Azərbaycanda mənzilləri kirayə yolu ilə almaq, indiyədək tətbiq edilən ipoteka üsulu ilə satışdan daha asan və sərfəlidir.
Eləcə də bax: TƏLƏSİN: "Yeni Zığ Yaşayış Komleksi"ndə sizin də eviniz olsun! - YENİ KAMPANİYA
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun təşkil etdiyi onlayn görüş zamanı bildirilib.
1. İlkin ödəniş daha aşağıdır
Görüşdə bildirilib ki, əvvəla bu iki üsulla ev alınanda ilkin ödənişlər fərqlidir. İpoteka kreditlərində ilkin ödəniş 15-30% arasında dəyişir. 15% güzəştli ipotekaya aiddir. Adi ipoteka kreditlərində isə ilkin ödəniş 20-30% arasında dəyişir. Kirayə üsulu ilə satışda isə müştəri bir illik illik kirayə haqqını əvvəlcədən ödəməlidir ki, bu da 6-7% ilkin ödəniş deməkdir.
Eləcə də bax: Bakının daha iki yerində kirayə evlər – SATIŞA ÇIXARILIR - QİYMƏTLƏR
2. Aşağı gəliri olanlar da ala bilir
Bundan başqa ipoteka kreditlərini yalnız orta və nisbətən yüksək gəliri olanlar ala bilər. Kirayədə isə aylıq gəliri az olanlar da kirayə ev ala bilərlər.
Məsələn, kirayə variantında, müsbət kredit tarixçəsi olanlar aylıq gəlirinin 100-%-ni ödənişə yönəldə bilərlər. İpoteka kreditlərində isə aylıq ödəniş aylıq gəlirin 70%-dən artıq ola bilməz, üstəlik, bundan ailə üzvlərinin yaşam xərci çıxılır. Yeri gəlmişkən, indiyədək ev alan 380 nəfərdən 100 nəfərin aylıq ödənişi 300 manata qədərdir.
Eləcə də bax: Bakının daha iki yerində kirayə evlər – SATIŞA ÇIXARILIR - QİYMƏTLƏR
3. Kirayə variantında faizlər daha aşağıdır
Bundan başqa, ipoteka ilə ev alanda müştəri 7-8%-li kredit götürür (güzəştli olmayan, adi ipotekada), üstəlik hər il mənzili və həyatını sığorta etdirməlidir. Bu da əlavə 1% xərc yaradır.
Kirayədə isə əlavə xərc illik 4%-dən artıq deyil. Sığorta və digər məsələlər İpoteka Fondu tərəfindən həll edilir.
4. Kirayə üsulu ilə daha yaşlı adamlar ev ala bilər
Bundan başqa, ipoteka krediti ilə evi alanda yaş məhdudiyyəti daha sərtdir. Məsələn, ipoteka krediti götürəndə son ödəmə tarixi müştərinin pensiya yaşına çatması (63 yaş) ilə bitir.
Kirayə ev satılanda isə bu yaş 70-ə qədər nəzərdə tutulub. Üstəlik, kirayə ev alan şəxs sonradan bunu digərinə, məsələn varisinə və ya digər şəxsə ötürə bilər.
5. Kredit tarixçəsi mənfi olanblar da ev ala bilərlər
Digər tərəfdən, ipoteka kreditlərindən fərqli olaraq kirayə üsulu ilə evləri kredit tarixçəsi mənfi olanlar da ala bilərlər.
Xatırladaq ki, kirayə ev satışı zamanı ödəniş qabiliyyəti müəyyən ediləndə mənfi tarixçəsi olanların gəlirlərdən ailənin hər üzvü üçün 190 manat çıxılır.
Orta göstəricisi olanlarda isə gəlirlərdən adambaşına 95 manat çıxılır. Müsbət tarixçədə isə ödəniş ümumiyyətlə çıxılmır.
«Soruşa bilərsiniz ki, mənfi tarixçəli müştərilərə niyə şərait yaradırıq – çünki bu başqa kreditlərdən, məsələn elə ipoteka kreditlərindən daha az risklidlir. Kirayə ilə satış zamanı mənzil, müddət bitənədək fondun mülkiyyətində qaldığına görə, ödənişdə problem olanda mənzili müştəridən geri almaq daha asandır. Amma ipoteka kreditlərində isə (hansı ki mənzil elə əvvəldən müştərinin adına olur – FED.az) bunun üçün uzun mühkəmə prosesləri tələb olunur.
6. Bonus və mükafatlar da sayılır
Kirayə üsulla satışın müştərilər üçün daha bir sərfəli məqamı var. İpoteka kreditində vətəndaşların gəlirləri hesablananda yalnız rəsmi maaşlar əsas götürülür. Kirayədə də belədir. Bununla yanaşı, müştəri əlavə gəlirlərə məlikdirsə, məsələn, mükafatlar və sair alırsa, bu barədə sənəd təqdim etməklə həmin gəliri də rəsmi kimi göstərə bilər və bu gəlirlər nəzərə alınacaq.
7. Kirayə evi cəmi 3 günə almaq olur
Nəhayət, ipoteka kreditlərində rəsmiləşdirmə prosesi 45 gün çəkir, kirayə üsulu ilə satışda isə bu müddət rəsmi olaraq 15 gün, praktikada isə 3 gün çəkir.
Xatırladaq ki, Azərbaycanda mənzillərin kirayə üsulu ilə satışına 2020-ci ilin əvvəlindən başlanılıb. Fond bunun üçün 983 mənzil alıb. Bunun 380-i kirayə üsulu ilə satılıb. 603 mənzil gələcək sahibini gözləyir.
Bundan başqa, Fond bir neçə gün əvvəl Babək prospekti və 9-cu mikrorayonda yeni mənzillər alıb.