Azərbaycanda ilk dəfə olaraq torpaqlara kosmosdan dəqiq nəzarət ediləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların təyinatı üzrə istifadəsində nəzarət üçün Peyk Nəzarət Sisteminin yaradılmasına start verib. Bu sistem torpaqların səmərəli idarə olunmasına, mühafizəsinə, burada baş verən dəyişiklikləri izləməyə, eləcə də ünvana getmədən qanunsuz tikililəri dərhal aşkarlamağa imkan verəcək.
Peyk Nəzarət Sisteminin qurulması üçün Sloveniyanın məşhur “Sinergise” şirkətinin mütəxəssislərinin təcrübəsindən istifadə olunur. FED.az bu günlərdə layihənin gedişini izləmək məqsədilə Bakıda olan şirkətin rəhbəri Grega Milcinskinin yeni sistemin işi və gətirəcəyi faydalarla bağlı «Daşınmaz əmlak» jurnalına müsahibəsini təqdim edir:
- Cənab Milcinski, Azərbaycana budəfəki səfərinizin məqsədi nədir?
- Son illərdə Avropa agentlikləri yeni bir peyk xidməti yaradıblar. “Centinental 2” adlanan bu qurğu torpaq örtüklərində baş verən dəyişiklikləri müşahidə etməyə imkan verir. Biz Azərbaycanda bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığa başladıq və çox innovativ bir sistem ortaya çıxarmağa nail olmuşuq. Bu sistem bizə imkan verəcək ki, Azərbaycanda müəyyən zaman kəsiyində torpaq örtüyünün, torpaq sahələrində vəziyyətin necə dəyişdiyini müşahidə edək. Səfərimizin məqsədi də işlərin genişini izləmək, məsləhətlər verməkdir.
- Layihəyə nə vaxt başlanılıb və onun hədəfləri nədir?
- Biz Peyk Nəzarət Sisteminin qurulması layihəsinə 2 ay əvvəl başlamışıq. Layihə qarşıdakı 1 il ərzində də davam edəcək. Bu müddətdə layihə Azərbaycan ərazisində yeni tikililərin aşkar olunmasına, hansısa bir ərazilərin necə dəyişdiyini və ya necə məhv olduğunu görməyə imkan yaradacaq. Bunun üşün bizim yeni bir peyk yaratmağa ehtiyacımız yoxdur. Biz indiki mərhələdə Avropada mövcud olan peyklərdən istifadə edərək layihəyə başlayacağıq. Layihənin ikinci mərhələsində bu işlər Azərbaycanın öz peyki olan “Azərspace” vasitəsilə aparılacaq. Biz “Azərspace” peykindən istifadə ilə bağlı müvafiq qurumlarla müzakirələrə başlayacağıq. Çünki nəzarət zamanı ən yaxşı nəticəni əldə etmək üçün daha çox peykdən istifadə olunması çox effektlidir.
- Ərazilərə təkcə peyklərdən nəzarət olunacaq?
- Xeyr, peyklərdən əlavə, lokal əraziləri müşahdə etmək üçün dronlardan da istifadə olunması planlaşdırılır. Bu, daha kiçik ərazilərdə gedən mümkün dəyişikliləri izləməyə imkan verəcək.
- Peyk nəzarətinin iş mexanizmi necə olacaq? Qurğu vasitəsilə torpaqlara necə nəzarət ediləcək?
- Torpaqların üzərindəki dəyişiklikləri effektiv izləmək üçün müəyyən vaxt çərçivəsi qoyulacaq. Belə ki, peyk hər 5 gündən bir mövcud vəziyyətin fotoşəkillərini çəkib bazaya ötürəcək. Sistemdə bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişi aparılacaq. Sonra suni intellekt mexanizmi tətbiq etməklə torpaq örtüyünün qısa zamanda necə dəyişdiyini öyrənmək mümkün olacaq. Məsələn, kənd təəsərrüfatı təyinatlı sahədə tikinti işləri aparılanda sistem bu məlumatı fotolar vasitəsilə bazaya ötürəcək. Bundan sonra ona uyğun tədbirlər görmək asanlaşacaq. Biz ƏMDK ilə birgə, əsasən bu parametrlərdə informasiyalar toplamağı nəzərdə tuturuq. Ancaq sistemin istifadə imkanları daha genişdir. Yəni qanunsuz tikililərlə yanaşı, digər dəyişikliklər də izlənəcək. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bu sistemdə peyk vastəsilə əldə edilən məlumatlardan istifadə edərək bitki örtüyünün necə dəyişdiyini görə və ona uyğun tədbirlərini həyata keçirə biləcək. Yeni sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi də təmin ediləcək. Peykdən alınan informasiyalar əsasında rəqəmsal xəritələrinin hazırlanması da mümkün olacaq.
- Azərbaycandakı vəziyyətlə tanışsınızmı? Torpaq üzərindəki dəyişməni necə görmək olur? Və peyklə izlənəndən sonra bu sahədə nə dəyişəcək?
