Dünya bazarında neftin qiyməti kəskin düşməsi və dolların məzənnəsi ilə bağlı narahatlıq, Azərbaycanın daşınmaz əmlak bazarına da təsir etməyə başlayıb.
Eləcə də bax: Əmlak Xidmətləri Məkanı xüsusi iş rejimində - FƏALİYYƏT GÖSTƏRƏCƏK
Əmlak bazarı üzrə ekspert Firdovsi Xəlilov FED.az-a açıqlamasında ümumi mənzil bazarında çox ciddi bir tərəddüdün olduğunu deyib:
«Dolların kursunun bahalaşacağı xəbəri yayılanda insanlar nağd deyil, kreditlə mənzil satanlara axın etdi. Məqsəd əlindəki manatı dəyərləndirməkdir ki, manatla borclansın. Amma dollar satışları davam etdiyi üçün gözləmə mövqeyinə keçdilər ki, əllərindəki dollar bir az da bahalaşsın o şəkildə alsınlar. Hazırda mənzil bazarında qeyri-müəyyənlik, insanların və şirkətlərin arasında inamsızlıq var».
Baqqa sözlə, mənzil alışına tələbat kəskin azalıb, alıcıların bir hissəsi gözləmə mövqeyi tutur.
Ekspert deyir ki, neftin qiyməti enənə qədər mənzil bazarında vəziyyət çox yaxşı idi, koronavirus və dollar ajiotajı vəziyyəti dəyişib: «Son ajiotaja qədər mənzillərin qiymət artımı addım-addım davam edirdi. Bununda bir neçə səbəbi vardı. Əvvəla, mal-materialların rəsmi qaydada alınması. Əslində bu, yaxşı bir şeydir, amma xərcləri də artırır.
Digər tərəfdən, Şəhərsalma Komitəsinin qoyduğu yeni qaydalar da qiymətlərə təsir edir. Əvvəllər kimsə 1 hektar yer alırdısa, orada tikilən bina sayına, mərtəbəsinə göz yumulurdu. Yəni sahibkar istədiyi qədər mənzil inşa edə bilirdi. Amma artıq indi MTK-lar istədiyi kimi bina tikə bilmirlər. Qayadaya görə, binaların arasında 30 faiz yaşıllıq əraziləri olmalıdır, mərtəbələrə dövlət haqlı olaraq müdaxilə edir. Bu çox yaxşı tendensiyadır, yəni binada normal şərait formalaşmış olacaq, amma eyni zamanda bu qiymətlərə də öz təsirini göstərir. Tutaq ki, sahibkar hansısa ərazidə daha əvvəll 18 mərtəbəli 10 bina tikə bilirdisə, artıq həmin ərazidə 12 mərtəbəli 5 bina tikmək olur. Bunların hamısı qiymət amilinə təsirsiz ötüşmür».
Ekpertin sözlərinə görə, son vaxtlar neftin qiymətinin enməsi və gözənilən narahatlıqları görə, daxili kreditlə mənzil satan MTK-lar şərtləri dəyişməyə başlayıblar:
«Son günlər nə baş versə də, qiymət azalması olmadı, amma şərtlər dəyişdi. Məsələn, daxili kreditlə 3-5 illik öz vəsaiti hesabına borc verən MTK-larda əvvəllər 20-25% ilkin ödəniş qəbul, mənzil dəyərinin qalan hissəsini 3 ilə ödəmək mümkün idisə, indi MTK-lar artıq 50% ilkin ödəniş tələb etməyə başlayıblar. Çünki sabah nə olacağını bilmirlər».
Ekspert deyir ki, hələlik mənzillərin qiymətinin bundan sonra necə dəyişəcəyini demək mümkün deyil. Hər şey neftin qiymətindən asılı olacaq: «Hər şey uzun müddətdə neftin qiymətindən asılıdır. Əgər ölkəyə gələn neft vəsaitləri azalarsa və ölkə kasıblaşmağa başlasa, əllərdə olan hazır mənzillər alınana qədər bir müddət mənzil qiymətlərində enmə olacaq. Bundan sonra inşaat da getməyəcək. Tələb formalaşdıqdan sonra inşaat kövrək addımlar atmağa başlayacaq».
Firdovsi Xəlilov hesab edir ki, mənzil bazarında qiymət artımı olacağı ilə bağlı siqnallar çoxdur:
«Qiymət azalması üzrə bir qədər böhran ssenariləri fikirləşməliyik. Heç kəsin arzulamadığı bir ssenari ölkədə dərin devalvasiyanın olmasıdır. Bu halda kvadrat metr qiymətləri dollara indekslə azalmış ola bilər. Yəni əvvəl də mənzil ala bilmirdik, bu gün də ala bilməyəcəyik. Qiymət artımı üçün siqnallar çoxdur. Çünki tələbat çox böyükdür. Hazırda təxminən yarım milyona yaxın yeni mənzilə ehtiyac var. Mənzil Fondunda olan mənzillərin bir çoxu artıq istismar müddətini başa vurub. Hər il 65-70 min nigah bağlanır. Gənc ailələrin yeni mənzllərə tələbatı artır. Dar gəlirli ailələrin də ciddi şəkildə mənzil tələbatı var. Yaxşı olardı ki, sahibkarlar şəhərin mərkəzində bina inşaa etməkdənsə, bu istiqamətlərə yönəlsin».
Mütəxəssis onu da qeyd edib ki, mənzilə əlçatanlığı artırmaq üçün kredit şərtləri yumşaldılmalıdır, çünki daxili kreditlə satış vəziyyətdən çıxış yolu deyil: «Bir ay əvvələ qədər 5 illik, 40-48 aylıq daxili kredit verən şirkətlər müddəti azaldıblar, uzağı 2 il vaxt verilir. Əgər bir mənzilin qiyməti şərti olaraq 100 mindirsə, vətəndaş bundan 20 min ilkin ödəniş verirsə, qalan 80 min manat 2-3 ilə ödənilməlidir. Və ya 50 mini əvvəlcədən ödəmək tələb olunur. Bu ciddi məbləğdir və ona hər ailənin gücü çatmır. Sahibkarları başa düşmək olur, onlar düşünür ki, əgər devalvasiya baş versə, onda inşaatı necə davam etdirəcəklər».
Belə vəziyyətlə sənzil satışlarını canlandırmaq üçün həm dövlət, həm də bank sektoru addımlar ata bilər: «Kredit şərtlərinin yumşalması vacibdir. Dövlət ipotekasının şərtləri sadələşdirilməlidir. Bankların MTK-lara kredit məhsulları çoxalmalıdır ki, inşaaat sektorunda işsizlik yaranmasın. Bu, eyni zamanda insanların mənzil şəraitinin yaxşılaşmasına kömək edər. Mənzil kreditləri istehlak kreditlərinə bənzəmir. Mənzil kreditləri uzunmüddəli və aşağı faizli olmalıdır».