FED.az APA.az-a istinadən İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədovun müsahibəsini təqdim edir:
Eləcə də bax: Sənədsiz evlərin yaratdığı suallar - VÜQAR TOFİQLİ YAZIR
- Bu il sığorta haqlarının toplanması sahəsində vəziyyət necədir?
- “Yaşıl Kart”la əlaqədar 2018-ci ilin ilk 9 ayı ərzində 1 milyon 960 min manat, cari ilin 9 ayı ərzində isə 2 milyon 240 min manat sığorta haqqı toplanıb. Bu sahədə artım 22% təşkil edib.
- “Yaşıl Kart” sistemi nə üçün vacibdir?
- İcbari Sığorta Bürosu eyni zamanda Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edən qurumdur. Biz qanunvericiliyin tələbinə uyğun olaraq eyni zamanda Azərbaycan Yaşıl Kart Bürosuyuq. “Yaşıl Kart” – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir. Müqavilənin mahiyyəti ondan ibarətdir ki, avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta ödənişlərinin verilməsi təmin olunur.
Beləliklə, bu çərçivədə 2018-ci ilin ilk 9 ayı ərzində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtomobillərin xaricdə törətdiyi hadisələrlə əlaqədar 611 min manat sığorta ödənişi verilib. Bu ilin ilk 9 ayı ərzində bu sahədə ödənişlərin həcmi 790 min manata qalxıb. O cümlədən ötən ay “Yaşıl Kart” sistemi çərçivəsində Büro tərəfindən indiyədək verilmiş ən böyük ödəniş həyata keçirilib. Rusiya Federasiyasının ərazisində Azərbaycana məxsus bir nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdi və hadisə 5 nəfərin ölümü ilə nəticələndi. Bununla əlaqədar 70 min manat həcmində sığorta ödənişi edildi. Dünyada da həyata keçirilən ödənişlərə baxanda, bu, avtomobildə üçüncü şəxs qarşısında məsuliyyət sığortası baxımından böyük ödəniş kateqoriyasına daxildir. Ödənişin bu qədər yüksək olmasının səbəbi hadisədə insan ölümünün baş verməsidir. Bu hadisələrin tənzimlənməsi hər ölkənin qanunvericiliyinin tələbinə bağlıdır. Məsələn, Azərbaycan Respublikasında sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Misal üçün, İngiltərədə bununla bağlı hər hansı limit yoxdur, bu ölkədə milyonlarla manat həcmdə də ödəniş tələbi ortaya çıxa bilər. “Yaşıl Kart” bu səbəbdən olduqca əhəmiyyətlidir. Vətəndaşımız Avropada elə bir sığorta ödənişi tələbi ilə qarşı-qarşıya qala bilər ki, həmin ödənişin ödənilməsi vətəndaş üçün real olmaya bilər. Amma bizim bununla əlaqədar təkrar sığorta mexanizmlərimiz var. Zərər limitinin nə qədər olmasından asılı olmayaraq, biz ödənişin həyata keçirilməsi iqtidarındayıq. Bununla əlaqədar beynəlxalq təkrar sığorta bazarından tələb olunan təkrar sığorta təminatını almışıq.
- Sığorta haqlarının toplanmasındakı artımı hansı səbəblərlə izah etmək olar?
- Burada maarifləndirmə işlərinin mühüm rolu var. Eyni zamanda dövlətin həyata keçirdiyi tədbirlər ölkəmizdə logistika şirkətlərinin artmasına səbəb olur. Logistika şirkətlərinin artması da “Yaşıl Kart”la əlaqədar sığorta şəhadətnaməsinin alınması tələblərini ortaya çıxarır. İldən-ilə xaricə gedən Azərbaycan avtomobillərinin sayı da çoxalır. Bütün bunlar da “Yaşıl Kart” sistemi üzrə toplanan sığorta haqlarında öz əksini tapır.
- Avtomobili ilə xaricə gedən Azərbaycan vətəndaşları “Yaşıl Kart”ı haradan, necə və hansı həcmə ödəniş etməklə ala bilər?
