Azərbaycanda əhalinin mənzillə təminatı üçün yeni mexanizm işə düşüb. FED.az xəbər verir ki, prezident İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” da təsdiq edilib.
Qaydaya əsasən İpoteka və Kredit Zəmanət Fondu özünə məxsus olan mənzilləri əhaliyə kirayəyə verəcək. Müəyyən müddətdən sonra isə həmin mənzillər kirayədə qalanlara satılacaq. Başqa sözlə, kirayədə qalan şəxs kirayə haqqı ilə mənzilin qiymətini tamamilə ödəyəndən sonra həmin mənzil kirayəçinin mülkiyyətinə keçəcək.
Hansı mənzillər kirayəyə veriləcək?
Qaydaya görə, Fondun kirayəyə verdiyi mənzillər iki yolla əldə edilə bilər – ya fond bu mənzilləri satın alacaq, ya da həmin mənzillər hansısa kredit müqaviləsi üçün girov qoyulan və kreitin ödənilməməsinə görə fondun mülkiyyətinə keçənlər olacaq. Fond mənzilləri ya öz kapitalı hesabına, ya da istiqraz buraxaraq həmin istiqrazların pulu ilə alacaq.
Kirayə mənzil kimlərə veriləcək?
Qaydalara görə, evlərin kimlərə kirayəyə veriləcəyini, yəni kirayəçilərə dair tələbləri fond özü müəyyən edəcək.
Bununla yanaşı, fonddan mənzilləri sonradan satmaq öhdəliyi ilə kirayəyə götürən şəxslər hökmən Azəraycan vətəndaşları olmalıdır. Həmin şəxsin müraciət tarixinə vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır.
Evin qiyməti və kirayə müddəti necə olacaq?
Qaydalara görə, kirayəyə verilən mənzilin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən edəcək. Kirayə müqaviləsi isə 3 ildən 25 ilədək müddətə bağlanacaq və notarius tərəfindən təsdiqlənəcək.
Qaydalara görə, kirayə müqaviləsi bağlanıldıqdan sonra evin qiymətinin tam ödənişi 3 ildən tez edilməməlidir. Yəni ev azı 3 il kirayədə qalmalıdır. Bundan başqa, kirayə müqaviləsi bağlananda kirayəçi azı 12 ayın pulunu əvvəlcədən ödəməli olacaq.
Şərtə görə, kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır, kirayəyə verilən mənzillər isə bazar qiymətindən az olmayan məbləğə sığortalanmalıdır.
Müqavilənin notariat qaydasında təsdiq edilməsi, kirayə hüququnun dövlət qeydiyyatına alınması, habelə kirayəçinin yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı dövlət rüsumunu və digər xərcləri kirayəçi ödəyəcək.
Kirayə verilən ev başqasına keçə bilərmi
Qaydalara görə, kirayə götürmək hüququ başqa şəxsə də keçə bilər. Amma bunun üçün azı 3 il gözləmək lazımdır. Üstəlik buna görə kirayəyəverənin, yəni Fondun razılığı olmalıdır. Bundan başqa, kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə bütün hüquqlar kirayəçinin vərəsələrinə keçəcək.
Kirayəçi evin alış qiymətini vaxtından əvvəl ödəsə, Fond ona güzəşt tətbiq edə bilər.
Kirayə yolu ilə təzə binalardakı mənzillər satılacaq
Qaydalara görə, kirayəyə hansı və necə evlərin veriləcəyini (yerləşmə yeri, sahəsi, otaqların sayı və s. baxımından), eləcə də evlərin kimlərə kirayəyə veriləcəyini, yəni kirayəçilərə dair tələbləri fond özü müəyyən edəcək.
Eyni zamanda qaydalarda deyilir ki bu yenilik çərçivəsində kirayəyə verilən mənzillər 2013-cü ildən sonra inşa edilən binalardakı mənzillər olacaq. Mənzillər tam təmirli, eləcə də, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.
Mənzillər necə kirayəyə veriləcək?
Qaydaya görə, fond kirayəyə vermək istədiyi mənzillər haqqında məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) öz rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdirir.
Bundan sonra mənzili kirayəyə götürmək istəyən vətəndaşların müraciətləri başlayır. Qaydaya görə, kirayə üçün müraciət elektron sistem vasitəsilə edilir. Amma elektron sistem işə düşənədək bu müraciətlər yazılı şəkildə ediləcək.
Müraciətlərə növbə ilə baxılacaq
Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.
Fond şəxsin müraciəti və təqdim etdiyi məlumatlar əsasında 5 iş günü müddətində ya kirayə müqaviləsinin bağlanmasına razılıq, ya da əsaslandırılmış imtina verir. 10 gün müddətində kirayə müqaviləsi bağlanır, 3 gün ərzində isə ilkin olaraq 12 aylıq kirayə haqqı ödənilir.
Kirayə haqqı nə qədər olacaq?
Qaydalara görə, kirayə müqaviləsi üzrə aylıq ödənişin məbləği mənzilin qiymətinin aylara bölünməsi ilə müəyyən edilir. Bu zaman ümumi məbləğdən ilkin ödənilmiş 12 aylıq ödəniş çıxılır. Yəni müştəri əvvəlcədən bir illik kirayə haqqını ödəyəcək.
Kirayə haqqı müəyyən ediləndə bəzi məqamlar nəzərə alınır. Bura fondun həmin evi satın aldığı qiymət, eləcə də, satın alınması ilə bağlı çəkilən digər xərclər, eləcə də fondun buraxdığı istiqrazların faiz xərcəri aiddir.
Bundan başqa, Fond kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə ehtiyatlar yaradacaq və bu məqsədlə ayırmalar edəcək. Həmin ayırmalar və Fond tərəfindən yaşayış sahəsinin saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərclər də kirayə haqqının məbləğində oturacaq.
Evlərə «kupça» veriləcək
Qaydalara görə kirayəçi kirayə haqqını sonadək tam ödədikdə, müddətin sonunda mənzil kirayəçinin mülkiyyətinə keçir. Amma bundan əvvəl də kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Amma kirayəçi aylıq ödənişləri 2 ay daha çox müddətə ödəmədikdə kirayə müqaviləsi ləğv edilir.
Kirayəyə götürülən mənzillər – BELƏ SATILACAQ - ŞƏRTLƏR
08:57
26 Yan 2019