Cari il ərzində dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı büdcə daxilolmalarına dair müvafiq tapşırıq 129 faiz icra edilib. Daşınmaz dövlət əmlaklarının icarəsi üzrə proqnoz bu il üçün 8 milyon manat olsa da, ilin 11 ayı ərzində artıq büdcəyə 10,3 milyon manat vəsait daxil olub.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) FED.az-a bildirilib ki, dövlət əmlaklarının icarəyə verilməsi prosesinin stimullaşdırılması məqsədilə bu istiqamətdə innovativ yanaşmalar tətbiq edilir. İstifadəçilərin icarə haqqını rahat ödəməsinin təmin edilməsi ilə bağlı elektron xidmət tətbiq olunmaqdadır. Belə ki, “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti dövlət əmlakının icarəçilərinin çevik formada icarə haqqı borcunun öyrənməsinə və ödəməsinə şərait yaradır. Məbləğin öyrənilməsi ilə bağlı digər vasitə “9193” SMS xidmətidir.
Eləcə də bax: 83 dövlət əmlakı özəlləşmədə - VAXT AÇIQLANDI
Qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı görülmüş işlər nəticəsində bu kateqoriyadan olan dövlət əmlaklarından 261-nə dair icarə müqaviləsi bağlanıb, 450 icarə müqaviləsinin isə müddəti uzadılıb. Müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinə gəldikdə isə bu dövlət əmlaklarına dair ümumilikdə 52 icarə müqaviləsi bağlanıb, 34 icarə müqaviləsinin müddəti artırılıb.