- Bu proses çox sadədir. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə ölkə ərazisini tərk etməzdən əvvəl beynəlxalq sığorta müqaviləsini bağlayaraq Azərbaycan Yaşıl Kartını əldə etməlidir. Ölkədə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartının əldə olunmasına dair müqaviləni yalnız Yaşıl Kart Sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır. Azərbaycan Yaşıl Kartı yalnız onda göstərilənlərin siyahısından istisna edilməyən ölkələrin ərazilərində qüvvədə hesab edilir. Məsələn, bu gün ölkəmizlə həmsərhəd olan ölkələrdən Rusiya, Türkiyə və İran “Yaşıl Kart”a üzv olan ölkələr sırasındadır, lakin Gürcüstan “Yaşıl Kart”a qoşulmayıb. Əgər üzv ölkələrdən birinə avtomobilinizlə gedirsinizsə, Azərbaycanda aldığınız avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi həmin ölkələrdə keçərli deyil. Bir hadisə baş verərsə, Azərbaycanın sığorta şirkəti bunu ödəməyəcək. Bunun üçün “Yaşıl Kart” almalısınız. Əks halda həmin ölkələrə avtomobillə girişinizə icazə verilməyəcək və ya həmin ölkənin yerli sığorta şəhadətnaməsinin alınması tələb olunacaq. Məsələn, Türkiyə üçün 30 günlük “Yaşıl Kart” sığorta şəhadətnaməsinin alınması üçün 17 manata yaxın vəsait ödənilməlidir.
Yalnız Büronun iştirakçısı olan sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol verilir. Büro Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini aparır. Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını satmaq səlahiyyətinə malik sığorta şirkətlərinin hamısının “Yaşıl Kart” satmaq səlahiyyəti var. Hazırda Azərbaycan Respublikasında avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və “Yaşıl Kart” satmaq səlahiyyətinə malik 12 şirkət var. Həmin sığorta şirkətlərinin də İcbari Sığorta Bürosunda qeydiyyatda olan minlərlə agenti mövcuddur. Beləliklə, əlaqədar şirkətlərdən və ya onların agentlərindən “Yaşıl Kart” sığorta şəhadətnaməsinin əldə edilməsi mümkündür.
- Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının, o cümlədən qəza zamanı avtomobilə dəyən zərər üçün maksimum sığorta ödənişinin artırılmasına ehtiyac varmı?
- Sığorta məbləğinin, yaxud sığorta haqqının artırılması barəsində düşünülə bilər. Nəzərə alsaq ki, sığorta haqları və sığorta məbləğlərinin müəyyənləşdirilməsi təxminən 9 il əvvəl həyata keçirilib, bu illər ərzində bir çox dəyişiklliklər baş verib. Azərbaycanda olan avtomobillərin önəmli hissəsi idxal olunan avtomobillərdir, bu səbəbdən hər hansı hadisə baş verdikdə onların ehtiyat hissələri də idxal edilir. 2011-ci ildən bu günə qədər Azərbaycanda devalvasiyalar da baş verib. Bunu nəzərə aldıqda, əlbəttə, sığorta haqlarının artırılması və paralel olaraq sığorta məbləğlərinin dəyişdirilməsi də nəzərdən keçirilə bilər.
Sığorta haqları və sığorta məbləğlərinin dəyişdirilməsi yalnız bu faktlarla yox, sığorta şəhadətnamələrində müxtəlif dəyişikliklər aparmaqla da həyata keçirilə bilər. İmkanlar daha da genişləndirilə, fərqli differensial yanaşma ola bilər ki, sığorta haqlarında dəyişiklik həyata keçirilsin. Bununla əlaqədar konkret addımların atılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyasının birlikdə formalaşdırdığı İşçi Qrupu fəaliyyət göstərir. Eyni zamanda İşçi Qrupunda sığorta şirkətlərinin də əməkdaşları, həmçinin aktuarları təmsil olunurlar. Çünki nəticənin ortaya çıxması aktuar analizlərdən sonra mümkün ola bilər və təkliflər konkret elmi-praktik əsaslara malik olmalıdır. Sığorta bazarındakı şirkətlərdən rəqəmlər alınır, müqayisə aparılır, aktuarlar tərəfindən simulyasiya testləri edilir. Birgə qrup çalışması başa çatdıqdan sonra ortaya çıxan təkliflər toplusu Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim ediləcək.
