli (ölkələrarası) investisiya sazişlərinin olması (15% və 36%) kimi amillər isə sıralanmanın aşağısında qərarlaşıb.
Bu tədqiqatda göstərilən amillər üzrə ölkə vəziyyətinin qiymətləndirilməsində beynəlxalq təşkilatların ölkədəki biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatları (məsələn, EU Business Climate Report Azerbaijan 2018) və ayrı-ayrı beynəlxalq təşkilatların mütəmadi olaraq açıqladıqları beynəlxalq reytinqlər mühüm rol oynayır.
DB-nin “Doing Business” indeksində Azərbaycan 2015-ci ildəki 80-ci yerdən (189 ölkə arasında) 2018-ci ildə 57-ci yerə (190 ölkə arasında) qalxmas təqdirəlayiq olsa da, tikintiyə icazələrin verilməsi (161-ci yer), elektrik təchizatı şəbəkəsinə qoşulma (102), kreditlərin verilməsi (122) və xarici ticarətin aparılması (83) kimi amillər üzrə ölkənin mövqeyinin ciddi şəkildə yaxşılaşdırılmasına ehtiyac olduğu görünür.
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksində Azərbaycan 2010-cu ildəki 51-ci yerdən (133 ölkə arasında) 2018-ci ildə 35-ci yerə (137 ölkə arasında) yüksəlib. Bununla belə İndeksin tərkibində hesablanan maliyyə bazarlarının inkişafı (79-cu yer), sağlamlıq və ibtidai təhsil (74-cü yer), ali təhsil və peşə hazırlığı (68-ci yer), makroiqtisadi mühit (65-ci yer), daxili bazarın miqyası (63-cü yer) və texnoloji hazırlıq (56-cı yer) kimi subindekslər üzrə ölkənin malik olduğu mövqelər müvafiq sahələrdə ciddi dəyişikliklərin zəruriliyini əks etdirir.
The Heritage Foundation fondunun İqtisadi Azadlıq İndeksində Azərbaycan 2000-ci ildəki 49.8 balla “reqressiv (əzilən) ölkələr” qrupundan 2018-ci ildə 64.3 balla “mötədil azad” ölkələr qrupuna keçə bilib. Lakin bu indeksin daxilində qiymətləndirilən hüquqi effektivlik (36.8 bal), hökumətin vəhdəti (Government İntegrity) (39.9 bal), investisiya azadlığı (55.0 bal) və mülkiyyət hüquqları (53.6 bal) kimi subindekslər üzrə ölkənin topladığı ballar və uyğun reytinqlər investorları çəkindirə biləcək səviyyədə hesab olunur.
Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiyaya həssaslıq-2017” indeksində Azərbaycan 100 mümkün baldan 31 balla 180 ölkə arasında 112-ci sırada qərarlaşıb. Bu indeksdə Azərbaycan heç cür ciddi irəliləyişə nail ola bilmir: 2012-ci ildə ölkəmiz 100 mümkün baldan 27 bal toplamışdısa, 2017-ci ilin indeksində 31 bal toplayıb. Halbuki bu indeks ölkədə korrupsiyanın səviyyəsini əks etdirən və bunu dünyaya (o cümlədən investorlara) açıqlayan mühüm mənbə hesab olunur.
Avropa Palatasının DB-nin “Doing Business” və Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiyaya həssaslıq” indeksləri əsasında hazırladığı “Biznes üçün ən yaxşı Avropa ölkələri-2018” reytinqində Azərbaycanın 46 ölkə arasında 45-ci yerdə qərarlaşması xarici investorlarda ölkəmiz haqqında yaxşı təsəvvürlərin formalaşdırmayacağı aydındır.
