Yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının ictimaiyyət üçün təqdimatı keçirilib.
Bakıda adambaşına düşən mənzil sahəsi 25 m2-ə qədər artırılacaq
FED.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, şəhərsalma mütəxəssisləri, memarlar, tanınmış ictimai xadimlər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Təqdimatda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev öz çıxışlarında təqdim edilən sənədin mahiyyəti, konsepsiyası və şəhər həyatında ediləcək dəyişikliklər barədə söhbət açıblar.
Qeyd edilib ki, Baş Plan yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədi olmaqla şəhərin mövcud vəziyyəti və ehtiyaclarının təhlili əsasında müasir şəhərsalma yanaşmaları əsasında tərtib edilib.
Tədbirin davamında Bakı şəhərinin yeni Baş Planına dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatə edən geniş təqdimat nümayiş olunub.
4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir:
şəhərin dayanıqlı inkişafı,
şəhər və ətraf mühitin bərpası,
memarlıq irsinin qorunması,
yeni şəhər iqtisadiyyatı formalaşdırılması.
Belə ki, Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, “hibrid yaşıl dəhlizlərin” yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənədlə bunlarla yanaşı icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.
Bir çox ictimai xadimlərin qatıldığı tədbirdə paytaxtımızın Baş Planının təsdiq edilməsinin təqdirəlayiq hal olduğu, şəhərin inkişafı istiqamətində mühüm əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda qonaqlar tərəfindən dayanıqlı şəhər mühiti, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur və digər mühüm tədbirlər haqqında ətraflı müzakirələr aparılıb. Eyni zamanda qeyd olunan mövzuların vətəndaşların gündəlik həyatına təsiri və əhalinin bütün təbəqələri üçün lazımi xidmətlərə əlçatanlığın təmin edilməsi ilə bağlı müxtəlif sual və təkliflər səsləndirilib.