- Tutaq ki, vətəndaş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta şirkət ilə müqavilə bağlayarkən bildirir ki, daha yüksək sığorta haqqı ödəyir və müqavilədə maksimum 5 min manat deyil, 10 min manat sığorta ödənişinin əksini tapmasını istəyir. Diferensial yanaşma dedikdə bu nəzərdə tutulur?
- Xeyr, elə bir imkan bu gün də var. Misal üçün, düşünürsünüzsə ki, siz daha aqressiv bir sürücüsünüz, vuracağınız ziyan 5 min manatdan çox ola bilər, əlavə olaraq 50 min manatlıq limit almaq istəyirsiniz, bu, mümkündür. Əgər idarə etdiyiniz avtonəqliyyat vasitəsi üçün icbari sığorta təminatına əlavə olaraq 50 min manatlıq təminat almısınızsa, bu halda 55 min manata qədər dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək. Könüllü şəkildə əldə edilən əlavə təminat üçün təbii ki, əlavə sığorta haqqı ödənilməlidir.
- Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə diferensial yanaşma hansı formada tətbiq edilə bilər?
- Dünyanın müxtəlif ölkələrində bununla bağlı fərqli praktikalar var. Biz Rusiyanın ekspert qrupunu təcrübə mübadiləsi üçün Azərbaycana dəvət etdik. Ekspert qrupu Büro və üzv sığorta şirkətlərinin əməkdaşları ilə təcrübələrini bölüşdülər. Rusiyada fərqli yanaşmalar var. Məsələn, bir nəfər sığortalı qismində olanda sığorta haqqı bir məbləğdə, üç və ya beş nəfər sığortalı olanda sığorta haqqı başqa məbləğdə müəyyən edilir. Sığortalı şəxslərlə bağlı limit olmayanda tamamilə fərqli yanaşma olur. Bölgələrə görə də fərqli sığorta haqları nəzərdə tutulur. Ölkənin hansı bölgəsində zərərlilik yüksəkdirsə, orada sığorta haqqı daha yüksək olur. Sürücülərin təcrübəsindən asılı olaraq alınan fərqli sığorta haqları da var. Sürücülük təcrübəsi ilə birlikdə yaş da diqqətə alınmaqla müəyyənləşdirilən sığorta haqları mövcuddur. Çünki bütün bunlar riskləri artıran, yaxud azaldan amillərdir. Yəni risk artırsa, sığorta haqqı da artır, risk azalırsa, sığorta haqqı da azalır. Qeyd etmək lazımdır ki, təkliflər hazırlanarkən yalnız Rusiya deyil, eyni zamanda digər Avropa ölkələrinin təcrübələri də nəzərə alınır.
- Azərbaycanda avtomobil qəzalarında həyatını itirən insanlara kompensasiyanın sığorta şirkətləri tərəfindən ödənilməsi mexanizmi necə qurulub?
-Kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar müraciətlər adətən zərərçəkmiş şəxslərin nümayəndələri tərəfindən həyata keçirilir. Bu istiqamətdə maarifləndirici işlər həyata keçirilməkdədir. Məqsədimiz budur ki, kompensasiya ödənişlərinin alınmasının olduqca bəsit proses olduğu insanların nəzərinə çatdırılsın və kompensasiya ödənişi tam həcmdə zərərçəkmiş şəxsə və ya onun vərəsəsinə ödənilmiş olsun. Maarifləndirmə işlərini cari ilin əvvəlindən etibarən həyata keçiririk və statistik nəticələr qənaətbəxş hesab oluna bilər. 2018-ci ildə demək olar ki, müraciət edən şəxslərin böyük əksəriyyəti nümayəndələr vasitəsilə təmsil olunub. Hazırda maarifləndirmə işlərinin nəticəsi olaraq qeyd edə bilərik ki, bu say tərkibi minimuma endirilib.