- Bizim artıq Azərbaycanla bağlı məlumatlarımız və burada iş təcrübəmiz var. Çünki Əmlak Komitəsi ilə 4 ildir əməkdaşlıq edirik. Biz onların sistemlərini, data bazalarını dəyişirik, təkmiləşdiririk. Düşünürəm ki, Azərbaycanda hazırda heç kim aktiv şəkildə torpaqların monitorinqini aparmaq imkanına malik deyil. Ona görə də Azərbaycan ərazisində torpaq örtüyün necə dəyişdiyini də çox az adam bilir. Bizim yeni layihənin əsas məqsədi ondan ibarətdir ki, dəyişikliklər operativ formada öyrənilsin və lazımi tədbirlər görülsün.
- Peyk Nəzarət Sisteminin məlumatlarından digər dövlət orqanları da istifadə edə biləcək?
- Əlbəttə, bu məlumatlardan başqa qurumlar da istifadə edə bilərlər. Hələlik ancaq Əmlak Komitəsi ilə əməkdaşlıq edirik. Ancaq yəqin ki, Komitə digər institutları, qurumları da bu layihəyə cəlb edəcək. Peyk vasitəsilə torpaqlara nəzarət digər məlumatları – zəlzələlərin, təbii fəlakətlərin vurduğu ziyanı, torpaqda gedən keyfiyyət dəyişikliklərini izləməyə imkan verir. İndi zəlzələni öncədən xəbər verən metod yoxdur. Ancaq zəlzələdən sonra hansı spesifik ərazilərin necə zərər çəkdiyini görüntülər vasitəsilə izləmək mümkün olacaq.
- Bu layihə başa çatdıqdan sonra torpaqlara tam nəzarət etmək mümkün olacaq. Bununla hökumət və vətəndaşlar nə qazanacaq?
- Sistem işə düşdükdən sonra hökumətin ölkə ərazisində torpaq örtüyündə gedən proseslər barəsində daha dərin məlumatı olacaq. Bilirsiniz, torpaqların monitorinqi bütün ölkələr üçün problemli məsələdir. Çünki bütün sahələrə fiziki olaraq nəzarət etmək qeyri-mümkündür. İndi Azərbaycan qanunvericiliyində də müəyyən qadağalar var. Ancaq bu proqram imkan yaradacaq ki, bu proseslər avtomatik şəkildə idarə olunsun. Nəzərə alsaq, təbii fəlakətlər baş verdiyi zaman bu proqram hadisəyə daha cəld reaksiya vermək imkanı yaradacaq. Bunun nəticəsində ağır duruma düşən vətəndaşlara daha tez yardım ediləcək. Digər tərəfdən, bu, ətraf mühiti monitorinq etmək imkanı yaradır. Bununla da ətraf mühitin hansı səbəbdən zərər çəkdiyini müəyyən etmək və qarşısını almaq mümkündür. Nəticədə vətəndaşlar daha sağlam ətraf mühitdə yaşamağa davam edəcək.
- Əgər peyk 5 gündən bir informasiya verirsə, deməli təbii fəlakət barədə ən yaxşı halda 4 gün sonra məlumat əldə edəcəyik. Belə halda çətin vəziyyətdə olan insanlara necə kömək olunacaq?
- Məhz belə hallara görə də biz müxtəlif peyklərdən – həm yerli, həm də Avropa mövcud olan peyklərdən istifadə etməyə üstünlük veririk. Belə olduğu halda biz təbii fəlakət haqqında datanı bir neçə saat ərzində əldə edə biləcəyik.
- Bəs sizin ölkənizdə - Sloveniyada bu sistem qurulub?
- Bizdə bu sistem hələ ki, qurulmayıb, istifadə edilmir. Ancaq Almaniya, Avstraliya, Niderland, Belçika, ABŞ-da uğurla istifadə olunur. Bu ölkələr layihənin müxtəlif mərhələsindədirlər. Və çox gözəl haldır ki, Azərbaycan ancaq o ölkələri izləməklə məşğul olmur, həm də layihəyə öz tövhələrini verir.
- Peyk Nəzarət sistemindəki informasiyalar hamıya açıq olur? Məsələn, Almaniyaya aid olan məlumatları biz ala bilərikmi, və ya əksinə?
- Almaniyada olan datalardan (məlumatlardan) digər dünya ölkələri, o cümlədən azərbaycanlı həmkarlarımız da istidafə edə bilər. Onlar açıq məlumatlardır. Azərbaycanın informasiyalarının açıq platformada yayılmasına gəlicə, bu məsələ ƏMDK-nin qərarına bağlıdır. Məlumatların mübadiləsi də tərəflər arasında qarşılıqlı razılaşmalardan asılıdır.
«Torpaqdakı dəyişikliyi bir neçə saata görəcəyik» - MÜSAHİBƏ
15:42
24 Avq 2018