Ayrı-ayrı regionların əmlak bazarını araşdırdıqca özünəməxsus xüsusiyyətləri, tendensiyaları üzə çıxır. Qonşu ölkələrdəki iqtisadi proseslərdən tutmuş ölkəyə gələn turistlərə qədər müxtəlif məsələlər regionların əmlak bazarında özünü göstərir. FED.az "Daşınmaz əmlak”a istinadən bu dəfə cəbhə bölgəsində yerləşən ərazidə - Ağdamda əmlak bazarındakı vəziyyəti təqdim edir.
ELƏCƏ DƏ BAX: İki qurumun tikintiyə dair səlahiyyətləri – MÜƏYYƏNLƏŞDİƏmlak bazarı ilə bağlı məlumatlar, əsasən, ev alqı-satqısı, kirayəsi ilə məşğul olan şəxslərdən əldə edilir. Çünki onlar həm alıcılarla, həm də satıcılarla birbaşa təmasda olur, onların istək və addımlarını analiz edərək bazarla bağlı qərarlar verirlər. Ancaq Ağdamda məsələ bir qədər fərqlidir. Ona görə ki, digər rayonlardan fərqli olaraq Ağdamın ərazisinin çox hissəsi işğal altındadır. Qalan kiçik ərazidə isə məskunlaşma sıx olduğundan burada əmlak alqı-satqısı çox zəifdir.
Rayonun cəbhə xəttinə yaxın yerləşməsi də bu bazara ciddi təsir edib. Belə ki, digər bölgələrdən gəlib burada əmlak alan, demək olar ki, yoxdur. Ona görə də Ağdamda əmlakçılar da çox az sayda qalıb. Fəaliyyət göstərən maklerlər də alıcı olmamasından şikayətlənirlər. Rayonda evini, torpağını satanlar da, alanlar da çox azdır. Ona görə qiymətlər də o qədər yüksək deyil. Əmlakını satanlar isə maklerlərə çox az müraiət edirlər. Vətəndalar əsasən özləri elan verməklə alıcı tapmağa üstünlük verirlər.
Cəbhə bölgəsində yerləşməsi bazara təsir edir
Rayonda əmlak alqı-satqısı ilə məşğul olan Nemət Cəfərov deyir ki, indi maklerlər evlərin kirayəsindən əldə etdikləri gəlirlə kifayətlənməli olublar:
“Ağdamda əmlak alqı-satqısı demək olar ki, yoxdur. Çünki vətəndaşların alıcılıq qabiliyyəti çox aşağıdır, bunun üçün əllərində kifayət qədər büdcə yoxdur. Biz ancaq kirayə ilə məşğul oluruq. Mən 3 ildi bu işlə məşğulam, cəmi 1 dəfə ev satılmasının şahidi olmuşam. Ağdamın cəbhə bölgəsində yerləşməsi də bu bazara ciddi təsir edir”.
Evlərin qiyməti 12 min manatdan başlayır
Az sayda olsa da satılan evlərin qiymətinə gəlincə, əmlakçı bunun əsasən ev sahiblərinin şəxsi tələblərinə uyğun müəyyən edildiyini deyib.
Qeyd edək ki, hazırda Ağdamda həyət evləri üstünlük təşkil edir. Binalar ancaq əlillər üçün nəzərdə tutulub, onların satışına icazə verilmir. Ona görə də satışlar kənd evlərinə aiddir. Həmin evlər sırasında 1 otaqlı yoxdur. 2 otaqlılar isə çox azdır. Həyət evləri əsasən 3 və daha artıq otaqdan ibarət olur.
Az sayda olan 2 otaqlı evlərin satış qiyməti 12 min manatdan başlayır. Rayon ərazisində evlər həm də yaşayış şəraitinə görə qiymətləndirilir. Hamam və sanitar qovşaqları olmayan evlərin qiyməti ucuz olur. Həmin hissələrin qurulduğu evlər isə 15-20 min manata təklif edilir. Burada qiymətlər evin həyətyanı torpaq sahənin ölçüsünə görə dəyişir.
Kəndin kənarında hətta 10 min manata da 2 otaqlı ev almaq mümkündür. Həmin ərazidəki evlərə qaz, su xətləri çəkilməyib. Ona görə orada qiymət daha ucuzdur.
300 min manata fərdi evlər var
Quzanlıda 3 otaqlı evləri 20-25 min manata almaq olar. Burada evlərin kommunal təminatı - işığı, suyu, qazı çəkilib. 4 otaqlı evlərin qiyməti isə sahəsindən və təmirndən asılı olaraq 40-60 min manat arasında dəyişir.
N. Cəfərovun sözlərinə görə, ev sahibləri alıcı tapmaqda çox çətinlik çəkirlər: “Ağdamda evlər otaqların sayına görə deyil, yaşayış şəraitinə və əhatə etdiyi torpaq sahəsinə görə qiymətləndirilir. Məsələn, hazırda həyətyanı sahəsi 15 sot olan 3 otaqlı evi 22 min manata təklif edirlər. Ancaq alan yoxdur. 2 mərtəbəli böyük sahəsi və torpaq yeri olan başqa bir evi 300 min manata deyirlər. Onun da alıcısı yoxdur”.
Əmlakçıların sözlərinə görə, Quzanlıda əsas magistral yoldan və mərkəzdən kənarda olan, həyəti geniş və normal şəraitli 3 otaqlı evlər 30-35 min manata satılır. Onlar orta təmirli, hamam və sanitar qovşaqla təmin olunan evlərdir.