- Maarifləndirmə tədbirləri çərçivəsində görülməsi planlaşdırılan digər işlər barədə nə deyə bilərsiniz??
- Bu istiqamətdə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun nümayəndələrindən ibarət tərkibdə yaradılmış işçi qrupu müvafiq iş planı hazırlayıb. Həmin Plana əsasən, 2021-ci ilə qədər davamlı təbliğat və təşviqat işlərinin aparılması nəzərdə tutulur. Layihəyə əsasən, KİV-lərdə sosial çarxlar, sosial şəbəkələrdə postlar yerləşdiriləcək, təhsil müəssisələrində ekspertlər tərəfindən təqdimatlar olacaq. Orta məktəblərin son siniflərində, universitetlərdə konfrans və seminarların keçirilməsi, sığortanın təbliğ edilməsi təklif edilib. Məqsəd gənc nəslin sığortanın əhəmiyyətini öyrənməsi, sığorta hadisəsinin baş verməməsi üçün tələb olunan bütün komponentlərə əməl etməsidir. Bu, müəyyən dövr üçün kampaniya xarakteri daşımayacaq. 2021-ci ildən sonra da təbliğat-təşviqat işləri sığorta şirkətləri ilə birgə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, cari ilin may ayında Nazirlər Kabineti tərəfindən verilmiş sərəncamda bu mövzular əhatə edilib.
Hadisələrin qarşısının alınması ilə əlaqədar da təbliğat-təşviqat işlərinin həyata keçirilməsi sığortalılıq səviyyəsinin artırılması qədər önəmli arqumentdir. Çünki sığorta sektoru və cəmiyyət üçün önəmli olan yalnız sığortalanma deyil, eyni zamanda hadisələrin az baş verməsidir. Bunun üçün hadisələrin nə üçün baş verdiyini analiz etmək və bu hadisələrin qarşısını almağın yolları barədə də cəmiyyəti maarifləndirmək lazımdır. Bu çərçivədə ölkədəki magistral yollarda bilbordların yerləşdirilməsi nəzərdə tutulub. Məlumatlandırma lövhələrində sürücülərə ara məsafəsini qorumaq, ötmə əməliyyatında işığın yandırılması və güzgüyə baxılması, kəmərin mütləq bağlanılmasının zərurəti və bənzər xəbərdarlıqlar yer alacaq. Xüsusən hadisələrin daha çox baş verdiyi yerlərdə məqsədyönlü məlumatlandırmaların müsbət nəticə verəcəyinə inanırıq.
- Büronun informasiya sistemi vasitəsilə dinamik risk xəritəsinin hazırlanması nəzərdə tutulur. Bununla bağlı nə deyə bilərsiniz?
- Risk xəritəsi İcbari Sığorta Bürosunun “Hadisələrin İdarə Edilməsi Sistemi”nin yardımı ilə yaradılır. Bu, interaktiv, davamlı dəyişən elektron xəritə olacaq. Avtomobillərlə bağlı hadisə baş verdikdə sığorta şirkəti tərəfindən sistemimizə hadisə ilə əlaqədar məlumat daxil edilir. Eyni zamanda hadisənin baş verdiyi məkan da elektron sistemə yüksək dəqiqliklə yerləşdirilir. Hazırda sistem sığorta şirkətlərinin daxili informasiya sistemlərinə inteqrasiya edilib. Daxil edilən məlumatlar xəritənin əsasını təşkil edir və Azərbaycanda hadisələrin daha çox harada baş verməsi barəsində statistikalar toplanılır. Əldə edilən statistikalar hadisələrin daha çox baş verdiyi yerlər barəsində məlumatları ortaya qoyacağından, hadisələrin səbəbinin analiz edilməsi və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi zərərlərin meydana gəlməsini önləyəcək. Bu, daha az sığorta tələbinə, zərərliliyin minimuma endirilməsinə, ölüm və xəsarətlə nəticələnən hadisələrin azalmasına xidmət edir. Sistemin hazırlanmasında dünyanın qabaqcıl təcrübələri öyrənilib və analiz edilib.
