Ötən il dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında demək olar ki, bütün göstəricilər üzrə nisbi artımlar qeydə alınıb.
Eləcə də bax: Tikinti materialları bazarında son qiymətlər - ARAŞDIRMA
FED.az xəbər verir ki, bu barədə "Report"a "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.
Onun sözlərinə görə, xüsusilə son üç ay ərzində bazarda dinamiklik yüksəlib: "Oktyabr və noyabr aylarında yaranan aktivlik ilin sonunda qiymətlərə təsir göstərib. Dekabr ayı ərzində təkrar mənzil bazarında qiymət artımı 1,1%, ilkin mənzil bazarında 2,3%, torpaq bazarında 1%, kommersiya obyektlərində isə 0,7% təşkil edib. Dekabr ayında noyabrla müqayisədə bazara müraciət edənlərin də sayında 3%-ə yaxın artım olub. Daşınmaz əmlakın orta ekspozisiya müddəti 4%-ə qədər azalıb.
Dekabr ayı kirayə mənzil bazarında qiymət dəyişməsinin xarakterik olmadığı bir dövrdür. Qış aylarında kirayə mənzil bazarında kəskin qiymət artımı yalnız şəhərsalma ilə əlaqədar bir sıra ərazilərdə söküntü işləri artanda baş verir. Hazırda isə belə bir proses getmədiyi üçün kirayə mənzil bazarında qiymətlər stabildir.
Kommersiya obtyektlərində son dövrlərdə, xüsusilə ucuz kommersiya obyektlərində likvidlik əmsalının artımı müşahidə olunur. Təqribən dəyəri 250 min manatdan aşağı və gəlirlilik dərəcəsi 5% və ondan artıq olan kommersiya obyektlərinin ekspozisiya müddəti aşağı düşüb, likvidliyi isə artıb.
2019-cu ilin dekabr ayında 2018-ci ilin müvafiq dövrü ilə də müqayisədə ayrı-ayrı sahələr üzrə qiymətlərdə artım müşahidə olunub. İlkin mənzil bazarında 13,5%, təkrar mənzil bazarında 9%-dən bir qədər artıq, torpaq bazarında 11%-dən bir qədər çox, fərdi yaşayış evlərində 7,8%, qeyri-yaşayış sahələrində isə 7%-dən yuxarı qiymət artımı baş verib.
Nisbi qiymət artımlarının olmasına baxmayaraq, bütövlükdə bazarı dekabr ayı üçün stabil qiymətləndirmək olar. Bazardakı qiymət dəyişmələri demək olar ki, ümumi iqtisadiyyata adekvat olub.
Rayonlar üzrə mənzil bazarında Nərimanov, Xətai, Binəqədi rayonlarında qitymətlər artıb. Həmin rayonlar üzrə qiymət artımları müvafiq olaraq 2%, 1,1% və 1,6% təşkil edib. Səbail, Nəsimi, Yasamal və Xəzər rayonlarında qiymətlər stabil qalıb. Sabunçu, Pirallahı və Suraxanı rayonlarında isə qiymətlərin nisbi azalması müşahidə edilib. Azalmalar həmin rayonlar üzrə müvafiq olaraq 0,7%, 1,3% və 1,1% təşkil edib.
Araşdırmalar göstərir ki, ilkin mənzil bazarında qiymətlər daha çox şəhər mərkəzinə yaxın olan ərazilərdə artır. Ötən il ərzində bu tendensiya daha çox şəhərsalma və tikinti işləri ilə bağlı bir sıra qərarların qəbulu və inzibati tədibrlərin həyata keçirilməsindən asılı olub. Odur ki, ilin sonuna doğru şəhər mərkəzindəki yeni tikililərdə daha çox qiymət arıtmı meydana gəldi. Lakin tikililər üçün aktiv ərazilər əsasən şəhərin 7-ci zonasından 12-ci zonasına qədər olan yerlər hesab olunur. Məsələn, “Həzi Aslanov”, “Əhmədli”, “Neftçilər”, “Qara Qarayev” metrostansiyalarına yaxın, eyni zamanda mikrorayonlar, Binəqədi və Biləcərinin bəzi ərazilərində, həmçinin Xırdalan, Masazır kimi ərazilərdə yeni tikililərə tələbat daha çoxdur. Amma ilkin mənzil bazarında qiyməti konkret olaraq tələb və təklif faktoru müəyyən etmədiyinə, bu proses investorların nəzarətində olduğuna və qiymət siyasətini bilavasitə onlar həyata keçirdiyinə görə şəhər mərkəzində qiymətlərin daha çox artımı müşahidə olunub".