Konstitusiya Məhkəməsinin yeni qərarı vətəndaşlarımızın mənzil və ya fərdi ev alması üçün dövlət xətti ilə götürdüyü ənənəvi ipoteka kreditlərinə aidiyyatı yoxdur.
Vəfat edən şəxsin ipoteka kreditini kim ödəməlidir? – KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN QƏRAR
Bu barədə FED.az-a «Meqa Həyat» həyat sığortası şirkətinin Sığorta üzrə hüquqşünas-eksperti Hamlet Qarayev bildirib.
Xatırlaaq ki, Azərbaycan Konstitusiya Məhkəməsi ipoteka krediti olan şəxsin vəfat etdiyi təqdirdə kreditin kim tərəfindən ödəniləcəyi məsələsinə aydınlıq gətirib.
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin qərarına görə, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Qanunun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Hüquqşünasın sözlərinə görə, KM-nin müzakirə etdiyi məsələnin dövlət, yəni İpoteka və Kredit Zəmanəti Fondunun xətti ilə verilən kreditlərə aid deyil. Bu kreditlərdə ortaya çıxa biləcək risklər ciddi şəkildə tənzimlənib. Həm ipoteka krediti ilə alınan əmlak – mənzil və ya ev sığortalanıb, həm də krediti götürən şəxsin həyatsı sığorta edilib.
Nəticədə alınan əmlak istənilən səbəbdən məhv olarsa sığorta bu zərəri kompensasiya edir. Eləcə də krediti götürən şəxs istənilən səbəbdən vəfat edərsə və ya əlilliyi olarsa, krediti verən bankın vəsaiti həyat sığortası şirkəti tərəfindən qaytarılır.
Onun sözlərəniə görə, KM-nin qərarı bankların girovla verilən digər kreditlərinə, o cümlədən daxili ipoteka kreditlərinə aiddir.
Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, burada söhbət bankdan kredit götürən və bunun üçün girov kimi başqa şəxsin fərdi evini girov qoymasından gedir. Sonradan krediti götürən şəxs vəfat etdiyinə görə, həmin kreditin qaytarılması ilə bağlı mübahisə müzakirə edilib.
Hamlet Qarayevin sözlərinə görə, adətən belə hallarda kredit və girov müqavilələri eyni anda bağlanır və kredit qaytarılmayanda öhdəlik əmlaka yönədilir.
KM-nin müzakirə etdiyi mövzuda isə vərəsəllik məsələsi də qeyd edilib. Mülki Məcəllədə bununla bağlı ayrıca fəsil - «Öhəliklərin icrasının təminat üsulları» fəsli var.
Qanunvericiliyə əsasən, şəxsin - yəni ölən şəxsin - aktiv öhdəliyi (yəni bağlanmamış krediti) varsa və onun başqa əmlakları qalıbsa, bu əmlak onun vərəsələri arasında bölündüyü kimi, öhdəlikləri də vərəsələr arasında həmin nisbətdə bölünməlidir. Amma bu öhdəliyin məbləği onların əldə etdiyi mirasın məbləğini keçməməlidir.