Onu da nəzərə almaq lazımdır ki, hadisələrin daha az baş verməsi insanların zamanına qənaət edilməsi və idxal edilən ehtiyat hissələrinə daha az vəsaitin xərclənməsi səbəbilə valyuta ehtiyatlarının qorunmasına müsbət təsir göstərəcək. Ona görə də risk xəritəsinin hazırlanması ümumən ölkə üçün olduqca önəmli hadisədir.
İnteraktiv risk xəritəsi “Hadisələrin İdarəedilməsi Sistemi”nin bir hissəsidir. “Hadisələrin idarəetmə sistemi” qəzalar zamanı müştərilərə əlaqədar sənədlərin toplanmasında yaranan gecikmənin də aradan qaldırılmasına kömək edəcək. Sığorta şirkətlərinin ödənişi həyata keçirmələri üçün zəruri olan Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış (Forma 4) müvafiq qurumla həyata keçirdiyimiz inteqrasiya sayəsində elektron olaraq əldə edilməkdədir. Elektron arayışın əldə edilməsi zamana qənaət və vətəndaş-məmur münasibətlərinin yalnız virtual məkanda həyata keçirilməsinə imkan yaradır. Qeyd edilməlidir ki, arayışın alınması üçün sığorta şirkətlərinin sığortalılara tələb qoyması qanunvericiliyə ziddir. Əlaqədar qanunvericilik bu vəzifəni müştərinin deyil, sığorta şirkətinin öhdəliyi kimi müəyyən edib.
- DİN-in arayış hazırlaması üçün müddət indi neçə gündür?
- Həmin müddət 10 gündür. Hadisə qeydə alındıqdan sonra sistem üzərindən müvafiq quruma müraciət onlayn rejimdə həyata keçirilir və müəyyən edilmiş müddət ərzində arayış hazırlanaraq sistemə daxil edilir. Beləliklə, poçt xidmətində gecikmələr istisna edilir, sığorta ödənişinin gec ödənilməsi ilə bağlı şikayətlərin azalacağı nəzərdə tutulur.
- Məsələ ondadır ki, elektronlaşma prosesi fonunda məsələn, şəxsiyyət vəsiqələrinin, pasportların, vizaların verilmə müddəti də avtomatik azalır. Əgər hadisələrin idarəetmə sistemi fəaliyyət göstərirsə, DİN niyə bu elektronlaşma fonunda arayışların hazırlanması müddətini azaltmasın, yenə arayışın hazırlanması üçün 10 gün nəzərdə tutulsun?
- Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. İcbari Sığorta Bürosu olaraq Azərbaycanda qarantiya fondu, informasiya sistemi və Yaşıl Kart Bürosu kimi fəaliyyət göstəririk. Amma dediyiniz məntiqlidir, elektronlaşma olduqca bu müddətlər daha da qısaldıla bilər. “Hadisələrin İdarəedilməsi Sistemi”nin mobil aplikasiyalarının da tam istifadəyə verilməsi cari ilin sonunadək planlaşdırılır. Hazırlanacaq IOS və Android mobil tətbiqetmələri istifadəçilər tərəfindən istismar edilərək hadisə ilə bağlı məlumatın operativ olaraq sığorta şirkətlərinə ötürülməsinə xidmət edəcək.
- Tədbirlər Planında sənədsiz evlərlə bağlı məqam da diqqət çəkir. Sənəddə qeyd edilib ki, 2019-2021-ci illərdə sənədsiz evlərin sənədləşdirilməsi prosesi həllini tapmalıdır və icraçı qurum olaraq Əmlak Məsələləri Dövlət Komitəsi göstərilib. Sənədsiz evlər probleminin həllini nə dərəcədə real sayırsınız və sənədsiz evlər probleminin həlli sığorta bazarına necə təsir edəcək?
