Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin alınması ilə əlaqədar olaraq çoxsaylı suallar alırıq. FED.az vətəndaşların böyük marağını nəzərə alaraq bir çox suallara İpoteka və Zəmanət Fondunun cavablarını təqdim edir.
1.HANSI YAŞAYIŞ SAHƏLƏRİNİ FONDUN XƏTTİ İLƏ KİRAYƏ GÖTÜRMƏK OLAR?
2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.
2.KİRAYƏÇİ QİSMİNDƏ KİMLƏR NƏZƏRDƏ TUTULUR?
Kirayəçi Fondla kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra minimum 12 aylıq ödənişi qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.
Eləcə də bax:Azərbaycan vətəndaşları üçün Türkiyədə əmlak sahibi olmaq - ASANLAŞACAQ
3.FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ VERDİYİ YAŞAYIŞ SAHƏSİNİ HANSI QAYDADA MÜLKİYYƏTİMƏ KEÇİRƏ BİLƏRƏM?
Əvvəlcədən müəyyən edilmiş şərtlərə və tələblərə uyğun olan vətəndaşla Fond arasında kirayə müqaviləsi bağlanılır və həmin kirayə müqaviləsi üzrə kirayəçi öz üzərinə düşən vəzifələri tam yerinə yetirərsə, kirayə qaldığı yaşayış sahəsi yekunda müfaviq sənədləşmə işləri aparılmaqla kirayəçinin mülkiyyətinə keçir.
Misal: Siz Fond ilə 15 il müddətinə kirayə müqaviləsi bağlayırsız. Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 000 manat təşkil edir. Qabaqcadan aylıq ödənişin 12 mislini (100 000 manat alış qiyməti) / 180 ay = aylıq ödəniş 555,55 manat * 12 ay qabaqcadan ödəniş = 6666,67 manat) ödədikdən sonra sizin 14 il ərzində hər ay 555,55 manat (100 000 manat alış qiyməti – 6666,67 manat 12 ay qabaqcadan ödəniş = 93333,33 manat qalıq borc / 168 ay = 555,55 manat aylıq ödəniş) ödəniş etmək öhdəliyiniz yaranır. Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədiyinizdən sonra Fond sizə kirayə götürülmüş yaşayış sahəsinin mülkiyyətinizə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir.
4.SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ MÜQAVİLƏSİ NƏDİR?
Kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan müqavilədir.
5.FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ VERDİYİ YAŞAYIŞ SAHƏSİNİ ALAN ZAMAN ALIŞ QİYMƏTİ DEYİLƏNDƏ NƏ BAŞA DÜŞÜLÜR?
Kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmi (bu qiymət yaşayış sahəsini Fondun satın aldığı qiymətdən, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı çəkilmiş digər xərclərdən, Fondun bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərindən, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalardan, yaşayış sahəsinin Fond tərəfindən saxlanması, sığortalanması və idarə edilməsi ilə bağlı bütün xərclərdən, həmçinin yaşayış sahəsinin təmirinə, müvafiq avadanlıq və mebel ilə təmin edilməsinə istifadə edilmiş vəsaitin cəmindən formalaşır).
6.SATMAQ ÖHDƏLİYİ İLƏ YAŞAYIŞ SAHƏLƏRİNİN KİRAYƏ VERİLMƏSİ NƏ ÜÇÜN LAZIMDIR?
Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka və digər kreditlər götürmək üçün zəruri məbləğə və imkanlara malik olmayan insanları yaşayış sahəsini almaq və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir. Gələcəkdə mülkiyyətə keçmə məqsədilə yaşayış sahəsinin kirayəsi yaşayış sahəsinin alınması üçün kifayət qədər vəsaiti olmayan insanlara qısa müddət ərzində öz şəxsi mənzillərinə sahib olmaq imkanını yaradır.
