Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə müsahibə verib:
- Elbay müəllim, Azərbaycan prezidentinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündən 14 gün keçib. Görüşdə bir sıra problemlər dilə gətirildi. Yarım ay müddətində nələr dəyişdi?
- 14 gün ərzində bir sıra yeniliklər olub. Bu müddətdə cənab prezident həmin görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində bir neçə sərəncam imzalayıb.
Misal üçün, teatr xadimləri üçün çox böyük işlər görülüb, böyük yeniliklər var. Martın 13-də imzaladığı sərəncamla bütün yaradıcılıq ittifaqlarına maddi yardım göstərib. Bunlar çox əhəmiyyətlidir. Bu, ölkəmizdəki sənət adamlarına, sənətçilərə, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafına göstərilən qayğıdır.
- Prezidentlə görüşdən sonra hansı ideyalarınız var?
- Bakının tarixi mərkəzini qoruyub saxlamaq lazımdır. Bunun üçün Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməlidir, dövlət tərəfindən bu sərhədlər təsdiq olunmalıdır. Təklif etdim ki, 726 hektar ərazidə Bakının ayrıca rayonu olsun. Yəni bu gün həmin mərkəz hissə dörd inzibati rayon arasında bölünüb – Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları… Etiraf edək ki, hər rayonun icra başçısı özünə, öz dünya görüşünə, öz zövqünə görə özünə aid olan hissədə fəaliyyət göstərir.
Bir misal göstərim: keçmiş “Tarqovı”, indiki Nizami küçəsinin alt tərəfi Səbail, üst tərəfi Nəsimi rayonlarına aiddir. Bu rayonun başçısı küçənin sol tərəfini, digər rayonun başçısı isə küçənin sağ tərəfini öz bildiyi kimi düzəldir. Belə ola bilməz. Ona görə bu ərazi həmin rayonlardan ayrılmalıdır. Bakının xüsusi rayonu təşkil olunmalıdır və orada aparılan bütün fəaliyyət xüsusi qanunlara, tələblərə cavab verməlidir.
Ölkədə tikinti normaları var. Bu, milli normalardır. Eyni norma Yeni Günəşlidə də, Nizami küçəsində də işləyir. Bu, düzgün deyil, yanaşma fərqli olmalıdır. Bura tarixi mühitdir, burada tələblər daha ciddi olmalıdır.
- İlham Əliyevlə görüşdə Bakıda dahi şəxsiyyətlərə heykəl qoyulması məsələsi qaldırılıb. Bununla bağlı hansı yeniliklər var?
- Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin qoyulması ideyaları üzərində işlər gedir. Heykəltəraş, akademik Ömər Eldarov, Xalq rəssamı Xanlar Ələsgərov ilə birgə bununla bağlı işlər aparırıq.
Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə şəhərdə bir neçə yeri müəyyənləşdirmişik. Materiallar hazırlanır, yəqin ki, bu barədə dövlət başçısı səviyyəsində müzakirələr olacaq. Biz təkliflərimizi təqdim edəcəyik. Təkliflərimiz bəyənilsə, bu barədə məlumat verəcəyik.
Eləcə də bax: Özbaşına və sənədsiz inşa edilmiş evlər sənədləşdiriləcək - PREZİDENT ADMİNİSTRASİYASINDAN TAPŞIRIQ
- Bakının baş planı nə vaxt hazır olacaq?
- Dövlət şəhərsalma və arxitektura komitəsi tərəfindən tender elan olunub. Tenderin çoxlu iştirakçıları var. Onlardan bir qismi artıq son mərhələdədir. Yəni onlar lazım olan sənədlərin hamısını təqdim ediblər. Bu yaxınlarda tender komissiyası yığışacaq və təqdim olunan şirkətlərdən biri seçiləcək. Sonra təxminən 2-3 il müddətinə Bakının baş planı tərtib olunacaq.
Baş plan, ümumiyyətlə, hansısa konkret binaya aid deyil. Baş plan şəhərin inkişaf istiqamətlərini müəyyənləşdirir və şəhərin hər bir ərazisinin, hər bir bölgəsinin inkişafını planlaşdırır. O ki qaldı ayrıca binalara, əlbəttə, hər dəfə yeni bina tikilərkən onun layihəsi müzakirə edilməli, mütəxəssislər tərəfindən qiymətləndirilməlidir. Həm iqtisadi, həm memarlıq tərəfi, həm də şəhərsalma nöqteyi-nəzərindən yerləşməsi nəzərdən keçirilməlidir. Bunun üçün baş planı gözləmək lazım deyil.