- Hazırda daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar 30 milyon manat civarında sığorta haqqı toplanır. Bu, çox kiçik bir rəqəmdir. İnanıram ki, elektronlaşmadan sonra toplanan sığorta haqları ən azı 10 dəfə artacaq. Ancaq “Sığorta fəaliyyəti haqqında” qanun sığortalanmanın həyata keçirilməsi üçün sığorta marağının olmasını məcburi edir. Belə ki, bir əmlakın sığortanlanmasının həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulduğu formada sahiblik və ya əmlak üzərində digər hüquq nəzərdə tutulur. Bu hal mövcud deyilsə, sığorta marağı da yoxdur. Beləliklə, sığorta marağı olmadan sığorta şəhadətnaməsinin əldə edilməsi hadisə baş verdikdə ödənişin alınmasında şübhəsiz ki, problemlər əmələ gətirəcək. Bu baxımdan qeydiyyatsız evlərin azalması təbii ki, ölkədə sığortalılığın artmasına öz töhfəsini verəcək.
Əlavə olaraq qeyd etmək lazımdır ki, bu istiqamətdə penetrasiyanın artması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə inteqrasiyanın həyata keçirilməsi zəruridir. Təcrübədə şahid olduq ki, Daxili İşlər Nazirliyi ilə həyata keçirilən inteqrasiya hərəkət edən nəqliyyat vasitələrinin 100%-ə yaxın hissəsinin sığortalı olması ilə nəticələndi. Səbəb nə idi? Elektron informasiya sistemləri vasitəsilə sığorta şəhadətnamələrinin mövcud olub-olmamasına nəzarət edən DİN-ə anlıq rejimdə məlumat ötürüldüyündən, qurum tərəfindən nəzarətin effektiv şəkildə həyata keçirilməsinə zəmin yaradılır. Eyni şəkildə daşınmaz əmlakın icbari sığortası şəhadətnamələrinin mövcud olub-olmamasına nəzarətedici orqanlar olan FHN və yerli icra hakimiyyətlərinə məlumatların elektron ötürülməsi bənzər nəticəni ortaya qoyacaq. Bu inteqrasiyanın həyata keçirilməsi DİN ilə həyata keçirilmiş intqrasiya qədər önəmlidir. Ölkədə mövcud olan daşınmaz əmlakların sığortasız olması təbii fəlakətlərin baş verməsi halında ölkə üçün böyük zərərlərə səbəb ola bilər. 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələdə ölkə iqtisadiyyatına milyardlarla ziyan dəydi. Zərərin ortadan qaldırılması dövlət üçün də böyük maddi itkiyə səbəb oldu. Halbuki,əmlakların sığorta təminatı altında olması təbii fəlakətlərin baş verməsi halında dövlətin minimum zərərlə qarşılaşmasına şərait yaradır.
Əmlakla əlaqədar mötəbər məlumatların Əmlak Məsələləri Dövlət Komitəsindən əldə edilməsi mümkündür. Yuxarıda qeyd edilən təsdiqlənmiş Tədbirlər Planında Əmlak Məsələləri Dövlət Komitəsi ilə inteqrasiyanın həyata keçirilməsi nəzərdə tutulur. İnteqrasiyanın həyata keçirilməsi üçün qanuni tələblərin yerinə yetirilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası lazımi fəaliyyəti həyata keçirməkdədir.
- İnteqrasiya həyata keçirildikdən sonra yaxın keçmişdə baş vermiş böyük yanğın hadisələrinin nəticələrinin sığorta şirkətləri tərəfindən aradan qaldırılması mümkün olacaqmı?
