Paytaxtın memarlıq üslubuna nəzarəti Bakı Şəhər İcra Hakimiyyəti deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. FED.az xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyev yeni səlahiyyətdən danışıb.
O bildirib ki, yeni səlahiyyət onlara həm paytaxtın baş planının qaydalar çərçivəsində icrasına yardım edəcək, həm də sahibkarların tikinti fəaliyyətinin şəffaflaşdırılmasına geniş imkanlar yaradacaq.
Eləcə də bax: Yasamalda sökülən evlərə görə kompensasiyalar - AÇIQLANDI
A.Quliyevin sözklərinə görə, sahibkarların işini asanlaşdırmaq üçün əsas məsələ bütün icazə sənədlərinin vahid pəncərə sistemi vasitəsilə bir mərkəzdə təşkil edilməsidir. Bundan başqa, Bakı bulvarında inşa ediləcək obyektlərə də nəzarəti Komitə həyata keçirəcək.
Qeyd edək ki, Bakı bulvarının obyektlər inşa edilməmiş yeni sahəsində tikintilər Komitənin hazırladığı konsepsiya əsasında inşa ediləcək.
Xatırladaq ki, prezident İlham Əliyevin avqustun 1-də imzaladığı «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanla tikintilərə icazələrin verilməsi səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə verilib.
Bu fərmana əsasən tikililərin istismara qəbulu səlihyyəti də eyni qayda ilə dəyişib.
Qeyd edək ki, tikililərin istismara qəbul prosesində Fövqəladə Hallar Nazirliyi də iştirak edir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi indiyədək bu məsələdə həlledici «söz sahibi» idi. Tikinti ilə məşğul olan sahibkarlar da binaların istismara qəbulunda çətinliklərin əsas ünvanı kimi bir qayda olaraq FHN-ni və sözügedən agentliyi göstərirdilər. İş o yerə çatıb ki, təkcə Bakı şəhərində tikintisi bir neçə il əvvəl başa çatmasına və sakinlərin yaşamasına baxmayaraq hələ də istismara təhvil verilməyən yüzlərlə bina var. Bu hal tikinti şirkətləri ilə sakinlər arasında narazılıqlara səbəb olur. Tikinti şirkətləri və ş adamları bunu istismara qəbul prosesindəki neqativ hallarla izah edirlər.
FHN təmsilçiləri isə binaların təhvil alınmamasını bir qayda olaraq tikinti prosesində yol verilən nöqsanlarla izah edirlər (Hərçənd, qaydalara görə tikinti prosesinin özünə də nəzarət FHN-də olduğundan belə nöqsanlar doğrudan da mövcuddursa, onlar tikinti işləri başa çatmadan – işlərin gedişində aşkarlanmalı və onların aradan qaldırılması tələb olunmalı idi). FHN təmsilçiləri hətta belə binaların sakinlərinə tikinti şirkətlərini məhkəməyə verməyi təklif edirdilər.
Tikintilərin istismara qəbulu proseduru formal olaraq indi də dəyişməz olaraq qalır - FHN-in qurumları yenə də istismara qəbul prosesində iştirak edir. Amma tikinti icazələri və bu sahənin tənzimlənməsi sahəsində baş verən dəyişikliklərdən sonra istismara qəbul prosesində də Şəhərsalma və Memarlıq Komitəsinin rolunun artacağı gözlənilir.