Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanmasını və tətbiqini planlaşdırır. FED.az xəbər verir ki, nazirlik qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə müvafiq dövlət qurumları ilə əməkdaşlıq edir. «ASAN xidmət»in nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə obyektlərdə quraşdırılmış və real vaxt rejimində işləyən müşahidə kameraları vasitəsilə inşaat meydançalarında çalışan insanlar haqqında zəruri məlumatlar «ASAN xidmət»in Monitorinq Mərkəzinə ötürülür.
2017-ci il iyul ayının sonlarından fəaliyyətə başlayan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin məlumatına görə, 2018-ci il fevralın ortalarına qədər tikinti şirkətlərində 39 səyyar monitorinq həyata keçirilib, həmin dövr ərzində 1528 şəxs yoxlanılıb, onlardan 475 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub. Monitorinqlərin başlandığı gündən indiyədək Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan tikinti şirkətləri tərəfindən 18452 sayda əmək müqaviləsi bağlanılıb.
Qeyri-leqal məşğulluğun səbəbi qanunlardakı boşluqlardır
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bəzi iqtisadi fəaliyyət sahələrinə aid qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar işəgötürənlərin qanunsuz əməllər törətməsinə şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, işçilərin sayının gizlədilməsi hallarına daha çox tikinti sektorunda rast gəlinir. Mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidmət müqaviləsi, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Bu istiqamətdə nəzarət tədbirləri ilə yanaşı, qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Hökuməti narahat edən digər problem «ikili mühasibat»ın mövcudluğudur. İşəgötürənlər mühasibat uçotu sahəsindəki boşluqlardan faydalanaraq, işçiyə verilən əməkhaqqının az hissəsini rəsmiləşdirir və bunun nəticəsində həm işəgötürən, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olur. Bu problem həm dövlətin iqtisadi və sosial maraqlarının, həm də işçilərin sosial hüquqlarının pozulması deməkdir.
3 milyon nəfər qeyri-rəsmi işləyir
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bu gün ölkəmizdə məşğul əhalinin sayı 4,6 milyon nəfərdir. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir və onlar əmək münasibətləri üzrə qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş hesab olunurlar. Kənd təsərrüfatında 1,6 milyon nəfər çalışır, bu insanlar fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhaliyə aid edilir. Sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində problemlər mövcuddur, onların əmək münasibətlərini tənzimləmək hələ də mümkün olmayıb. Həmin şəxslər ya əmək münasibətlərini müvafiq dövlət orqanlarında rəsmiləşdirməyiblər, ya da digər formalarda əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər. Bu isə vətəndaşların əmək və sosial qanunvericiliyin tələblərindən kənarda qalması, qeyri-rəsmi məşğulluğun yaranması deməkdir.
S.Məmmədov qeyd edib ki, 3 ilə yaxındır ki, Azərbaycanda əmək müqavilələrinin elektron qeydiyyat sistemi fəaliyyət göstərir. Sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına, dəqiq və əhatəli uçotun aparılmasına, əmək bazarına çevik, obyektiv və səmərəli dövlət nəzarəti həyata keçirmək məqsədilə yaradılıb. İndiyədək bu sistemdən istifadə edənlərin sayı 5 milyondan çox olub. Amma bu göstərici daha yüksək olmalıdır. İşəgötürənlərin böyük qismi öz işçilərini rəsmiləşdirmir, onların əmək və sosial hüquqlarını pozur. İndi əmək müqaviləsi ilə işləyənlərin sayı 1,5 milyondur, 3 milyon məşğul insan isə mülki-hüquqi müqavilə ilə işlyəyir. Mülki-hüquqi müqavilə ilə işləyənlər isə qeyri-rəsmi əmək bazarının iştirakçıları hesab edilir. Hazırda ölkədə rəsmi olaraq iqtisadi məşğul əhali kimi göstərilən insanların 20-25 faizinin əmək sığortası var, əmək müqaviləsi və mülki-hüquqi müqaviləsi olmayan vətəndaşlar isə sığortalanmayıblar.
«Kölgə iqtisadiyyatı»nın yaranmasına ikili mühasibat səbəb olur
İqtisadçı-ekspert Radil Fətullayevin sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi məşğulluq, ikili mühasibat kimi xarakterik pozuntu halları geniş yayılıb və bunlar «kölgə iqtisadiyyatı»nın yaranmasına səbəb olur: «Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün müəssisələrin uçot sisteminin təkmilləşdirilməsi, hesablaşmaların tamamilə nağdsızlaşdırılması, beynəlxalq mühasibat sisteminin şərtləri tətbiq edilməlidir. Vergilər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin mühüm əhəmiyyət daşıdığını deyən iqtisadçının fikrincə, əmək müqavilələrinin elektronlaşdırılması, uçot sisteminin şəffaflaşdırılması, hesablaşmaların banklar və kartlar vasitəsilə həyata keçirilməsi «qara mühasibatın» ləğvi istiqamətində təsirli vasitələrdəndir. 2017-ci ildən başlayaraq nağdsız əməliyyatların genişləndirilməsi, nağd pul vəsaitlərinə limitin tətbiqi, dövlət müəssisələri ilə bərabər, özəl şirkətlərdə maaşların kart vasitəsilə verilməsi vergidən yayınmanın və ikili mühasibatın aradan qaldırılmasına təsir göstərir».
R.Fətullayev hesab edir ki, Azərbaycanın mühasibat və maliyyə sisteminin əsas tərkib hissəsi maliyyə hərəkətlərinin optimallaşdırılması, maliyyə nəzarəti, düzgün uçotun qurulmasıdır. Ölkəmizin milli mühasibat sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı təkmil hüquqi baza yaradılsa da, bəzi təşkilatlarda və təsərrüfat subyektlərində mühasibatın müasir meyarlara uyğunlaşdırılmasında problemlər qalmaqdadır və bu hallar aradan qaldırılmalıdır (@vergiler.az)