MİSAL: Ailə alış qiyməti 100 000 manat olan yaşayış sahəsi almaq istəyir. Lakin şəxsi vəsaiti buna kifayət etmir. Bu halda ailə 25 il müddətinə gələcəkdə mülkiyyətə keçməsi məqsədilə yaşayış sahəsini kirayə götürə bilər və bunun üçün cəmi 12 aylıq ödənişi qabaqcadan Fondun hesabına ödəməlidir. Aylıq ödəniş mənzilin alış qiymətinin kirayə müqaviləsi müddətindəki ayların sayına nisbətində müəyyən edilir. Bunun üçün ailə hər ay 333.33 manat (100 000 manat / 300 ay = 333.33 manat aylıq ödəniş) ödəmək şərtilə, ilkin olaraq 4000 manat (12 ay * 333.33 manat aylıq ödəniş) ödəyir.
7.MƏN FONDUN XƏTTİ İLƏ İPOTEKA KREDİTİ YOX, KİRAYƏ MƏNZİL GÖTÜRSƏM NƏ QƏDƏR İLKİN ÖDƏNİŞ ÖDƏMƏLİYƏM?
Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinə görə Siz ilkin ödəniş yox, sadəcə olaraq götürdüyünüz yaşayış sahəsinin alış qiymətinə uyğun minimum 12 aylıq ödənişi qabaqcadan ödəməli olacaqsınız.
Misal: Siz Fonda kirayə yaşayış sahəsi üçün müraciət edirsiz və sizin müraciətinizə müsbət cavab verilir. Elektron sistemdə Sizə müxətlif qiymətlərdə olan mənzillərin siyahısı təqdim edilir. Siz də alış qiyməti 100 000 manat məbləğində olan mənzili 25 il müddətinə kirayə götürmək üçün seçirsiz. Sizin qabaqcadan ödəniş kimi qeyd etdiyiniz məbləğ belə hesablanır: 100 000 manat / 300 ay (25 il) = 333,33 manat aylıq kirayə ödənişi. Deməli 12 ay * 333,33 manat aylıq kirayə ödənişi = 4000,00 manat. Alınan nəticələrdən göründüyü kimi siz 100 000 manat alış qiyməti olan mənzili kirayə götürmək üçün qabaqcadan 4000,00 manat pul ödəməlisiniz
8.HƏR AY ÖDƏYƏCƏYİM AYLIQ ÖDƏNİŞ NECƏ MÜƏYYƏN EDİLİR?
Vətəndaş tərəfindən seçilmiş yaşayış sahəsinin alış qiymətindən Fondun hesabına qabaqcadan ödənilmiş minimum 12 aylıq ödəniş çıxıldıqdan sonra yerdə qalan məbləğ aylıq bərabər hissələrə bölünür və ödəniş cədvəli kirayəçiyə təqdim edilir (elektron kabinetdə əks olunur).
9.MƏNİM GƏLİRLƏRİMİ RƏSMİ TƏSDİQ EDƏCƏK İŞ YERİM YOXDUR, AMMA ŞƏXSİ BİZNESİM İLƏ ƏLAQƏDAR GƏLİRİM KİFAYƏT QƏDƏRDİR. MƏN KİRAYƏ MƏNZİL GÖTÜRƏ BİLƏRƏM?
Müraciətinizə baxıldığı zaman yalnız vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış şəxsi biznesinizdən gələn gəlirlər təhlil ediləcək.
10.MƏN AYLIQ ÖDƏNİŞDƏN BAŞQA ƏLAVƏ ÖDƏNİŞ EDƏ BİLƏRƏM?
