Məlum olduğu kimi, ötən ilin ortalarından etibarən Azərbaycanda alınan mənzil və kommersiya obyektlərinə görə ƏDV-nin geri alınması prosesinə başlanılıb.
Mənzil və obyekt alanda ƏDV hansı halda qaytarılır? - ŞƏRT AÇIQLANDI
FED.az xatırladır ki, bununla bağlı Azərbaycan prezidentinin 25 may 2022-ci il tarixli 1693 saylı fərmanı mövcuddur.
Ev yalnız tikinti şirkətindən alınmalı və pulu bankla ödənilməlidir
Mənzil alanda ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün mənzil hökmən binanın tikintisi ilə məşğul olan şirkətdən alınmalıdır. Hər hansı vasitəçidən və ya başqa müştərilən aldınan evə görə ƏDV geri alınması mümkün deyil.
ƏDV-nin hansı hissəsi qaytarılır?
«Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın təsdiq edilməsi haqqında fərmana əsasən, istənilən şəxs bina tikintisi ilə məşğul olan şirkətdən, məsələn «Kristal Abşeron»dan və ya «Olympus Park»dan ev aldığı zaman ödədiyi vəsaitə hesablanan ƏDV-nin bir hissəsini geri ala bilər. Özü də ənənəvi «ƏDV-geri al»la müqayisədə tikintidə geri qaytarılan məbləğ daha yüksəkdir – ƏDV-nin 30%-ni təşkil edir.
Bu o deməkdir ki, məsələn 100 min manatlıq mənzil və ya obyekt alınıbsa, ona hesablanan 18 min manatlıq ƏDV-nin 30%-i, yəni 5400 manatı alıcıya qaytarıla bilər.
Amma bunun üçün alıcı özü bəzi şərtlərə əməl etməli, üstəlik bu prosesdə iştirak edən digər qurumların da şərtlərə əməl etməsinə nəzarət etməlidir. Əks halda ƏDV-ni geri almaq problem ola bilər. Beləliklə...
Evin və obyektin alınmasının rəsmiləşdirilməsi
Əslində ilk baxışdan burada qeyri-adi bir şey yoxdur, indiyədək də insanlar yeni tikilən binalardan obyekt və mənzilləri alıb sənədləşdiriblər.
Amma ƏDV geri al məqsədləri üçün sənədləşdirmə bir qədər başqadır və istənilən səhv və ya diqqətsizlik 30%-lik ƏDV məbləğinin itirilməsinə səbəb ola bilər.
Bütün tikinti şirkətləri ƏDV ödəyicisidir
Ənənəvi Əlavə Dəyər Vergisi ödənişlərindən fərqli olaraq tikniti sektorunda istisna yoxdur. Bütün tikinti şirkətləri, yəni MTK-lar ƏDV ödəyiciləridir və onlardan mənzil və ya obyekt alanda ƏDV-ni geri almaq mümkündür.
Birinci addım – şirkətdən elektron qaimə-faktura alınması
Qaydalara görə, mənzili və ya obyekti satan tərəf, yəni tikinti şirkəti mənzil və ya obyektin satışı zamanı onun tam dəyərinə (ƏDV daxil olmaqla) elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir.
Elektron qaimə-faktura ƏDV-nin alınması üçün vacib sənəddir. Bu sənəddə aşağıdakı məlumatlar göstərilir:
1. elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi;
2. satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı;
3. alıcının soyadı, adı və atasının adı;
4. alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer;
5. alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı);
6. obyektin tikintisinə icazə sənədinin rekvizitləri;
7. tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri;
8. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri;
9. binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi);
10. tərkib hissəsi təqdim edilmiş binanın ünvanı;
11. yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi;
12. binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə);
13. təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla);
14. binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla);
15. vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla);
16. cəmi məbləğ (manatla);
17. yekun;
18. qaytarılacaq ƏDV-nin məbləği (manatla);
19. satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi;
20. alıcının imzası, adı və soyadı;
21. satıcının bank hesabının nömrəsi.
İkinci addım – 90 gün qaydası, geciksə, ƏDV-ni ala bilməyəcək
Mənzil və obyekt alqı-satqısında ƏDV-nin genri alınması üçün ən vaxib məqam – alıcının özünün qeydiyyatdan keçməsidir. Alıcı ödənişi edib arxayınlaşa bilər, amma qaydalara görə, bəzi tələblərə əməl edilməsə, hətta ödəniş qaydasında edilmiş olsa belə, ƏDV-ni geri almaq mümkün olmayacaq.
Bunun üçün əsas məsələ alıcının Vergi Xidmətində yaradılan xüsusi portalda vaxtında qeydiyyatdan keçməsidir.
Qaydalara görə, alıcı (yəni vətəndaş, mənzili alan adam) yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə yaradılmış portalda (https://new.e-taxes.gov.az/eportal/az/login) qeydiyyatdan keçməli və elektron kabinetini yaratmalıdır.
Ev və obyekt alanlar burada göstərilən 90 gün məsələsinə ciddi diqqət yetirməlidirlər. Çünki qaydalara əsasən Alıcı 90 günlük müddətdən sonra müraciət etdikdə ƏDV-nin qaytarılması mümkün olmayacaq, necə deyərlər dedlayn bitmiş olur.
ƏDV-ni geri almaq üçün VÖEN-in olması tələb olunmur
Kiçik, amma həssas məsələ ilə bağlı zəruri qeyd. Mənzil və ya obyekt alışı zamanı ƏDV-nin geri qaytarılması üçün alıcının vergi ödəyicisi olması, yəni VÖEN-inini olmasına ehtiyac yoxdur.
