Son bir neçə ayda inşaat materiallarının qiymətinin artması yeni tikililərə təsirsiz ötüşməyib, bu isə mənzil satışını azaldır.
Eləcə də bax: Azərbaycanda tikintidə bahalaşma 2022-ci ilin mart ayında - PİK HƏDDƏ ÇATACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov qiymət artımının alıcılıq qabiliyyətinə, eyni zamanda tikinti şirkətlərinin fəaliyyətinə təsirsiz ötüşmədiyini deyir: "Məsələn, son illərdə armaturun qiymətində iki dəfəyədək artım müşahidə olunub. Məsələn, 2016-2017-ci illərdə bir ton yerli armaturun qiyməti 780 manat idisə, artıq 1550-1600 manatdır. Münbit şərait yaradılmalıdır ki, tikinti şirkətləri həmin armaturu xaricdən özləri gətirə bilsinlər. Xaricdən gətirilən armatur vergidən azad edilərsə, digər prioritet məsələlərə toxunularsa, tikinti şirkətləri üçün inşaatın maya dəyəri qalxmaz".
Paytaxtdakı tikinti şirkətlərindən birinin rəhbəri Elmir Sultanov isə bildiri ki, bəzi tikniti materiaklları 30-60% bahalaşıb. «Materialların bahalaşması tikinti bazarına mənfi təsir etdi, alıcılıq qüvvəsi zəiflədi. Bu səbəbdən materiallar bahalaşsa da, biz qiymətləri qaldıra bilmirik. Lakin tikinti materialları olmadan da inşaat işini aparmaq olmur. Taxta materialları 200-250 AZN idisə, indi 450 AZN-dir".
Onun sözlərinə görə, ən çox bahalaşan armatur və taxtadır. O, ötən illə müqayisədə bazarda, alıcılıq qabiliyyətində irəliləyişin olmadığını bildirir. Şirkət rəhbərinin sözlərinə görə, öncələr aya 6-7 mənzil satılırdısa, hazırda bu rəqəm 1-2-dir.
Vəziyyətdən çıxış yollarından danışan sahibkar bildirir ki, verilən kreditlərin faizi çox yüksəkdir, bunun azaldılmasına ehtiyac var: «Ən çox işçi qüvvəsinin olduğu sahə tikintidir. Kredit faizlərinin aşağı olması çox gözəl olardı. Bundan başqa, vətəndaşlara verilən ipoteka şərtləri də yüngülləşdirilməlidir. İpoteka götürmək üçün o qədər şərtlər qoyurlar ki, vətəndaş bundan imtina edir. Vətəndaş pul verib ev almalıdır, ipoteka faizləri aşağı olmalıdır».
Ekspertlər isə tikinti materialları bazarında müşahidə olunan bahalaşmanın mənzillərin qiymətinə də təsirsiz ötüşməyəcəyini proqnozlaşdırır.
Hazırda tikinti materialları bazarında sementin 1 kisəsinin qiyməti 6.5 manat, kiçik ölçülü kərpicin bir ədədi 0.16-0.25 AZN, böyük ölçülü kərpicin bir ədədi 0.35-0.46 AZN, suvağın qiyməti - 4.6 manat, kafel-metlaxın 1 ədədi 3.6 - 5.5 AZN, 1 kv.m döşəmə taxtası - 19 AZN, 1 kv.m daş yunu - 3.5 AZN, 1 kv.m penoplast - 1.05 - 10.3 AZN, 1 kv. m alçipan - 5.5 - 8.5 AZN, 1 kv.m pəncərə-qapı - 50-80 AZN olub. 1 kv.m dam örtüyünün qiyməti 5 - 10 AZN, 1 kv.m mərmər daşların qiyməti - 18-150 AZN, daş döşəmələr - 5-8 AZN, parket 16-18 AZN arasında dəyişilir (Mənbə: Sputnik-Azerbaycan).