Bəli, artıq ödənişlər və avans ödənişlər edə bilərsiniz: 1) Aylıq ödənişdən artıq ödənişi, məbləği ən azı aylıq ödənişin məbləğinə bərabər olmaqla, ödəyirsiniz və ödənişin hansı məqsədlə edilməsinə dair seçiminizi edirsiniz - kirayə müddəti saxlanılmaqla aylıq ödəniş məbləğinin azaldılması və ya aylıq ödəniş məbləği saxlanılmaqla kirayə müddətinin qısaldılması. Etdiyiniz ödənişdən və seçiminizdən asılı olaraq ayın 1- 5 tarixləri ərzində ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada güzəşt tətbiq ediləcəkdir və yeni ödəniş cədvəli tərtib edilərək Sizə təqdim ediləcəkdir. 2) Avans olaraq aylıq ödənişdən əlavə ödəniş etdiyinizdə avans məbləği növbəti ödəniş vaxtları çatdıqda aylıq ödənişə yönəldilir. Avans məbləğinin artıq ödəniş kimi qəbul edilməsini istədiyinizdə, bu barədə niyyətinizi ayın sonuna kimi bildirməlisiniz.
11.KİRAYƏ ALA BİLƏCƏYİM YAŞAYIŞ SAHƏSİNİN MAKSİMAL ALIŞ QİYMƏTİ NƏ QƏDƏR OLA BİLƏR?
Fondun şərtlərinə və tələblərinə əsasən Sizin kirayə müqaviləsi üzrə aylıq ödənişlərinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və mənfi kredit tarixçəsi ola bilər). Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş faizi nisbətində (müxtəlif kateqoriyalı vətəndaşlar üçün fərqlidir) aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq Sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir. Fond tərəfindən yaşayış sahələrinin kirayə verilməsinin ilk vaxtlarında, vacib infrastruktur obyektlərinə yaxın, sakinlərin istirahət etməsi üçün ümumi həyətyanı sahəsi olan, ekonom tipli yaşayış sahələri seçim üçün təqdim ediləcək.
12.FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ VERDİYİ YAŞAYIŞ SAHƏLƏRİNİ KİMLƏR ƏLDƏ EDƏ BİLƏR?
Məhkumluğu olmayan, Fonda müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan Respublikasının vətəndaşları bu hüquqdan istifadə edə bilər.
13.MƏN FONDUN XƏTTİ İLƏ KİRAYƏ MƏNZİL ƏLDƏ ETMƏK ÜÇÜN İLK NÖVBƏDƏ HARA MÜRACİƏT ETMƏLİYƏM VƏ HANSI TƏDBİRLƏRİ GÖRMƏLİYƏM?
Əgər Siz kirayə mənzil ilə bağlı şərtləri məqbul sayırsızsa, "ASAN xidmət" mərkəzlərindən birinə yaxınlaşıb, ASAN imza alırsız. Həmin ASAN imza ilə Fondun elektron sistemində elektron kabinet yaradırsız. Elektron kabinetdə ərizə-anketi doldurarkən müvafiq məlumatları daxil edirsiniz. Siz müəyyənləşdirilmiş şərtlərə və tələblərə uyğun olarsızsa, sizin elektron kabinetinizə bu barədə məlumat gəlir və ona uyğun mənzili seçmək hüququ verilir. Siz yaşayış sahəsinin seçimini etdiyinizdən sonra elektron kabinetinizə elektron bildiriş göndərilir və kirayə müqaviləsinin bağlanılması üçün ASAN xidmətə yönəldilirsiniz.
14.HANSI HALDA MƏN KİRAYƏ MÜQAVİLƏSİ ÜZRƏ ÖZÜMÜ DİGƏR KİRAYƏÇİ İLƏ DƏYİŞƏ BİLƏRƏM?