- Bu sahədə problemlər önəmli ölçüdə aradan qalxacaq. Lakin nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın icbari sığortası yalnız daşınmaz əmlakın sığortalanmasını məcburi edir. Xüsusilə qeyri-yaşayış sahələrində mövcud olan əmtəə, istehsalatda istifadə olunan cihazlar və digər daşınar əmlaklaın könüllü qaydada sığortalanması zəruridir. Bu təminatların əldə edilməsinin əlçatanlığını xüsusilə qeyd etmək lazımdır. Misal üçün, 100 min manat dəyərində daşınmaz əmlakı olan sahibkarın mağazasında 100 min manat dəyərində satış üçün nəzərdə tutulmuş malların olduğunu fərz edək. Bu halda daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar ödənilməli olan sığorta haqqı təqribən 200 manat, malların könüllü sığortalanması ilə əlaqədar sığorta haqqı isə təqribən 300 manat təşkil edir. Beləliklə, bu sahibkarın bir il ərzində daşınmaz və daşınar əmlakını sığorta təminatına alması üçün təqribən 500 manat sığorta haqqı ödəməsi lazımdır. Nəticə etibari ilə aylıq 40-45 manat sığorta haqqı ödəməklə sahibkar ani olaraq ortaya çıxan hadisə nəticəsində iqtisadi stabiliiyini qoruyub saxlaya bilir.
- Tədbirlər Planına əsasən, 2021-ci ilə qədər sənədsiz evlər probleminin aradan qaldırılması nəzərdə tutulub. Bunu nə dərəcədə real saymaq olar?
- Çox realdır. Məsələnin bizi maraqlandıran tərəfi Əmlak Məsələləri Dövlət Komitəsi ilə inteqrasiyanın həyata keçirilməsidir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə inteqrasiyanın həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi lazımdır. Bununla bağlı da Maliyyə Bazarlarına Nəzarət Palatası tədbirlər görür. Həmin tədbirlər görüldükdən sonra bu işin texniki tərəfinin həyata keçirilməsi çətin bir məsələ deyil. Bəli, mən hesab edirəm ki, 6-7 ay içərisində bu işlə bağlı texniki proseslər tamamlana bilər.
- İcbari sığorta ilə bağlı cərimələrin artırılmasına necə, ehtiyac varmı?
- Bakıda əmlakın sığortalanması 50 manatdır. Fiziki şəxslər üçün cərimə 30 manat olaraq nəzərdə tutulub. Düşünülə bilər ki, 50 manat sığorta haqqı ödəmək yerinə 30 manat cərimə ödənilməsi məntiqlidir. Bu, doğru yanaşma deyil. Belə ki, qanunvericilikdə nəzərdə tutulan cərimələr 1 il üçün nəzərdə tutulmuş cərimələr deyil. Bir il ərzində dəfələrlə cərimə oluna bilərsiniz. Bu səbəblə iqtisadi nöqteyi-nəzərdən də sığorta təminatının alınması məqsədəuyğundur.
- Yaxın keçmişdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də inteqrasiyanın keçirildiyi məlumdur. Bu barədə nə deyə bilərsiniz ?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə inteqrasiya tamamlanıb. Bu ilin sentyabr ayının əvvəlindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta şəhadətnamələri də elekton olaraq hazırlanmaqdadır. Sığortalının razılığı elektron imza ilə alındıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən maaşlar və digər detallar elektron olaraq əldə edilir və sistemdə sığorta şəhadətnaməsi hazırlanır. Artıq bu sistemin də işə düşməsi Azərbaycanda müvafiq sahə ilə əlaqədar nəzarətin həyata keçirilməsini önəmli ölçüdə artırıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarın sığortalı olub-olmaması barədə məlumatı informasiya sistemimizdən əldə edir və fiziki olaraq kağız daşıyıcıda yoxlamanın həyata keçirilməsinə ehtiyac qalmır. Digər tərəfdən sahibkarların fəaliyyət növünün dəyişməsi, işçilərin maaşlarında dəyişiklik, risk dərəcəsini artıran və ya azaldan amillər elektron olaraq anlıq rejimdə informasiya sistemimizə ötürülür və daha dəqiq sığorta şəhadətnamələrinin alınmasına şərait yaradır.