Bakı şəhərinin yeni açıqlanan Baş planına əsasən paytaxtın iqtisadi və sosial inkişafı, eləcə də nəqliyyat və sair infrastrkukturu imkanları təhlil edilib.
Bakıda çoxmərtəbəli dayanacaqlar tikiləcək - PLAN AÇIQLANDI
FED.az xəbər verir ki, plana əsasən şəhərin inkişaf istiqamətləri nəzərə alınmaqla paytaxtın bir neçə şərti əraziyə ayrılması təklif olunur. Xatırladaq ki, baş Plan Bakının 2040-cı ilədək inkişafını əhatə edir.
Paytaxtın şərti ərazilərə ayrıliması təklifi ona əsaslanır ki, 2040-cı ildə şəhərdə əhalinin sayı 3 milyon 170 min nəfərə çatacaq ki, bu da indikindən yarım milyon nəfər, daha dəqiqi 542 min nəfər artıqdır.
Əhali artımı nəticəsində Bakıda təqribi hesablamaya görə 142 min yeni mənzilə tələbat yaranacaq. Baş plan müəllifləri hesab edir ki, indiki vəziyyəti nəzərə alanda ciddi dəyişikliklər etmədən bu tələbatı qarşılamaq asan olmayacaq.
Belə ki, hazırda şəhər mərkəzi ilə şəhərətrafı ərazilərin inkişaf səviyyələri arasında ciddi fərqlər var. Bakı şəhərinin mərkəzi tarixi bina strukturu, memarlıq abidələri və abadlaşdırılmış parkları ilə gözəl və xarizmatik paytaxt olsa da, şəhərətrafı ərazilərinin əksəriyyəti zəif inkişaf edib, heç bir estetik cəlbediciliyə malik deyil və bəzən ən sadə ictimai xidmətlərdən belə məhrumdur.
Digər problem ondan ibarətdir ki, indiyədək Bakıda ərazilər plansız inkişaf etdirilib. Şəhərin bir çox ərazilərində tikintilər xaotik aparılıb, ərazilərdən təyinata uyğun istifadə edilməyib, tikintinin sıxlığına nəzarət zəif olub.
Şəhər inkişaf etsə də, yəni tikinti və əhali artsa da, nəqliyyat və kommunal sistem inkişaf etməyib, nəticədə hazırda ictimai nəqliyyat sistemi zəif inkişaf edib. Paytaxtın küçə-yol şəbəkəsi artan tələbatı ödəyə bilmir və şəhərin küçə və yollarında tıxacların yaranması.
Ümumilikdə nəticə belədir ki, şəhərdəki mövcud infrastruktur təqribən 3 milyona yaxın əhalisi olan şəhəri tam təmin edə bilmir.
Bu vəziyyəti düzəltmək, eləcə də şəhərin mərkəzinndəki gərginliyi azaltmaq üçün Bakıda Çoxmərkəzli Ərazi İnkişaf Modeli tətbiq ediləcək, yəni şəhərinin ərazisi şərti olaraq bir neçə yerə ayrılacaq.
Əsas şəhər mərkəzi olaraq Mərkəzi Bakı adlandırılır. Bu ərazi paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Hazırda Bakıda mövcud olan 12 rayondan 6-sı və Qaraçuxur qəsəbəsi Mərkəzi Bakıya aid ediləcək. Bura Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Qaraçuxur qəsəbəsi aiddir. Hazırda Bakıda yaşayan təqribən 2,6 milyon nəfərin 1,45 milyon nəfəri bu ərazinin payına düşür. 2040-cı ilə qədər isə bu ərazidə yaşayanların sayı 1,76 milyon nəfərə yüksələcək.
Göstərilən dövrdə ən çox artım Xətai (təqribən 100 min nəfər), Nizami (87 min nəfər) və Nərimanov (70 min nəfər) rayonlarının payına düşəcək.
Mərkəzi Bakı ərazisindən başqa, Bakıda 2 regional mərkəz və 4 alt mərkəz olacaq.
Regional mərkəzlər kimi, Mərdəkan və Ələt qəsəbələri seçilib. Şərtə görə, regional mərkəzlər Bakıdan 25 km məsafədə yerləşməli və minimum 75 min əhalisi olmalıdır.
Mərdəkan regional mərkəzinə həmin ərazilərdə yerləşən bütün kənd və qəsəbələr aiddir. Bunlar Mərdəkan, Kürdəxanı, Nardaran, Bilgəh, Maştağa, Buzovna, Şağan, Qala,
Şüvəlan, Türkan, Zirə, Gürgən, Pirallahı, Çilov və Neft daşları aiddir.
Mərdəkan son 10 ildə ən yüksək əhali artımının müşahidə olunduğu yaşayış məntəqəsidir. Qəsəbənin nəqliyyat əlaqəsi Mərdəkan şossesi vasitəsilə təmin olunur. 2027-ci ilə planlaşdırılan yeni dəmir yolu xətti (Qala) vasitəsilə ərazinin daha yüksək əlçatanlığa sahib olacağı gözlənilir
Ələt Regional Mərkəzi isə
plana görə, Ələt Azad İqtisadi Zonasının inkişafı onun ətrafındakı yaşayış məntəqələrinin iqtisadi inkişafına təkan verəcək. Bura Ələt, Qobustan və Sanqaçal qəsəbələri aiddir.
Hökumətin planına görə, bu ərazidə gələcəkdə baş verəcək iqtisadi inkişaf – yəni Dəniz Limanının inkişafı və Ələt Azad iqtisadi zonasını nyaradılması ilə əlaqədar olaraq burada əhali sayı artacaq. Amma qəsəbə kiçik olduğu üçün mövcud imkanlar gələcək tələbatın ödənilməsi üçün kifayət etməyəcək.
Yeni iş yerləri hesabına baş verən əhali artımını qarşılamaq üçün Bakının Baş Planda nəzərdə tutulur ki, bu ərazi ən çox tikinti aparılan yerlərdən biri olsun.
Digər mərkəzlər - Hövsan, Sabunçu, Binəqədi və Lökbatan
Bakının baş planına əsasən şəhərdə alt-mərkəzlər də yaradılacq.
Bunlar Zığ-Hövsan, Sabunçu, Binəqədi və Lökbatandır.
Zığ və Hövsan - Bakının şərqində şəhər qapısı rolu oynayan, orta sıxlıqlı yaşayış məhəllələri, sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Hazırda iki yaşayış məntəqəsindən heç biri mərkəz kimi çıxış etmək potensialına malik deyil, lakin iki sahilyanı qəsəbənin birgə inkişafı olduqca perspektivli görünür;
Sabunçu – çoxfunksiyalı (qarışıq-istifadə təyinatlı) yaşayış ərazilərindən ibarət hava limanı şəhəri kimi nəzərdə tutulur. Sabunçu güclü ictimai nəqliyyat əlaqəsinə və əhatə dairəsi hazırda 0,38 milyon nəfər olan xidmət şəbəkəsinə sahibdir;
Binəqədi – şimal qapısı rolunu oynayan, orta sıxlıqlı yaşayış ərazilərindən ibarət mərkəz kimi inkişaf etdiriləcək. Binəqədi alt-mərkəzi şəhərin şimalında Böyükşor gölünün bərpa planı çərçivəsində yaradılan istirahət imkanlarından istifadə etmək imkanı əldə edəcək;
Lökbatan – şəhərin qərb qapısı rolunu oynayan, şərq hissə boyu yaşıl zolağın bir hissəsini təşkil edən logistika (son təyinat mərkəzinə çatdırılma) və istehsal mərkəzi kimi inkişaf etdiriləcək.