Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması haqqında Nazirlər Kabinetinin Sərəncamını imzalayıb.
Heydər Əliyev və Ziya Bünyadov arasındakı və Neft Emalı Zavodu ətrafındakı ərazilər yenidən qurulacaq
FED.az xəbər verir ki, sərəncamda qeyd edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə paytaxt Bakı şəhərinin siması əsaslı şəkildə dəyişmiş, şəhər beynəlxalq miqyasda daha geniş tanınmış və turistlər üçün cəlbedici məkanlardan birinə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” (Baş Plan) Bakının müasir şəhərsalma prinsipləri əsasında daha da inkişaf etdirilməsini, rahat və inklüziv yaşayış mühitinin yaradılmasını, sosial və mədəni həyatın inkişafına xidmət edən məkanların formalaşdırılmasını nəzərdə tutur. Baş Plana uyğun olaraq yenidən qurulması nəzərdə tutulan ərazilərin inkişafı üzrə müəyyənləşdirilmiş hədəflər yerli və xarici investorların (investorlar) əlavə marağına səbəb olaraq, konkret investisiya təkliflərinin irəli sürülməsini təşviq etmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov İşçi qrupun rəhbəri təyin edilib.
İşçi qrupun rəhbərinin müavinləri aşağıdakı şəxslərdir:
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İşçi qrupun üzvləri:
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini
Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
İlham Mirzəliyev - “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri
Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
İşçi qrupa tapşırılıb ki,
- investorlar tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirsin;
- şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etsin;
- ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etsin.