Nazirlər Kabineti “Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının razılaşdırılması Qaydası”nı təsdiq edib.
FED.az-ın məlumatına görə, bu Qayda tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların nisbətini müəyyənləşdirən bölünmə planının hazırlanmasını, razılaşdırılmasını və notarius tərəfindən təsdiq edilməsini tənzimləyir.
ELƏCƏ DƏ BAX: Obyekt tkintisinə icazə almaq qaydası dəyişir - YENİLİK – TAM MƏTN
Bölünmə planı tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əsasında torpaq sahəsinin mülkiyyətçisi tərəfindən hazırlanır. Mülkiyyətçi bölünmə planının hazırlanmasını layihəçiyə sifariş verə bilər. Mülkiyyətçi bölünmə planının razılaşdırılması üçün tikintiyə icazə verən orqana bilavasitə və ya bölünmə planını təsdiq edəcək notarius vasitəsilə ərizə təqdim edir. Ərizə mülkiyyətçi tərəfindən tikintiyə icazə verən orqana (quruma) şəxsən verildikdə – verildiyi gün, poçt rabitəsi, yaxud notarius vasitəsilə göndərildikdə isə poçta, yaxud notariusa təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
Ərizə tikintiyə icazə verən orqan (qurum) tərəfindən qəbul edilir, qeydiyyata alınır və ərizənin qəbul edildiyi gündən ən geci 2 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verilir və ya göndərilir. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və razılaşdırılmadan imtinaya səbəb olmayan çatışmazlıqlar, o cümlədən müvafiq payla həmin paya bağlı olan müvafiq tərkib hissənin sahəsi arasındakı nisbətin düzgün müəyyənləşdirilmədiyi aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq, tikintiyə icazə verən orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı mülkiyyətçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda mülkiyyətçiyə bildirilməlidir. Mülkiyyətçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 5 iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman müraciətlə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət razılaşdırılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə mülkiyyətçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.
Mülkiyyətçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə tikintiyə icazə verən orqana (quruma) müraciət edə bilər. Tikintiyə icazə verən orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 iş günündən gec olmayaraq, bölünmə planının razılaşdırılması və ya razılaşdırılmasından imtina haqqında inzibati akt qəbul edir.
Mülkiyyətçi tikintiyə icazə almaq üçün tikintiyə icazə verən orqana (quruma) etdiyi müraciətində eyni zamanda bölünmə planının razılaşdırılmasını da tələb edə bilər.
Tikintiyə icazə verən orqanla (qurumla) razılaşdırıldıqdan sonra, mülkiyyətçinin müraciəti əsasında notarius tərəfindən bölünmə planı üç nüsxədə - iki nüsxəsi notariusda, bir nüsxəsi mülkiyyətçidə qalması məqsədi ilə tərtib edilərək təsdiq edilir.. Notarius təsdiq etdiyi bölünmə planını dərhal elektron informasiya sistemləri vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə və Tikintilərin Dövlət Reyestrinə, 2 iş günü müddətində isə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərir.
Daşınmaz əmlakın dövlət reyestri daşınmaz əmlakın dövlət reyestrində bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə məlumatı qeydiyyatın aparıldığı gündən 3 (üç) iş günü müddətində Tikintilərin Dövlət Reyestrinə və bölünmə planını təsdiq etmiş müvafiq notariusa təqdim edir. Bölünmə planı və təqdim olunan məlumat 3 iş günü müddətində Reyestrin internet səhifəsində yerləşdirilməlidir.
Bina tikilən torpaq belə bölünəcək – QAYDA
09:40
29 Dek 2018