Ağdam Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəndə çay evinin bərpası ilə bağlı söhbətimiz olub. Əlbəttə, belə bir təklif gələrsə, böyük məmnuniyyətlə bu işi görməyə hazıram.
Eləcə də bax: "Ağdam çaxırının şöhrətini özünə qaytarmaq lazımdır"
FED.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağdamın simvollarından biri sayılan məşhur çay evinin müəllifi Naiq Səmədov bildirib.
1984-88-ci illərdə Ağdamda baş memar işləyən N.Səmədov bildirib ki, çay evi məhz Geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun təşəbbüsü ilə tikilib.
O vaxt professor memarla görüşən zaman Çin üslubunda bir tikilini ona göstərib və doğulduğu Ağdam şəhərində belə bir məkanın yaradılmasını xahiş edib. Naiq Səmədov professorun istəyini yerinə yetirib və bunu daha çox şərq üslubunda həyata keçirib:
“Ağdam çay evi daxili imkanlar hesabına tikilib. Şəhərdə ticarətlə məşğul olan iki qardaş var idi. Bina onların maliyyə köməyi ilə tikilib, elə son günlərəcən də, həmin qardaşlar oranı işlətdi. Vəsait çox çıxmasın deyə, bəzi işlərə Ağdamda olan dustaqlar cəlb olunublar.
Tikili özü demək olar yalnız dəmir konstruksiyalardan hazırlanıb, yalnız döşəmədə taxtalardan istifadə olunub. Ümumiyyətlə Ağdamın özündə yaxşı dəmirçilər olub. Nəhayət 1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı keçirildi”.
N.Səmədov qeyd edib ki, gələcəkdə çay evini elə əvvəlki yerində bərpa etmək istəyərdi:
“Mən ümumiyyətlə istəyərdim ki, Ağdam tikiləndə mərkəzdə olan unikal binaların hamısı əvvəlki vəziyyətlərinə qaytarılsın. Çünki insanlar oranı elə görməyə alışıb və bunlar hamısı öz yerinə qaytarılsa hər kəs üçün çox xoş olar.
Bundan əlavə fontanlar və istirahət məkanları var idi ki, onlar da əvvəlki görkəminə qaytarılsın. Ümumiyyətlə bu tək Ağdama aid deyil, bütün azad olunmuş ərazilərin əsas küçə və meydanları keçmişdə olduğu kimi bərpa edilsə, məncə yaxşı olar”.