Bakı şəhərində və ətraf ərazilərdə qanunsuz evlərin qeydiyyatına hazırlıq üçün sənədlərin toplanmasına başlanılıb.
Eləcə də bax: Binəqədi Qəsəbə Bələdiyyəsindən sənədləşmə ilə bağlı sakinlərə - BİLDİRİŞ –FOTO
FED.az xəbər verir ki, artıq paytaxtın bəzi ərazilərində bu barədə sakinlərə bildirişlər göndərilib. Belə ki, Bakının Binəqdi rayonu, Binəqədi Qəsəbə Bələdiyyəsi tərəfindən sənədsiz torpaqların və evlərin sənədləşdirilməsi məqsədi ilə sakinlərə bildiriş paylanılıb. Bildirişlərdə sakinlərdən xahaş edilir ki, Azərbaycanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında dövlət başçısının sərəncamına və təsdiqlənmiş Tədbirlər Planına əsasən şəhər və rayon ərazilərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, sənədsiz torpaqların və evlərin sənədləşdirilməsi nəzərdə tutulur. Və bu məqsədlə sakinlər Binəqədi Qəsəbə Bələdiyyəsində yaradılmış Yerli Ekspert Kommisiyasına müraciət etməlidirlər.
FED.az-a açıqlamasında Binəqədi Qəsəbə Bələdiyyəsinin ərazi müfəttişi Habil Usubov bildirib ki, sakinlər ərazi üzrə bələdiyyələrə yaxınlaşıb evlərinin sənədlərini təqdim etməklə qeydiyyata alınır: “Qanunsuz evlərin sənədləri qeydiyyata alınıb icra hakimiyyətinə göndərilir. Çox güman ki, qeydiyyata alınmış sənədlər cari il ərzində icra hakimiyyətlərindən ASAN Xidmətə veriləcək».
Bələdiyyə nümayəndəsi bildirib ki, sənədlərin qeydiyyata alınması üçün sakinlərdən əlavə ödəniş tələb olunmur: «Qeydiyyat zamanı vətəndaşın razılığı ilə suallar verilir, iki işlək nömrə yazılır və imza çəkilir. Vətəndaş torpağın sərəncamını və evin eskiz layihəsini götürüb bələdiyyələrə yaxınlaşır. Vətəndaş torpağını etibarnamə ilə başqa birinə verə bilər ki, bu zaman da həmən etibarnamə ilə qeydiyyata alınır. Yəni qeydiyyatda sadəcə etibarnamənin nömrəsi yox, icraat sərəncamı varsa, həmin nömrə də yazılır».
Habil Usuboun sözlərinə görə, artıq qeydiyyat müddəti bitmək üzrədir: «Demək olar ki, aprel ayında sənədsiz evlərin qeydiyyatı ilə bağlı sənəd qəbulu dayandırılacaq. Amma hələ ki, müraciət edən vətəndaşların sayında aktivlik müşahidə olunmur. Onlar bunu belə izah edirlər ki, evlərin sənədləşməsi ilə bağlı qərarlar bir neçə dəfə verilib, aldanmışıq. Evlər qeydiyyata alınsa da, sonda çıxarış verilmir. Çox güman ki, il ərzində “kupça” da verilər».
Qeyd edək ki, “Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamın icrasına dair Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il Tədbirlər Planı təsdiq edilmişdi.
Qeyd edək ki, Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı araşdırmalar bu ilin aprelində başa çatacaq. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazovun bir qədər əvvəl bildirdiyinə görə, yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq Prezident Administrasiyasının rəhbəri tərəfindən 27 iyun 2019-cu il tarixində Tədbirlər Planı təsdiqlənib.
Plana uyğun olaiaq yerlərdə icra hakimpiyyəti başçılarına bununla bağlı komissiyaların yaraılması tapşırılıb. Bu komissiyalvrın işində rayon icra hakimiyyətləri ilə yanaşı, ƏMDK, FHN, KTN, Ekologiya Nazirliyi və Şəhərsalma Komitəsinin nümayəndələri də iştirak edirlər. Bu işlər ümumilikdə ölkə üzrə 57 rayon-şəhər üzrə aparılır.
İndiyədək aparılan işlər nəticəsində Bakıda 163 min, digər şəhərlərdə isə 74,6 min daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb. Bu işlər apreldə tamamlanacaq və bundan sonra materiallar Administrasiyaya təqdim ediləcək. Bunun nəticəsi olaraq müəyyən konseptual şəkildə qərar qəbul ediləcək.
Bununla yanaşı, R.Şahbazov bildirib ki, neft müqavilələri ərazisinə düşən, infrastruktur və mühafizə zonalarına düşən əmlaklar sənədləşdirilməyəcək».