İstehlak kreditlərinin bir növü olan və təyinatı daşınmaz əmlakın və ya mənzilin alınması olan “İpoteka” kreditlərinə olan maraq son dövrlərdə kəskin şəkildə artmışdır.
Bunun səbəbi kimi, ölkədə 2-3 ildir davam edən böhranın səngiməsini, əhalinin gəlirlərinin artmasını və dövlətin daha dəqiq desək İpoteka Fondunun kommersiya banklarına ayırdığı limitlərin həcmini göstərə bilərik. Banklar üçün bir o qədər də gəlirli məhsul hesab edilməsə də, İpoteka kreditləri sosial rifahin təmin edilməsi və banklara qarşı müştəri bağlılığın yaradılması baxımından önəmli məhsuldur.
İpoteka kreditləri ərizəçinin sosial status baxımından “güzəştli” və “adi” ipoteka olmaqla 2 yerə ayrılır. “Güzəştli” ipoteka – şəhid ailələri və milli qəhrəman ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya dövlət hökümət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. “Güzəştli” ipoteka şərtləri adından da göründüyü kimi, adi ipoteka şərtləri ilə müqayisədə kifayət qədər loyaldır və demək olar ki, bütün banklarda standart şəkildə təqdim edilir. Belə ki, kreditin maksimal müddəti 30 il, illik faiz dərəcəsi is 4% təyin edilir. Bizim bugün toxunacağımız məqam isə, bankların təklif etdiyi şərtlər baxımından müəyyən fərqlilikləri olan “adi” ipoteka şərtləridir. Qeyd edilən fərqlər əsasən 3 istiqamətdə nəzərə çarpır – kreditin illik faiz dərəcəsi, bank xərcləri və ilkin ödəniş məbləği. Kreditin maksimal məbləği (150 000 AZN) və müddəti (25 il) şərtləri isə standartdır. Aşağıdakı cədvəldə İpoteka krediti təklif edən və yuxarıda qeyd edilən 3 şərt (ilkin ödəniş, faiz və bank xərcləri) üzrə fərqlənən şərtlər qeyd edilmişdir. Bu məlumatların yeni ev və ya mənzil almaq istəyən oxuculara daha sərfəli şərtləri seçməkdə yardımçı olacağına əminik.
Bank | İlkin ödəniş məbləği, %-lə | İllik faiz dərəcəsi | Bank xərcləri |
Azər – Türk Bank | 30% | 7% | 0.1% |
Bank Avrasiya | 20% | 7.5% | 0.1% |
Bank BTB | 20% | 8% | 0.1% |
Bank Respublika | 25% | 8% | 0.1% |
VTB Bank | 20% | 7% | 0.1% |
ExpressBank | 20% – 25% | 7% | 0.1% |
Günaybank | 15% – 25% | 7% – 8% | 0.1% |
Kapitalbank | 30% | 8% | Nəzərdə tutulmayıb |
NBC Bank | 15% | 7% | 0.1% |
Nikoil Bank | 15% | 8% | 0.1% |
Rabitə | Maaş 1000 AZN-dən çox olduqda – 15%
Maaş 1000 AZN-dən az olduqda – 20% |
7% | 0.1% |
TuranBank | 30% | 7% | 0.1% |
Unibank | 20% | 8% | 0.1% (min.50 AZN) |
Xalqbank | 30% | 8% | 0.1% |
Yapikredibank | 30% | 8% | 0.1% |
Bank xərcləri sütununda qeyd olunan komissiya bankin kreditin rəsmiləşdirilməsinə görə tətbiq etdiyi komissiyadır. Bu komissiyadan əlavə kredit əldə edən hər bir müştəri tərəfindən, notarius və əmlakın qiymətləndirməsi xərcləri, həmçinin əmlak sığortası və həyat sığortası komissiyaları ödənilməlidir. Müvafiq komissiyalar bankların əməkdaşlıq etdiyi şirkətlər tərəfindən tətbiq edildiyi üçün yalnız banka yaxınlaşdıqda məlumat verilir.