Naxçıvanda Muxtar Respublika rəhbərliyinin dəyişməsi və aparılan iqtisadi islahatlardan sonra artan aktivlik əmlakın qiymətinə ciddi təsir edib.
Doqquz ayda Naxçıvan şəhəri üzrə 1277 mülkiyyət sənədi - QEYDİYYATA ALINIB
FED.az xəbər verir ki, son bir ildə Muxtar Respublikanın əksər bölgələrində əmlakların qiyməti təqribən 2 dəfə artıb.
Naxçıvan şəhərində əmlak alqı-satqısı ilə məşğul olan əmlak mütəxəssisi Rövşən Abbasovun sözlərinə görə, məsələn Naxçıvan şəhərində mərkəz hissələrdə, eləcə də yol kənarında obyekt kimi istifadə oluna bilən torpaqların qiymətləri 2 qat – 100% artıb.
«Məsələn, əvvəllər sotu 15 min manata olan torpaqları indi 30 min manata istəyən olsa da sahibi satmaqdan imtina edir».
Mütəxəssisin sözlərinə görə, əkin üçün nəzərdə tutulan torpaqların qiymətində ciddi dəyişiklik baş verməyib, qiymətlər cüzi fərqlə əvvəlki kimidir.
Ev inşa etmək üçün istifadə olunan torpaqlarda isə vəziyyət fərqlidir. Bu sahəyə yatırılan vəsaitlər də artıb. Hazırda Naxçıvan şəhərində ev tikmək üçün yararlı torpaqların qiymətində 2 qat artım var.
«Məsələn, Naxçıvan şəhəri və ətraf kəndlərdə torpağın sotunun qiyməti 2500 manatdan 25 min manat arasında dəyişir. Əvvəllər şəhərin içərisində torpağın qiyməti 13-15 min manat arasında idi, indi isə 20-25, hətta 30 minə yüksəlir».
R.Abbasovun sözlərinə görə, qiymət artımının səbəbi son bir ildə Naxçıvnada işgüzar aktivliyin kəskin artmasıdır. Son dövrlər buraya yatırım və iş görmək üçün, eləcə də işləmək üçün gələnlərin sayç artıb, bu da özünü əmlak qiymətlərində göstərir. Bu gedişlə qiymətlərin bundan sonra da artımı gözlənilir».
Torpaqlarla yanaşı, evlərin qiymətində də artım müşahidə olunur – xüsusilə bina evlərində bahalaşma daha çox hiss olunur: «Bina evlərində xüsusilə 1 və 2 otaqlı mənzillərə tələbat artıb. Çünki əhalinin elə təbəqəsi var ki, bu mənzillərə gücü çatır. Nəticədə onların qiyməti daha çox artır, 3-4 otaqlarda da qiymətlər artır, amma 1-2 otaqlılar kimi deyil. Məsələn şəhərdə 2 otaqlı bina evinin qiyməti əvvəllər 60-65 min manat idi, indi isə 100 min manata satılır».
Qiymət artımı özünü obyektlərin qiymətində də göstərir. R.Abbasovun sözlərinə görə, əvvəllər şəhər içərisində obyektlərin kvadratının qiyməti 3-5 min manat arasında olduğu halda, hazırda bu qiymətlər 5-6 min, hətta 10 min manata yüksəlib.
Bahalaşmanın səbəbi son bir ilə Nacçıvanda baş verən dəyişikliklər və bura olan böyük axındır.
Yeniliklər özünü əmlakın təkcə satışında deyil, icarə qiymətlərində də göstərir. «Bir il əvvələ qədər Naxçıvnada bir otaqlı mənzilin aylıq kirayə haqqı təqribən 250 maat ətrafında idi, bu qiymətə asanlıqla mənzil tapmaq olardı, indi isə 300 manata kirayə mənzil tapan sevinir, qiymətlər 350-400 manat ətrafındadır».
Əmlak bazarında baş verən digər maraqlı yenilik iaşə obyektlərinin – restoranların, eləcə də digər xidmət obyektlərinin sayının artmasıdır: «Məsələn əvvəllər Naxçıvında «rent-a-kar»lar az idi, amma indi hər yerdə «rent-a-kar» var».
Əmlak mütəxəssisi bildirir ki, bahalaşma davam edəcək: «Hazırki prosesə baxanda, mənim fikrimcə bahalaşma hələ davam edəcək. Çünki Naxçıvana maraq, buradakı işgüzar aktivlik günü gündən artmaqdadır».
Onun sözlərinə görə, əvvəllər əmlaklara maraq böyük deyil idi: «bir neçə il bundan əvvəl gəlib burada əmlak alıb yatırım etmək istyən az idi, indi isə belələrinin sayı artıb, tələbat və qiymətlər də ona görə yüksəlib».