Dövlət Şəhərsalma və Arxitektura Komitəsi obyektlərin tikintisi və istismarına icazələrin alınması prosesini daha da asanlaşdırıb.
FED.az-a komitədən verilən məlumata görə, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsi üçün “Bir pəncərə” elektron sisteminin əhatə dairəsi genişləndirilir. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron portala yeni xidmət növləri əlavə edilməkdədir.
Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.
Cari ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, bu gün artıq portalın ölkə üzrə əhatə dairəsi genişləndirilir. Ötən aylar ərzində sistem pilot layihə olaraq Lənkəran iqtisadi rayonu (Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad) üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Ardınca mərhələli şəkildə portala digər rayonlar da inteqrasiya edilərək, onların ümumi sayı 56-ya çatdırılıb.
Bundan əlavə, dekabr ayından etibarən portal vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazələrin verilməsi üzrə işlərə başlanılıb.
Portalın təkmilləşdirilməsi nəticəsində istənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır.
Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və 20 gün müddətində baxış keçirilir. Sistem həmçinin xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi də eyni qaydada elektron formada təqdim olunur.
Hazırda bu xidmətdən yalnız Bakı şəhəri üzrə istifadə edilir. Gələn ildən ölkənin bütün rayonlarının bu xidmətdən də istifadə üçün sistemə qoşulması nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, təhsil, tibb, mədəniyyət müəssisələri və sosial xidmət kimi layihələndirilən tikinti obyektlərinə görə hesablanan xidmət haqqının məbləğinə 0,5 güzəşt əmsalı (50% güzəşt) tətbiq edilir.
Komitə sistemin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 2020-ci ildə “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq. Artıq bu istiqamətdə müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil edilir və lazımi hazırlıq tədbirləri görülür.
“Bir pəncərə” elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ASAN Xidmət tərəfindən birgə hazırlanıb. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda son 2 il ərzində 102 pillə irəliləyərək 59-cu yerdə qərarlaşıb.