Üçüncü addım – portalda qeydiyyat
Alıcı portalda (https://new.e-taxes.gov.az/eportal/az/login) kabinet yaratdıqdan sonra elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir:
1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti;
2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi.
Öz növbəsində bank ödəniş sənədində aşağıdakı məlumatlar dəqiq göstərilməlidir:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı.
«Ödənişin təyinatı hissəsində: elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi və ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) göstərilir.
Müraciət edildi – müraciətə baxılması müddəti
Alıcı nağdsız qaydada alınmış mənzil və obyektə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı müraciət etdikdən sonra operator 10 iş günü müddətində bu müraxiətə baxır və araşdırır, sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə problem ortaya çıxsa, 5 gün müddətində alıcıya xəbər vedilir və çatışmazlıqların aradan qaldırılması üçün alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü müddətində aradan qaldırmalıdır.
Alıcının və satıcının Risk qiymətləndirməsi aparılır
Qaydalara görə, hətta bu proseslər də normal yerinə yetirilsə, ƏDV-nin geri qaytarılmaması riski qalır – çünki operator müraciətdəki məlumatları yoxlayaraq dərhal risk qiymətləndirilməsi aparılır. Risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir.
ƏDV-dən imtina oluna da bilər
Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina da edilə bilər. Bu halda əsaslandırılmış (yəni imtinanın səbəbi göstərilməklə) inzibati akt qəbul edilir və inzibati akt 2 iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
ƏDV 5 gün ərzində qaytarılır
Qaydalara görə, problem olmasa, müvəkkil bank alıcıya çatan ƏDV hissəsini 5 iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır.
Alıcı şəxs xaricidirsə, ona ƏDV məbləği öz seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır.
Alıcı nələrə diqqət yetirməli və nəzarət etməlidir?
Yuxarıda da qeyd edildiyi kimi, mənzil alqı-satqısında ƏDV-ni geri almaq istəyən alıcı nəinki özü tələblərə əməl etməlidir, eləcə də, digər əlaqədar qurumların da qaydalara əməl etməsinə nəzarət etməlidir.
Nəzarət olunmalı əsas məsələlərdən biri pulu tikinti şirkətinin hesabına düzgün ödəməkdir.
Qaydaya görə, tikinti şirkətinə ödəniş ediləndə əsas məbləğ şirkətin bank hesabına, ona hesablanan ƏDV məbləği isə şirkətin ƏDV depozit hesabına ödənilir.
Bəs mənzili kreditə götürəndə necə olur?
Mənzillərin əksəriyyəti kreditlə satılır. Qaydalara görə, bu halda müştəri krediti tam ödəyənən (özü də bank vasitəsilə) sonra ƏDV hissəsini geri almaq üçün müraciət edə bilər.
Adı kreditdir, əslində kredit deyil...
Mənzillərin aldı-satqısı zamanı müştəriləri ən çox çaşdıran məqam budur. Qaydalara görə, müştəri ƏDV hissəsini geri almaq üçün yalnız o zaman müraciət edə bilər ki, mənzilin dəyəri tam ödənilsin. Məntiqlə belə çıxır ki, Mənzil kreditlə alınırsa, ƏDV almaq üçün tam ödənişin başa çatmasını gözləyib daha sonra müraciət etmək lazımdır. Amma bu qayda yalnız o hala aiddir ki, müştəri mənzili tikinti şirkətinin krediti ilə almış olsun. Bu halda doğrudan da kreditin bitməsini gözləmək lazımdır.
Mənzil bank ipotekası ilə alınanda – dərhal müraciət etmək lazımdır
Mənzil bank vasitiəsilə ipoteka krediti ilə alınanda isə vəziyyət dəyişir. Belə ki, müştəri banka ilkin ödənişi etdikdən sonra, Bank bu vəsaitin üzərinə qalan hissəsi əlavə edir və mənzilin pulunu tikinti şirkətinə dərhal ödəyir. Nəticədə mənzilin pulu tezliklə ödənilmiş sayılır və müştəri ƏDV-ni geri qaytarmaq üçün kreditin başa çatmasını gözləməli deyil.
Müştəriləri ən çox çaşdıran və bəzi hallarda onları ƏDV almaqdan məhrum edən vəziyyət budur. Ona görə də, istənilən şəxs tikinti şirkətlərindən mənzili bank krediti ilə alırsa, elə bankdaca pulun nə vaxt ödəniləcəyini dəqiqləşdirməlidir. Əks halda 90 günlük müddəti ötürə və iri məbləği əldən çıxara bilər.
Başqa sözlə, məsələn «Kristal Abşeron»dan kreditlə ev alanda,
sevincək evə qaçmaqdansa, tələsmədən, elə bankda ƏDV məsələsini dəqiqləşdirib, sonra saytda elektron kabinet açıb, ƏDV-nin geri qaytarılması üçün müraciət etməlisən. Əks halda, 90 günlük müddət keçirilsə, hətta sənədlər qaydasında olsa belə, ƏDV-nin geri alınması mümkün olmayacaq.
ƏDV əməliyyatı ilə nə qədər qabağa düşmək olar?
Hər ehtimala qarşı mənzil və ya obyekt alarkən qaytarılan ƏDV-nin məblərini bir daha xatırlatmaq yerinə düşər.
100 min manatlıq ev alınırsa, ödənilən ƏDV 18 min manat, müştəriyə geri qaytarılan hissə isə 5400 manat təşkil edir.
Alınan evin qiyməti 200 min manatdırsa, ödənilən ƏDV 36 min manat, alıcıya geri qaytarılan məbləğ isə 10 800 manat təşkil edir.
Alınan evin qiyməti 300 min manatdırsa, ödənilən ƏDV 54 min manat, alıcıya geri qaytarılan məbləğ isə 16 200 manat təşkil edir.