Bu il Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana insan axınının və paralel olaraq kapital axınının güclənməsi fonunda ölkənin daşınmaz əmlak sahəsində aktivliyin artması, qiyməti sürətlə artan mənzillərin və fərdi evlərin etibarlı yatırıma çevrilməsi, eləcə də Rəqabət Məcəlləsinin qəbul edilməsi, biznes mühitinin inkişafı gələn il də əmlak bazarında builki tendensiyanın qorunub-saxlanılacağına zəmin yaradır.
Hazır binadan, yoxsa bünövrədən mənzil almaq - HANSI SƏRFƏLİDİR?
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.
“Mənzillər bir qədər də bahalaşacaq”
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda mənzillər bir qədər də bahalaşacaq: “Böyük ehtimalla gələn il də bir sıra ölkələrin vətəndaşlarının, o cümlədən həmvətənlərimizin Azərbaycana kütləvi axını davam edəcək, onlar ölkənin daşınmaz əmlak bazarında pay sahibi olmaq istəyəcək, bunlar isə mənzil bazarında qiymətləri bir qədər də artıracaq. Əsas tələbat isə yeni binalarda 1-2, köhnə binalarda isə 2-3 otaqlı mənzillərə olacaq. Son illər müşahidə olunan tendensiya onu söyləməyə əsas yaradır ki, daşınmaz əmlak bazarının hərəkətverici qüvvəsi rolunda çıxış edən sosial ipoteka istifadəçiləri daha çox yeni binalara üz tutur. Eyni zamanda kiçik sahəyə malik yeni mənzillər həm investisiya qoyuluşu üçün münasibdir, həm də yeni ailə qurmuş şəxslərin əsas seçimidir. Köhnə mənzillərə gəlincə isə “Leninqrad”, “Kiyev” və “Eksperimental” layihəli binalara əsas seçimlər olacaq. Bazarın böyüməsi həm də İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti ilə birbaşa bağlı olacaq".
“İlkin mənzil bazarı daha rentabellidir”
Ekspert qeyd edib ki, ilkin mənzil bazarı ümumi mənzil portfelinin təxminən yarısını əhatə edir və bu nisbətin gələn ildə də dəyişməyəcəyini proqnozlaşdırmaq olar: "Yeni tikililərin inşasında müəyyən fasilələr yaransa da, son dövrlər bu sahədə yenidən aktivlik nəzərə çarpır. Əsasən də, sökülən evlərin yerində pilot layihələrin inşası zamanı sürətli artım müşahidə olunur. Xüsusən sosial ipoteka şərtləri ilə mənzillərin satışı, ilkin mənzil bazarına aid subyektlərin əksəriyyətində çıxarışların verilməsi, müasir tələblər meyarına daha çox bu bazarın adekvat olması, gənc ailələrin ilkin mənzil bazarına üstünlük verməsi, güzəştli şərtlərlə sosial mənzillərin satışa çıxarılması, paytaxtın müxtəlif ərazilərində müasir yaşayış komplekslərinin inşası, Rusiya, Ukrayna və digər ölkələrdən Azərbaycana üz tutan miqrantların sayının artması, Rusiyada və Ukraynada yaşayan soydaşlarımızın əmlak bazarına investisiya qoyuluşunun artması, eyni zamanda rəqabət meylliliyi bu bazarın əhəmiyyət yükünü artırır. Bu səbəbdən ilkin mənzil bazarı daha rentabelli və perspektivli bazar kimi səciyyələndirilə bilər. Təkrar mənzil bazarında olduğu kimi, ilkin mənzil bazarında da İpoteka və Kredit Zəmanət Fondunun gələcək fəaliyyət istiqamətləri bazara təsir edən əsas faktorlardan olacaq. Hesab edirik ki, ənənəvi olaraq ilin əvvəlində yaşanan bahalaşma dalğası daşınmaz əmlak bazarına da təsir edəcək. İlin əvvəlində minimum əmək haqqı və müavinətlər 10-11 % civarında artırılacaq, bu da manatın alıcılıq qabiliyyətinə təsirsiz ötüşməyəcək. Ehtimal olunur ki, 2024-cü ildə 10-15 % aralığında mənzil bazarına edilən təklif qiymətləri yüksələcək. Ümumi artım tendensiyası köhnə binalara da təsir göstərəcək, amma bu, yeni tikililərdə olduğu qədər gözlənilmir”.
“Çıxarışlı torpaqlar, bağ və fərdi yaşayış evləri də bahalaşacaq”
V.Oruc torpaq sahələri, bağ və fərdi yaşayış evləri ilə də bağlı proqnozlarını da açıqlayıb: “Bu il oktyabrın 1-dən Azərbaycanda çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Odur ki, çıxarışlı torpaqların və həyət evlərinin qiymətləri artıb. 2024-cü ildə bu artım daha çox olacaq. Çünki qadağa yeni qüvvəyə minib və onun əsas təsirləri il ərzində müşahidə olunacaq. Bu gün Bakıda və Abşeronda çıxarışlı torpaq sahələrinin sayı azdır. Əksər torpaq sahələrində bələdiyyə sənədi, SSRİ dövründən qalmış, kolxoz və sovxozlardan verilmiş payçı sənədləri mövcuddur. İndiyə qədər bazara təklif olunan ən ucuz evlər də məhz bu kateqoriyaya aid evlər idi. Qiymətlər münasib olduğuna görə, aztəminatlı əhali üçün əlçatan idi. Təbii ki, qanunvericiliyə edilən son dəyişiklikdən sonra bu evləri alanlar olmayacaq. Bu seqment üzrə bazarda dərin qıtlıq hökm sürəcək. Əvəzində çıxarışlı torpaqlara və həyət evlərinə meyl olacaq".
“Tikinti materialları bazarında təklif tələbi üstələyəcək”
Ekspertin fikrincə, qanunvericiliyin dəyişməsi inşaat bazarına da təsirsiz ötüşməyəcək: “İşıq, qaz və suyu olmayan evlərdə heç kim yaşamaq istəməyəcək. Nəticədə tikinti məhsulları bazarında təklif tələbi üstələyəcək. Çünki inşaat məhsulları bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evləridir. Qanuna edilən dəyişikliyə əsasən, çıxarışı olmayan torpaqlarda evlərin inşası zəifləyəcək". (Report)