Ali və orta ixtisas təhsili müəssisələrində sentyabrın 15-dən yeni tədrisin ilinin başlaması tələbə yataqxanaları məsələsini bir daha gündəmə gətirib.
FED.az xəbər verir ki, əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda yataqxanaların əksəriyyətində məcburi köçkünlər məskunlaşıb.
"Bəzi qurumlar və dövlət təşkilatları yataqxanaların saxlanması üçün xərcləri təmin etmədilər və nəticədə yataqxanaların bir hissəsi tamamilə aşınmış vəziyyətə gəldi", - ekspert deyib.
Onun sözlərinə görə, bununla yanaşı bəzi yataqxanalar özəlləşdirildi və başqa məqsədlər üçün istifadə olunmağa başladı.
"Bütün bunlar tələbələrin məskunlaşmasında problem yaratdı. Hazırda universitetlərin maliyyə imkanları yeni yataqxanaların tikintisinə imkan vermir. Universitetlərin istifadəsində olan yataqxanalarda isə ehtiyacı olan tələbələrin hamısının yerləşdirilməsi mümkün deyil. Özəl sektoru tələbə yataqxanalarının tikintisinə cəlb etmək lazımdır. Dövlət tərəfindən bu istiqamətdə fəaliyyət göstərmək istəyən şəxlərə müəyyən güzəştlər tətbiq olunarsa, tələbə yataqxanaları problemini qismən də olsa həll etmək mümkündür. Belə ki, Azərbaycanda tikintiyə çəkilən xərcin çox hissəsini torpaq sahəsinin alınması təşkil edir. Yataqxanalar sökülüb yenidən tikilsə belə, torpaq sahəsinə pul xərclənməyəcək", - R.Osmanlı bildirib.
Ekspert qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması tələbə yataqxanalarında 29 ildir məskunlaşmış məcburi köçkünlərin öz yurd-yuvalarına köçürülməsi məsələsini aktuallaşdırıb:
"Tələbə yataqxanaları boşalarsa və yenidən inşa və bərpa edilərək təyinatı üzrə istifadə edilərsə, tələbələrin əksəriyyəti kirayə mənzil əzabından da xilas olacaq", - deyə o bildirib. (Trend)