ABŞ-ın iki aparıcı institutunun (Foreign Policy jurnalı və Amerika Sülh Fondu (The Fund for Peace)) hər il açıqladığı Dövlətlərin Kövrəklik İndeksi (Fragile States Index) 12 meyar üzrə qiymətləndirmə əsasında hazırlanır. 2018-ci il İndeksində Azərbaycan 74.6 balla (maksimum 120 bal) 178 ölkə arasında 78-ci olmaqla təhlükəli risk səviyyəsinə malik (elevated warning) ölkələr qrupunda qərarlaşıb. Azərbaycanın mövqeyi 2013-cü illə müqayisədə 3.6 bal yaxşılaşsa da, yerləşdiyi ölkələr qrupunda dəyişiklik olmayıb.
Dünya Bankının 1996-cı ildən hazırlamağa başladığı Dövlət İdarəetməsinin Keyfiyyəti (Governance Matters) indeksində ölkələr 6 istiqamət üzrə 0-dan (ən aşağı) 100-dək (ən yüksək) balla qiymətləndirilərək reytinq sırası qurulur. 2016-cı ilin reytinqində Azərbaycan eşidilmə hüququ və hesabatlılıq üzrə 7.39, siyasi sabitlik və zorakılığın olmaması üzrə 17.62, korrupsiyaya nəzarət üzrə 17.79, qanunun aliliyi üzrə 31.73, tənzimləmənin keyfiyyəti üzrə 43.75 və hökumətin işinin səmərəliliyi üzrə 49.04 bal toplayıb, yəni bütün meyarlar üzrə ölkənin göstəriciləri 50 baldan aşağı olub.
Böyük Britaniyanın The Legatum Institute analitik mərkəzinin 2006-cı ildən başlayaraq hesabladığı Legatum Tərəqqi İndeksinin (The Legatum Prosperity Index) hazırlanması zamanı 9 subindeksdə birləşdirilən 104 dəyişən qiymətləndirilir. 2017-ci ilin indeksində Azərbaycanın ümumi reytinqi 149 ölkə arasında 106-cı yer (53.33 bal) olub. Subindekslərdə isə Azərbaycanın mövqeyi belə olub: təbii mühit üzrə 138-ci, sosial kapital üzrə 137-ci, dövlət idarəetməsi üzrə 128-ci, fərdi azadlıqlar üzrə 123-cü, iqtisadiyyatın keyfiyyəti üzrə 98-ci, biznes mühiti üzrə 81-ci, sağlamlıq üzrə 71-ci, təhlükəsizlik üzrə 70-ci və təhsil üzrə 46-cı yer.
Beləliklə, həm aparılan təhlil, həm də beynəlxalq reytinqlərdə ölkənin mövqeyi əsasında deyə bilərik ki, ölkənin qeyri-neft sektoruna cəlb edilən BXİ-nin artırılması üçün Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlara ehtiyac görünür. Bu islahatlar heç də vergi güzəştlərinin və subsidiyaların genişləndirilməsinə yox, ilk növbədə, investorlar üçün daha həssas olan məsələləri əhatə etməlidir. Belə məsələlər sırasına aiddir:
- xüsusilə dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın artırılması və korrupsiyanın aradan qaldırılması;
- mülkiyyət hüququnun qorunmasının təmin edilməsi;
- müstəqil və ədalətli məhkəmə sisteminin qurulması;
- iqtisadi azadlıqların genişləndirilməsi;
- hüquqi və tənzimləyici mühitin yaxşılaşdırılması (qanunun aliliyinin təmin edilməsi, qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi, dövlət qurumlarının davranışlarının qabaqcadan proqnozlaşdırıla bilən olması, biznesin xərclərinə və gəlirlərinə təsir göstərən hökumət qərarlarının ictimai müzakirələrsiz qəbul edilməsi praktikasından imtina edilməsi, belə dəyişikliklərin qəbul edilməsindən ən azı 6 ay sonra qüvvəyə minməsinin təmin edilməsi və s.);
- BXİ-nin cəlb edilməsi üzrə hökumətin vahid siyasətinin hazırlanması və qəbul edilməsi;
- “Rəqabət Məcəlləsi”nin, “Xarici investitisiyaların qorunması haqqında” yeni qanunun qəbul edilməsi və s..
Azər Mehtiyev
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru