Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatını sadələşdirməkdə davam edir. Paralel olaraq əmlak sahibləri üçün yeni elektron xidmətlər istifadəyə verilib. FED.az xəbər verir ki, qeydiyyat sahəsində baş verən yeniliklər, onların məqsədi və gələcək planlarla bağlı suallara ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəis müavini Elşad Məmmədov cavab verir:
- Elşad müəllim, müsahibəyə Reyestr Xidmətinin sonuncu yeniliyindən -hansı binadakı mənzillərə çıxarış verilib-verilməyəcəyi barədə elektron xidmətdən başlayaq. Bu xidmət nə üçün lazım idi?
- Bu, vətəndaşların hüquqlarının qorunmasına və əmlakı almamışdan əvvəl onun barəsində kifayət qədər məlumat əldə etmələrinə xidmət edir. Uzun illərdir ki, ölkəmizdə belə bir xidmətə tələbat var idi. Vətəndaşlar bəzən hansısa bir binadan mənzil almaq istəyəndə, əvvəla bilmirlər ki, ona çıxarışlar verilir, yoxsa yox. Satıcılar belə suallara müxtəlif cavablar verirdilər. Ona görə belə bir xidmət yaratdıq ki, vətəndaşlaristənilən əmlakın sənədləri barədə məlumat ala bilsinlər. Xidmətdən istifadə olduqca rahatdır, müvafiq xanada almaq istədikləri mənzilin ünvanını və ya MTK-nın adını qeyd edərək həmin binanın sənədlərinin qaydasında olub-olmadığını, çıxarışın verilib-verilmədiyini öyrənə bilərlər.
- Bir az əvvəl isə tikilməkdə olan əmlakların qabaqcadanqeydiyyatına başlanıb. Bəs bu hansı zərurətdən yarandı?
- Bunun üçün qanunvericilikdə xüsusi bir yenilik etmədik. “Daşınmaz Əmlakın Dövlət Reystri haqqında” qanundayeni tikilən evlərin, digər daşınmaz əmlakların qabağcadan qeydiyyatını nəzərdə tutan müddəalar var idi. Sadəcə nə vətəndaşlar, nə də tikinti şirkətləri buna maraq göstərmirdilər.Daşınmaz əmlaklar, əsasən,MTK-lar tərəfindən sənədləşdirilmədən ağ kağızlarda satışlarbaş alıb gedirdi. Bilirsiz ki, MTK-lar özləri ümumi yığıncağın qərarını qəbul edib pay haqqında qərara dair sənədi verərək vətəndaşlara mənzillər, qeyri-yaşayış sahələri satırdı. Bu da sonradan bəzi problemlərə yol açıqdı. Belə ki, bina istismara qəbul olunana qədər vətəndaşlar bunu sata bilmir, girov qoyub ipoteka krediti götürə bilmirdi, üstündə sərəncam vermək hüququ əldə etmirdilər.Üstəlik, bəzən tikinti şirkətləribir mənzili 2-3 nəfərə satırdılar və ya əmlakların sahəsini düzgün göstərmirdilər. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi əhalinin bu istiqamətdə maarifləndirilməsi üçün tədbirlərə başladı. Media, maarifləndirici tədbirlər, xüsusi videoçarxlar vasitəsilə insanlara bunun əhəmiyyətini izah etdik. MTK-ları, müstəqil vəkilləri, rielter şirkətlərini dəvət edərək bu barədə məlumatlandırdıq. Bununla əhalinin diqqətini bu sahəyə çəkmək istədik. Belə olanda həm alqı-satqılar dövlətin reyestrində qeydiyyata alınmış vəarayışla təsdiqlənmiş sənədlər əsasındahəyata keçirilir, həm də bina istismara qəbul edilənədək keçən müddətdə- bəzən bu bir neçə il çəkə bilir – vətəndaş öz əmlakı üzərində rahatlıqla sərəncam verə bilir. Xidmətin əsas məqsədlərindən biri də MTK-larla vətəndaş arasında hüquqi mübahisələrin qarşısnı almaqdır.
- Qabaqcadan qeydiyyatın üstünlükləri nələrdir?
- Qabaqcadan qeydiyyatı aparılan əmlakların alqı-satqı əməliyyatları tamamilə qanuni olur. Yəni, mənzillər və digər əmlaklar dövlətin qəbul etdiyi, reyestrinə düşmüş notarial alqı-satqı vasitəsilə satılır. Qabaqcadan qeydiyyatı olan əmlaklarıinsanlar bina istismara qəbul olunan günədək keçən müddətdəyenidənsatmaq, ipotekada girov kimi istifadə etmək hüququ qazanırlar.Başqa sözlə, vətəndaş qabaqcadan qeydiyyata aldırdığı həmin əmlakını sata, bağışlaya, girov qoya bilər.
- Qeyd etdiyiniz kimi, vətəndaşlar tikilməkdə olan binanın yuxarı mərtəbəsində hələ tikilməmiş mənzili və ya obyekti girov qoyub kredit götürə bilərlər. Bəs həmin mənzil necə qiymətləndirilir?
- Hazır olmayan mənzilin qiymətləndirilməsi bankların öz riskidir. Əlbəttə ki, banklar özləri bu riski dəyərləndirirlər. Onlarbinanı tikən şirkətin maliyyə gücünü,binanın yerini, torpağın mülkiyyətdə olub-olmamasını, layihəsini qiymətləndirərək müəyyən bir risk qarşılığında kredit aça bilərlər. Amma tikilmiş binaya nisbətən tikilməkdə olan binaya verilən kreditin həcmidaha az olacaq.Ancaq bu gün bu, bütün dünyada bankların istifadə etdiyi bir yoldur.
- Qabaqcadan qeydiyyatın qiyməti nə qədərdir?
- Qabaqcadan qeydiyyat üçün vətəndaşlar dövlət rüsumunu ödəyərək həmin arayışı əldə edirlər. Bu zaman sadəcə 20 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınır.
- Bəs qabaqcadan qeydiyyata alınan əmlakların satılması və bağışlanması prosesi necə olacaq?
- Əsas üstünlüklərin biri də məhz bu mərhələdədir. Siz bir fakt deyim. Avropa İttifaqında aparılan araşdırmalar göstərir ki, bir insan həyatı boyunca orta hesabla 1,7 dəfə daşınmaz əmlak alqı-satqısı edir. Bu çox az bir göstəricidir. Yəni, insan həyatı boyunca vəsait toplayır, çalışır ki, ən azıbir mənzil sahibi olsun. Ona görə dəbunun etibarlılığı, hər hansı risklərdən uzaq olması çox böyük əhəmiyyət daşıyır. Yəni, bu bizim həyatımızda hər gün etdiyimiz bir əməliyyat deyil. Amma bizdə qabaqcadan qeydiyyatı olmayan mənzillərdə gedirlər hər hansı tanımadıqlarıMTK-nın ofisində bir mühasibə külli miqdarda vəsait verib bir ağ kağız alıb gəlirlər. Sabahhəmin MTK mənzili başqa adama da sata bilər,şirkət ümumiyyətlə müflis ola bilər, başqa saxtakarlıq hadisələri ola bilər. Bu hallarda siz heç kimə heç nə sübut edə bilməzsiz.Ancaq qabağcadan qeydiyyat olduqda onun əsasında alqı-satqılar, bağışlamalar,girov qoyma kimi hallar notarial qaydada təsdiqlənir.Yəni, siz onu notariusun yanında onun nəzarəti altında, vəsaitlər isə bank vasitəsilə ödənilir. Proses tam etibarlı, şəffaf şəkildə həyata keçirilə bilər. Qabaqcadan qeydiyyatın ən böyük üstünlüyü də elə budur.
- Tikintinin yarımçıq qalması riski də var. Bunu təcrübədə də görmüşük ki, onlarla binanın tikintisi başa çatdırılmayıb. Vətəndaşlar isə ora ödədikləri vəsaitləri geri ala bilmirlər. Bəs qabaqcadan qeydiyyat arayışı bu halda hansı hüququ verir?
- Bu şərtlər notarial alqı-satqı müqaviləsində tənzimlənir. Şərtləri tərəflər özləri də müəyyənləşdirə bilərlər. Həmin müqavilədə bina tikilməzsə və ya tikinti müddəti nəzərdə tutulandan çox çəkərsə tərəflərin arasındakı bir-birilərinə qarşı mülki öhdəlikləri tənzimlənir.Gecikmənin məsuliyyətini kim daşıyacaq, tikilməzsə kompensasiya olub-olmaması, tikinti yarımçıq qalsa şirkətlə vətəndaş arasındakı münasibətlər hansı formada kompensasiya olunacaq və s. Bütün bu məsələlər notarial müqavilədə əksini tapır. Bu müqavilə ilə gələcəkdə sizin sübutetmə probleminiz ortadan qalxmış olacaq.
- Qabaqcadan qeydiyyat sənədi bütün binalara verilir? Yoxsa burada da fərqlər var?
- Əgər binanı tikən şirkətin həmin torpağın icarəsinə və tikinti üçün istifadəsinə dair sənədi, icra hakimiyyətindən orada tikintiyə icazəsi varsa, və tikəcəyi əmlakın layihəsi təsdiq edilibsə, onlara qabaqcadan qeydiyyat aparılır. Əgər bir bina tikintiyə icazə almadan özbaşına tikinti aparırsa, layihəsini razılaşdırmayıbsa və ya özünə aid olmayan qanunsuz torpaqda -əkin yerində, mühafizə zolaqlarında tikinti aparırsa, onlaraqabaqcadan qeydiyyat verilmir. Ona görə də vətəndaşlar üçün qabaqcadan qeydiyyatın olması böyük bir arxayınçılıqdır ki, o biləcək ki, mənzil aldığı binanın torpağında, sənədlərində, icazəsində heç bir problem yoxdur. Ona görə də qabaqcadan qeydiyyatı olan binalardan rahatlıqla əmlak ala bilərlər.
- Belə deyə bilərik ki, sənədləri qaydasında olmayan, qabaqcadan qeydiyyatı olmayan şirkətlərdən mənzil almayın?
- Bəli. Bu işdə vətəndaşların üzərinə də böyük iş düşür. Baxın, biz qanunvericiliyi təkmilləşdirərək münasibətləri daha yaxşı tənzimləməyə çalışırıq. Bu bütün dövlətlərdə var. Amma yaxşı niyyətli olmayan insanlar istənilən təkmil qanunvericilikdən sui-istifadəyə yol verə bilərlər. Ona görə də hər şeydən əvvəl insanların maariflənməsi lazımdır. İnsanlar öz hüquqlarını bilib ona uyğun hərəkət etməlidirlər. Ona görə də vətəndaşlar gələcəkdə ciddi problemlərlə qarşılaşmamaq üçün dövlət reyestrində sənədləri olan əmlaklara üstünlük verməlidirlər. Bu zaman onların özləri də rahat olacaq ki, bəli bunun sənədləri qaydasındadır, dövlət reyestrinə düşüb və bunu rahatlıqla ala bilərlər. Əgər bir bina və onun mənzilləridövlət reyestrinə düşməyibsə, burada artıq digər ehtimallar olur. Hər vətəndaş da bu sahənin mütəxəssisi deyil ki, MTK-nın sənədlərini əldə edib tədqiq eləsin. Ancaq reystrsnədlərini görəndə artıq rahat ola bilər ki, bunun sənədləri dövlət tərəfindən qəbul edilib.
- Əvvəllər ev alan, lakin hələ də “kupça”sı olmayan vətəndaşlar nə edə bilərlər? Qabaqcadan qeydiyyat onlara da tətbiq edilə bilərmi?
- İndiyədək mənzil, digər əmlaklar alanlar da əllərində olan sənədlərləƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət edib özünə fərdi qaydada qabaqcadan qeydiyyat arayışı çıxarda bilər. Əgər ona mənzili satmış MTK və ya tikinti şirkətinin torpaq, tikintiyə icazə və layihə sənədləri qaydasındadırsa, bina istismara qəbul edilməyibsəbelə ona qabaqcadan qeydiyyat aparıla bilər.
«Daşınmaz Əmlak» jurnalı©
«Novostroyka»lardakı mənzillər qabaqcadan qeydiyata alanacaq-MÜSAHİBƏ
09:44
25 Dek 2017