Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycandakı qanunsuz yaradılan süni balıq göllərinin təhlilini aparıb. Komitədən FED.az-a verilən məlumata görə, araşdırmalar zamanı respublika üzrə ümumilikdə 529 balıq gölü aşkar edilib və onların siyahısı tutulub.
Komitə bildirir ki, Torpaq Məcəlləsinə görə, kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda, məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada yol verilir.
Lakin torpaqlardan istifadəyə nəzarət üçün aparılan monitorinqlər və araşdırmalarda məlum olub ki, kənd təsərrüfatı torpaqlarında qanunvericiliyin tələblərini pozmaqla balıqçılıq təsərrüfatı məqsədilə süni sututarlar (gölməçələr) yaradılır.
Həmin gölməçələrin əksəriyyətindən uzun illərdir ki, balıq yetişdirilməsi və ovlanması üçün istifadə edilir. Nəticədə həmin gölməçələrin ərazilərinə aid torpaq sahələrinin münbit qatı bilavasitə korlanmaqla yanaşı, ətraf ərazilərdə qrunt suyunun səviyyəsinin qalxması nəticəsində yüzlərlə hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri şorlaşmaya məruz qalır
Monitorinqlər nəticəsində mövcud torpaq qanunvericiliyi pozulmaqla yaradılmış 147 süni göl ləğv edilmişdir. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
Hazırda 382 təbii və süni göl fəaliyyət göstərir. Bu göllərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrində, o cümlədən dövlət fondu qış otlaq sahələrində yaradılıb.
Bunlardan 33-ü təbii, 349-u isə süni balıq gölləridir. Süni balıq göllərindən 14-ü meşə fondu torpaqlarında, 37-si su fondunda, 298-i isə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılıb. Təyinatına uyğun olmayan torpaq sahələrində mövcud olan 188 hal barədə inzibati protokol tərtib edilərək 85 000 manat cərimə yazılıb.
25 balıq gölünün fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Hazırda 45 gölün fəaliyyətinin araşdırmaları davam etdirilir.
Monitorinqlər zamanı balıq göllərinin əsasən dövlət ehtiyat fondu, qış otlaqları, bələdiyyənin örüş torpaqlarında və vətəndaşların pay torpaqlarında yaradıldığı məlum olub.
Araşdırmada o da məlum olub ki, süni göllər ən çox Neftçala, Salyan, Biləsuvar, Sabirabad rayonlarında yaradılıb.
Balıq gölü yaradılması üçün torpaq ayrılması barədə müraciətlər Komitəyə daxil olduqda yalnız təyinatı üzrə nəzərdə tutulmuş torpaqlara rəy verilir.