- Bakının keçmiş baş planında hansı çatışmazlıqlar var?
- Birinci növbədə deyim ki, o baş plan 1984-cü ildə tərtib olunub. Sovet dövründə siyasi, iqtisadi münasibətlər tamamilə başqa olub. Orada yalnız hökumət tikintini aparıb. Yəni burada fərdi tikinti, işgüzarlıq, biznes plan söhbətləri olmayıb. Ona görə bütün Bakının inkişafı Dövlət Plan Komitəsi tərəfindən planlaşdırılıb.
Həmin idarəetmə üslubu üçün baş plan tərtib olunub. Müstəqillik illərində ölkədə həm siyasi, həm sosial, həm də iqtisadi münasibətlərdə dəyişikliklər olub. Şəxsi mülkiyyət anlayışı ortaya çıxıb, bu gün iş adamları sərmayə qoyublar, yəni bunu heç kim qabaqcadan planlaşdıra bilməz.
Dövlət tərəfindən bu proses idarə olunmalıdır. Ona görə köhnə baş plan bugünkü tələblərə cavab vermir. Onunla işləmək olmaz. Çünki orada bugünkü həyat tərzinə əks olan məhdudiyyətlər qoyulub. Hesab edirəm ki, 1992-ci ildən etibarən Bakının baş planı olmayıb.
- Bakıda fəaliyyət göstərən memarlardan razısınızmı?
- Çox istedadlı və bacarıqlı memarlarımız var. Sadəcə olaraq, memarın əməyi ödənişlədir. Tikinti ilə məşğul olan bir çox iş adamlarımız daha ucuz layihələrə üstünlük verirlər. Gözlədikləri qazancın miqyası azalmasın deyə kifayət dərəcədə savadlı olmayan, istedadı olmayan, amma layihəni daha ucuz edən memarlar tapırlar. Ona görə də Bakıda xoşa gəlməyən binalar inşa olunur.
Belə binaları tikənlərlə mübarizə aparmaq üçün daha sərt tələblər qoymaq lazımdır. Tələb etmək lazımdır ki, sən əgər Bakıda bina tikməlisənsə, onda o bina əsər olmalıdır. Elə-belə bina olmamalıdır. Çünki Bakı yalnız memarlıq əsəri binalara layiq bir şəhərdir.
- Bir neçə il əvvəl Bakının mərkəzində olan universitetlərin köçürülməsi məsələsi gündəmdə idi. Yeni baş planda bu, öz əksini tapacaq?
- Universitet, ümumiyyətlə, təhsil kifayət qədər konservativ sahədir. Düzdür, təhsil yenilikdir, elmdir, inkişafdır, amma sistem özlüyündə kifayət qədər konservativ sistemdir. Dünyanın ən yaxşı təhsil ocaqlarının 600-700 illik tarixi var, orada 600 il əvvəl qəbul olunmuş qaydalar bu günə kimi işləyir.
Bu tərbiyə nöqteyi-nəzərindən çox yaxşıdır. Ona görə də böyük universitetlərimizin mərkəzdən harasa köçürülməsinin tərəfdarı deyiləm. Hesab edirəm ki, bu, yanlış ideyadır.
Çünki birincisi, əhali burada yaşayır, tələbələrin həmin köçürülən ərazilərə getməsi nəqliyyatda böyük çətinliklər yaradacaq və ən əsası müəllim kontingenti burada ciddi problemlərə səbəb olacaq. Etiraf edək ki, müəllimlər evlərinə yaxın universitetdə dərs deməyə çalışırlar.
Əvvəlki baş plana əsasən, onların hamısının Türkana getməsi nəzərdə tutulmuşdu. Bu isə əlavə vaxt itkisi deməkdir. Məncə, bunlar hamısı öz yerində qalmalıdır. Əlbəttə, bu, şəhərin daxilində müəyyən tıxaclar və problemlər yaradır, amma bunlar obyektiv problemlərdir.
- Bakını hansı şəhər kimi görmək istərdiniz?
- İstərdim ki, mənim gördüyüm, sevdiyim Bakını nəticələrim də görsün. Düşünürəm ki, təklifim qəbul olunarsa, bu, nəticələrimə hədiyyəm olar.