Bir neçə il əvvəl bina tikintisi fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər, dövriyyələrindən asılı olmayaraq, həm ƏDV, həm də sadələşdirilmiş verginin ödəyiciləri sayılıb Bu isə çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlər üçün sərfəli olmayıb.
ELƏCƏ DƏ BAX: İki dövlət qurumu daş karxanalarına görə - TOPLAŞIR
Zirzəmilər, mərtəbələr və çardaqlar da daxil olmaqla, tikilən binanın ümumi sahəsi vergitutma obyekti sayılırdı. Bu zaman binanın ümumi sahəsindəki dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi vergitutma obyektinə daxil edilməyib. 2016-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra isə bina tikintisi fəaliyyətinə tətbiq olunan vergi sistemi xeyli dərəcədə sadələşdirilib.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər dedikdə, kimlər nəzərdə tutulur?
FED.az-ın “vergiler.az”-a istinadən verdiyi məlumata görə, mövcud qanunvericiliyə əsasən, özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər bina tikintisi fəaliyyəti göstərənlər sayılır.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri (hər mərtəbənin ümumi sahəsi), o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyekti hesab olunur.
Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli qərarı ilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli vergilərin hesablanması üçün ərazilərin sərhədləri və zonalar üzrə əmsallar təsdiq edilib. Həmin qərara əsasən, Bakı şəhərinin ərazisi 12 zonaya, digər regionlar isə 3 zonaya bölünməklə əmsallar müəyyənləşdirilib. Yerləşdiyi zonadan asılı olmayaraq, ölkənin bütün regionlarında bina tikintisi üzrə hər kvadratmetrə görə 45 manat məbləğində baza vergisi hesablanır. Hesablanma zamanı tətbiq olunan əmsallar Bakının mərkəzindən ucqarlara doğru azalır. Belə ki, Bakı şəhərinin 1-ci zonasına aid ərazilərdə inşa edilən binaların hər kvadratmetrinə 180 manat vergi tətbiq olunduğu halda, 10, 11 və 12-ci zonalarda bu əmsal 54 manatadək, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 67,5 manadək azaldılır. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda bu əmsal 54 manat, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 22,5 manat təşkil edir.
Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bina tikintisi fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər üçün vergilərin ödənilməsi metodu sadələşdirilib. Həmin şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməklə ƏDV-nin, mənfəət vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib. Sadələşdirilmiş vergini seçən tikinti şirkətləri tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra zonalar üzrə müəyyənləşdirilmiş əmsallara vuraraq yaşayış sahəsi üçün verginin məbləğini hesablamalıdırlar. Qeyri-yaşayış sahəsi üzrə vergi isə əvvəlcə 45-ə, daha sonra zonalardan asılı olmayaraq 1,5 əmsalına vurulmaqla hesablanır. Hesablanılmış sadələşdirilmiş vergi məbləği bərabər hissələrlə 10 faiz həcmində 10 rüb ərzində büdcəyə ödənilməlidir.
Vergilərin hesablanması qaydasına gəlincə, bina tikintisi ilə məşğul olan şəxslər binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini ayrılıqda hesablayırlar. Bu zaman qeyri-yaşayış sahələrinə əlavə 1,5 əmsal tətbiq edilir:
- yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi - m2 x 45 manat x zona əmsalı;
- qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi - m2 x 45 manat x zona əmsalı x 1,5 əmsal.
Yeri gəlmişkən, «qeyri-yaşayış sahəsi» anlayışı və ya həmin sahəyə binanın hansı hissələrinin aid edilməsi mövcud normativ-hüquqi aktlarda birbaşa müəyyən edilməyib. «Yaşayış sahəsi» dedikdə isə Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.
Mənzil Məcəlləsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
Mənzil Məcəlləsinin tələblərinə əsasən, çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə qanunla müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlər bilavasitə sahə mülkiyyətçilərinə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti üçün istifadəsi nəzərdə tutulmadıqda, bu hissələr yaşayış sahəsi kimi sadələşdirilmiş vergiyə cəlb edilməlidir.
Bina və ev tikənlər bu qədər vergi ödəməlidir - MƏBLƏĞLƏR
21:00
7 Noy 2018