Quzanlı qəsəbəsinin mərkəzində və əsas magistral yola yaxın olan ərazilərdə isə evlər daha bahadır. Çünki onların sahəsi də genişdir. Əmlakçı Elnur Abdulayev deyib ki, əsas yolun kənarında əsasən, 2 mərtəbəli, təmirli və yüksək şəraiti olan evlər yerləşir. Onların satış qiyməti 100-130 min manat arasında dəyişir:
“İndi satışda bir ev var, 6 otaqlı 2 mərtəbəli evdir. Həyətdə də hamamı, digər qurğuları var, 110-120 min manata təklif edilir”.
Əsas bazar kirayə evlərdir
İndi Ağdam ərazisində fəaliyyət göstərən əmlakçıların ən gəliri kirayə evlərdəndir. N.Cəfərovun sözlərinə görə, Quzanlıda və ətraf ərazilərdə kirayə qiymətləri 100 manatdan başlayır. Qiymətlər otaqların sayına görə deyil, evin yaşayış üşün mövcud şəraitinə görə müəyyən olunur. Məsələn, təmirsiz və ev sahibi ilə eyni həyətdə yerləşən evlər 100-120 manata kirayə verilir. Ayrıca həyətdə yerləşən və həyətində hamamı, sanitar qovşağı olan evləri isə 150-200 manata, hətta 300 manata da verirlər. Bu qiymət digər kəndlərə də aiddir.
Tələbələr və ezamiyyətə gələnlər
Qeyd edək ki, kirayə evlər daha çox tələbələr, hərbiçilər, Ağdama ezam olunan müxtəlif dövlət qurumlarının əməkdaşlarına verilir. Tələbələr üçün isə fərqli qiymətlər tətbiq edilir. Belə ki, onlar tək yaşadıqları üçün adambaşına ödəniş edə bilərlər. Başqa sözlə, bir evdə 2-3 nəfər tələbə qalırsa, hərəsi 40 manat ödəyir. Onlar ərtaf rayonlardan - Bərdə, Yevlax, Mingəçevirdən gələrək Ağdam Musiqi Texnikumu və Ağdam Dövlət Sosial İqtisad Kollecində təhsil alırlar.
“Bu il tələbələr də azdır. Cəmi 6-7 nəfərə ev tapıb vermişik” –deyə N.Cəfərov vurğulayıb.
Cəbhə xəttində torpaq qiymətləri
Ağdamda torpaq satışı da digər bölgələrdən fərqlənir. Bu sektorda qiymətlər əsasən, sahənin sənədlərinin qaydasında olub-olmamasından asılıdır. Əmlak satışı ilə məşğul olan Elnur Abdullayevin sözlərinə görə, ən ucuz torpaq qiymətləri 1 sot üçün 400 manatdan başlayır. Bu qiymətə Quzanlının mərkəzindən kənarlarda – kəndin içində, qıraqlarda torpaq almaq olar.
“Quzanlı qəsəbəsi ətrafında - Xındırıstan yolu, Bala Quzanlı adlanan ərazilərdə, İmamaqulubəyli ərazisində torpaq qiymətləri 500 manatdan başlayır. Həmin ərazilərdə həyətyanı torpaq sahələrinin qiyməti 1000 manat qədər artır”.
Obyekt tikmək üçün torpaq qalmayıb
Əmlakçı əlavə edib ki, indi Ağdamda daha çox ev tikmək üçün torpaq alırlar. Obyekt yerləri demək olar ki, satışda yoxdur, hamısı alınıb. Yaşayış yerlərindən kənar olan yerlərdə isə obyekt tikmək sərfəli olmadığı üçün torpaq almırlar. Mərkəzdə də çox yerlərdə mağaza və xidmət sahələri tikilib.
“Magistral yolun kənarındakı ərazilərdə ancaq obyektlərdir. Orada boş yer qalmayıb. Mərkəzdə də boş həyətyanı torpaqlar demək olar ki, yoxdur. Az miqdarda olsa, 1 sotu 2-3 min manata satılır”.
Pay torpaqları çox bahadır
Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlar da satılmır. Həmin sahələri ancaq icarəyə götürmək mmükündür. Torpaqlar 9 ay, 3 il, 5il müddətinə icarəyə verilir.
Pay torpaqları isə 1 hektarı 3-5 min manata satılır. Qiymətlər ərazinin suya yaxınlığına görə dəyişir. Suvarma sistemlərinə yaxın olan ərazilərdə torpaqlar daha bahadır.
Obyektlərin də qiyməti sənədinin, yəni çıxarışının olub-olmamasından asılı olaraq dəyişir. E.Abdullayevin sözlərinə görə, Ağdamda sənədli obyektlər çox azdır,ancaq qiymətləri bahadır. Məsələn, 35-40 kvadratmetr sahəsi olan sənədli obyekti 40 min manata almaq olar. Burada 1 kvadratmetri təxminən 1000 manata başa gəlir. Ancaq həmin ölçüdə sənədsiz obyekti 15-20 min manata almaq olar.
“Quzanlı qəsəbəsinin ətrafında, yaxın kəndlərdə 10 min, 8 min, 5 min manata da obyekt almaq mümkündür. Magistraldan kənarda bütün ərazilərdə qiymət eynidir”.