3 il ərzində aylıq ödənişi vaxtında ödəmisizsə və sonradan ödəmə qabiliyyətiniz azalıbsa, yaxud da hər hansı digər səbəbə görə kirayə müqaviləsinə xitam vermək məcburiyyəti yaranıbsa, siz Fonda özünüzün yeni kirayəçi ilə əvəz olunmanız barədə müraciət edə bilərsiz. Bu qayda həmçinin yaşayış sahəsi daha böyük, otaqların sayı daha çox olan yaşayış sahəsinə köçmək istədiyiniz zaman da tətbiq edilir. Bu zaman Fond ya sizin təklif etdiyiniz namizədin, ya da artıq Fonda müraciət etmiş başqa namizədin mövcud prosedurlara uyğun olaraq ilkin qiymətləndirilməsini aparır, və əgər namizəd şərtlərə və tələblərə cavab verirsə, onda Sizinlə kirayə müqaviləsinə xitam verilir və yeni kirayəçi ilə Sizin istifadə etdiyiniz yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanılır. Tərəfinizdən ödənilmiş vəsaitin geri alınması barədə məsələ Siz ilə yeni kirayəçi arasında həll edilir.
15.ƏGƏR KİRAYƏ MÜQAVİLƏSİNƏ MƏNİM HƏRƏKƏT VƏ YA HƏRƏKƏTSİZLİYİM NƏTİCƏSİNDƏ XİTAM VERİLƏRSƏ MƏN ÖDƏDİYİM HANSI MƏBLƏĞİ GERİ ALA BİLƏRƏM?
Tərəfinizdən Fonda ödənilmiş aylıq ödənişlər (qabaqcadan ödənilmiş 12 aylıq ödəniş də daxil olmaqla) Fondun gəliri hesab olunur və geri qaytarılmır.
16.FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ VERDİYİ YAŞAYIŞ SAHƏSİ HANSI KOMMUNAL XİDMƏTLƏRLƏ TƏMİN EDİLİR?
Fondun xətti ilə kirayə götürüləcək yaşayış sahələri işıq, qaz və su ilə təmin edilir.
17.FOND SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ MÜQAVİLƏSİNƏ HANSI HALDA VAXTINDAN ƏVVƏL BİRTƏRƏFLİ QAYDADA XİTAM VERƏ BİLƏR?
Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;
Kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;
Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);
Kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.
18.MƏN KİRAYƏ MÜQAVİLƏSİ ÜZRƏ 3 İLDƏN SONRA YAŞAYIŞ SAHƏSİNİN DƏYƏRİNİ BİRDƏFƏYƏ ÖDƏMƏK İSTƏSƏM HƏR HANSI GÜZƏŞT TƏTBİQ EDİLİRMİ?
Əgər siz kirayə müqaviləsi bağlandıqdan 3 il sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsəz, bu zaman Fond tərəfindən sizə qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə satmaq öhdəliyi ilə kirayə müqaviləsində aydın məlumat təqdim edilir.
19.MƏN VƏ AİLƏ ÜZVLƏRİM FONDUN XƏTTİ İLƏ KİRAYƏ GÖTÜRDÜYÜMÜZ YAŞAYIŞ SAHƏSİNƏ PASPORT QEYDİYYATINA DÜŞƏ BİLƏRİKMİ?
Bəli. Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri (ər-arvad, ata-ana, övladlar) Fondun yazılı razılığı ilə kirayə ünvanı üzrə pasport qeydiyyatına düşə bilərlər.
20.MƏN KİRAYƏ YAŞAYIŞ SAHƏSİNİ ƏLDƏ EDƏRKƏN HANSI RÜSUM VƏ XİDMƏT HAQQLARI ÖDƏMƏLİYƏM?
CAVAB: Dövlət rüsumu haqqında qanuna və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli Qərarına əsasən :
1) Satmaq öhdəliyi ilə yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilənin təsdiqi üçün – 20 azn;
2) Yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququnun qeydiyyata alınması - dövlət rüsumu - 20 azn və xidmət haqqı - Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli Qərarı əsasında (qiymət hər kv.m-ə görə hesablanır);
3) Kirayə üzrə borc tam ödənildikdən sonra daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi - dövlət rüsumu - 30 azn və xidmət haqqı - Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli Qərarı əsasında (qiymət hər kv.m-ə görə hesablanır) - Kirayə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı yaranmış sadələşdirilmiş vergi xərci.
@Marja.az