29 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.
Eləcə də bax: Tikililərin istismarına rüsumla icazə veriləcək - MƏBLƏĞ
Qeyd olunub ki, bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.
Bəs Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılması ipoteka kreditlərinə və əmlak bazarına necə təsir göstərəcək?
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılmasının ipoteka kreditlərinə təsir etməsi müşahidə olunmur:
“Uçot dərəcəsinin qaldırılmasının daşınmaz əmlak bazarına da hər hansı bir təsiri gözlənilmir.Təsir olsa belə bu çox cüzi dərəcədə olacaq.”
Xatırladaq ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları 2,29 milyard manat həcmində 13,9 faiz ipoteka krediti verib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz, bu ilin əvvəlindən isə 13,9 faiz artıb. Hesabat dövründə banklar tərəfindən 4,2 milyard manatdan çox istehlak krediti verilib ki, bu da 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,3 faiz çoxdur.
Ümumilikdə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan banklarının kredit portfeli 15,53 milyard manat təşkil edib.
İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov isə qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini 6.5%-dən 7%-ə qaldırmasının ipoteka kreditlərinin faizlərinə, eləcə də əmlak bazarına təsiri olacağı gözlənilmir:
“Çünki əmlak bazarı ilə Mərkəzi bankın uçot dərəcəsi arasında xüsusi bir əlaqə yoxdur. Bu yalnız milli valyutada yığımlara təsir göstərir.”